Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / AXCP Elçibəyə yönəlik ittihamlar qarşısında niyə susur?

AXCP Elçibəyə yönəlik ittihamlar qarşısında niyə susur?

Son günlərdə Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyə qarşı səslənən ittihamların ardı-arası kəsilmir. Doğrudur, 1993-cü ildən üzü bu yana hər il 4 iyun ərəfəsində belə ittihamların şahidi oluruq. Bu il də vəziyyət eyni cürdür…

Azadlığa çıxdıqdan sonra ittiham kampaniyasına start verən, meydan hərəkatının öncül isimlərindən olan Nemət Pənahlının Elçibəy barədə dediklərinin ardından müxtəlif şəxslər bu kampaniyaya qoşuldular. Son olaraq da Amerikada mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyev və sabiq MTN zabiti İlham İsmayıl mərhum prezidenti tənqid atəşinə tutdular. Doğrudur, ölkənin müxalif camiəsinin çoxu bu fikirlərin əleyhinədir. Bunu sosial şəbəkələr və mətbuatda gedən yazılardan hiss etmək olur.

Amma maraqlıdır ki, son iki aydakı proseslərdə Əli Kərimlinin rəhbərlik etdiyi AXCP susqunluq nümayiş etdirir. Bu AXCP-dir ki, özlərini Elçibəyin Azərbaycanda yeganə varisləri sayırlar. Bu ada sahib çıxmaq istəyən hər kəsi düşmən gözündə görürlər. İndi nədənsə susmaqla çarəsiz durumda olduqlarını büruzə verməyə başlayıblar. Amma çarəsizlik nədir, bu başadüşülən deyil. N.Pənahlının ittihamlarına susqunluq nümayiş etdirmələrinə belə don geyindirdilər ki, Əli Kərimli ilə N.Pənahlı qonşudur, eyni binada yaşayırlar.

Bəs indi? Nə R.Quliyev, nə də İ.İsmayıl AXCP sədri ilə nəinki qonşudur, siyasi münasibətləri belə normal deyil. O zaman bir sual meydana çıxır: Elçibəyə yönəlik ittihamlar qarşısında AXCP niyə susur?

Elçibəysevərlərdən olan yazıçı-publisist Mehriban Vəzir AXCP-nin susqunluğuna belə aydınlıq gətirdi: “Elçibəyin varisləri məsələsi tamam başqadır. Biz Rəsulzadədən fəxrlə danışarkən, Elçibəyin onun varisi olduğunu deyirik. Elçibəyin də varisi demokratik çevrəni birləşdirən, bir araya gətirən və Elçibəy ideyalarını həyata keçirən bir lider olacaq. Bu baxımdan hələ ki onun varisi söhbəti gedə bilməz. Onun varisinin kim olduğunu tarix göstərəcək. Amma təbii ki, milli azadlıq hərəkatından, eləcə də Elçibəy komandasından çıxan hər bir şəxsin bu məsələlərdə mövqe bildirməsi çox vacibdir.

Elçibəyi ittiham edənlərin bir cəbhə açmalarına münasibətim belə olacaq: Dünya durduqca, dahilər mühakimə olunurlar. Çünki onlar diridirlər. Əgər ölsəydilər, çoxdan unudulmuş olardılar. Elçibəy heç vaxt unudulmayacaq, onun qiymətini tarix verib. 3-5 şəxsin ağzına gələni deməsi heç nəyi dəyişməyəcək. Amma bunun ictimai zərəri var. Zərər ondan ibarətdir ki, bu fikirlər cəmiyyətin toparlanmasına imkan vermir. Çünki Elçibəyi ittiham edənlər cəmiyyət daxilində müəyyən qədər tanınmış şəxslərdir. Onların dedikləri qıcıq oyadır.

Bu, sistemlərin savaşıdır, fərdlərin savaşı deyil. Burada maraqlı qüvvələr var. Rəsulzadəni bilmək milli kimlikdir. Eləcə də Elçibəyi. Onu da anlamaq, idrak etmək lazımdır. Kimsə anlamırsa, nəsə demək çətindir. Elçibəy barədə ittihamlara kimsə cavab vermirsə, onlara heç bir cavabım yoxdur. Çünki onun varisi hələ ki məlum deyil. Zaman göstərdi ki, Rəsulzadənin varisi Elçibəydir. İnsanlar gərək bu məsələdə özlərində borc hiss etsinlər. Elçibəyin müdafiəyə ehtiyacı yoxdur. Amma biz bu ehtiyacı duyuruq. Əgər insan haqqı söyləməyə ehtiyac duymursa, ona daha biz nə deyə bilərik”.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın