Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / AXCP-də gülənçi həbsləri: Əli Kərimlinin köməkçisi nədə ittiham olunur?

AXCP-də gülənçi həbsləri: Əli Kərimlinin köməkçisi nədə ittiham olunur?

Səadət Bənəniyarlı: “Prosesləri diqqətlə izləyirik”

Azərbaycanda Fətullah Gülən tərəfdarlarına cinayət işi açılması və bununla bağlı həbslər artır. Əvvəlcə gülənçi olduğu iddia edilən AXCP-nin Xətai rayon Gənclər təşkilatının sədri Fuad Əhmədli, ardınca da, avqustun 20-də isə AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli saxlanılıb. F.Əmirovun evində axtarış da aparılıb. O, Nərimanovdakı müvəqqəti saxlanma t?cridxanasına aparılıb. Bu barədə vəkil Aqil Layıcov məlumat verib.
 
 “Əmirova qarşı hansı ittiham irəli sürülürsə sürülsün, bu, əsassız olacaq. Baş verənlər şəxsən mənə və partiyaya qarşı yönəlmiş sürətli repressiya kampaniyasının bir hissəsidir” deyə AXCP lideri Əli Kərimli “Turan”a bildirib.
Qeyd edək ki, avqustun 19-da Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.
APA-nın xəbərinə görə, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, “Bakcell LTD” MMC-də əsas şəbəkə üzrə baş mühəndis vəzifəsində işləyən Şahin İsrayılov, “Azerfon” MMC-də “Zənglər mərkəzi”ndə operator vəzifəsində işləyən Fuad Əhmədli, “Azercell Telecom” MMC-nin müştəri xidmətində operator vəzifəsində işləyən Etibar Musayev ölkə ərazisində mobil rabitə xidmətləri göstərən həmin şirkətlərdə işə başladıqları vaxtdan 18 avqust 2016-cı ilədək olan müddət ərzində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Vüqar Qasımovun və digər şəxslərin müraciətləri əsasında qanunsuz olaraq mütəmadi surətdə həmin mobil operatorların çoxsaylı abunəçilərinə dair fərdi məlumatları, o cümlədən abunəçilərin anket məlumatlarını, zəng tarixçələrindən çıxarışları, antenalar üzrə vətəndaşların olduqları yerlər və yerdəyişmələri və sair qapalı məlumatları çıxararaq, SMS yazışmaları və müxtəlif gizli üsullarla Vüqar Qasımova və digər şəxslərə ötürdükləri, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurduqları müəyyən edilib.
Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.
İsrayılov Şahin İsrayıl oğlu, Əhmədli Fuad Zəfər oğlu, Musayev Etibar İmamqulu oğlu və Qasımov Vüqar Şəmistan oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onların yaşadığı ünvanlarda keçirilmiş baxış zamanı qanunsuz fəaliyyətlərinə dəlalət edən maddi sübutlar aşkar edilərək götürülüb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xətai rayon Gənclər təşkilatının sədri olduğu müəyyən edilmiş Fuad Əhmədlinin yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat və CD disklər, Fətullah Gülənin çıxışları olan vərəqələr, “Gülən camaatı” adlandırılan qrupun üzvləri, “Hizmət imam”ları adlandırılan şəxslər və onların qarışılıqlı əlaqələrinə dair sənədlər, Vüqar Qasımovun yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarının şəxsi sənədlərinin surətləri, onun adına rəsmiləşdirilmiş xeyli sayda mobil telefon nömrələri və qanunsuz fəaliyyətinə aid digər əşyalar aşkar edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Gülən tərəfdarlarının siyasi çevrədə də axtarılması müxtəlif fikirlərin meydana çıxmasına səbəb olub. Demokratik düşərgəyə daxil olan şəxslər hökumətin Gülən məsələsini bəhanə edib, siyasi opponentlərini həbs etdiklərini iddia edirlər. Qarşıdakı günlərdə də bu prosesin davam edəcəyi istisna olunmur. Hüquq müdafiəçilərinin hazırda cərəyan edən bu proseslərdə susqun görünmələri bəzi suallar yaradır. Onların gülənçi adı ilə həbs olunan müxalifətçiləri müdafiə edib-etməyəcəkləri sual doğurur. 
“Yeni Müsavat”a açıqlamasında hüquq müdafiəçisi Səadət Bənəniyarlı prosesləri yaxından izlədiklərini bildirdi: “Gedən prosesləri diqqətlə izləyirik. Bu barədə  indidən nəsə demək çox çətindir. Çalışırıq ki, bu şəxslərin doğrudan da gülənçi olub-olmadıqlarını, bunun qanunvericiliyimizə zidd olub-olmamasını, eləcə də, həbs edilərkən onlarla olan davranışları araşdıraq. Hüquqlarının pozulduğu üzə çıxarsa, bu barədə rahat danışmaq mümkündür. Hələ ki, ümumi fikirlər deyilir. Azərbaycanda kimlərin gülənçi olduğu dəqiq deyil”.
 

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın