Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / AXCP adı uğrunda məhkəmənin günü müəyyənləşdi

AXCP adı uğrunda məhkəmənin günü müəyyənləşdi

Razi Nurullayev: “Əli Kərimli onsuz da partiyanı məhv etmişdi”
Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilində aylardır davam edən qarşıdurma artıq yeni mərhələyə qədəm qoyub. Ədliyyə Nazirliyinin qurum daxilindəki Razi Nurullayev və Əli Kərimli qanadını AXCP kimi tanımamasından sonra tərəflər məhkəməyə müraciət ediblər.

Artıq məhkəmənin günü bəlli olub. Bu ayın 28-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ilkin hazırlıq iclası keçiriləcək.

Bu barədə müsavat.com-a yeni AXCP-nin sədri Razi Nurullayev məlumat verib: “Hazırda partiyanın indiki durumu, ictimai rəydə yeri, Ədliyyə Nazirliyinin cavabı və qarşıda duran məhkəmə ilə bağlı heç bir narahatçılığımız yoxdur. Partiya quruculuğumuz davam edir. Gördüyümüz işlər göz qabağındadır. Siyasi fəallığımızı davam etdiririk. Təbii ki, biz hər şeyin qızıl məcməyidə qarşımıza gətirilməsinin tərəfdarı deyilik. Siyasətdə olanların əksəriyyəti çətinliyə öyrəşmiş insanlardır. Biz inanırıq ki, nə qədər ağır olsa da məhkəmə prosesini uğurla aparacağıq. İstədiyimizə nail olacağıq.

Buna zərrə qədər şübhəmiz yoxdur. Deyilən məsələlərin heç biri biz də narahatçılıq yaratmır. Yaşadığımız bəzi problemlərlə yanaşı ciddi uğurlarımız da var. Qısa zaman kəsimində ölkədə bir nömrəli siyasi qurum olmağı bacardıq. Bu gün də proseslərimiz davam edir. Cəmiyyətə ciddi mesajlar verə bilirik. Əvvəllər köşə yazarları, bloggerlər yazılarında cəmiyyətin yeni simalara ehtiyacının olması barədə fikirlər səsləndirirdilər. Artıq fəaliyyətimizdən sonra cəmiyyət qəbul edib ki, siyasət yenilənməlidir. Hər kəs inanır ki, yeni nəfəs siyasəti gücləndirəcək. Bunun özü ciddi uğurumuzdur”.

R.Nurullayev cəmiyyət arasında AXCP-nin parçalaması ilə bağlı gəzən söz-söhbətlərə də toxundu: “Əli Kərimlinin son illərə qədər rəhbərlik etdiyi AXCP-nin ölkəmizdə ən güclü siyasi partiya olması ilə bağlı səsləndirilən bəzi fikirlərdə həqiqətlər ola bilər. Çünki AXCP daim proseslərin önündə olmağa çalışan qurum olub. Amma partiyanın zəifləməsini və sıradan çıxmasını Razi Nurullayev təşkil etmədi. Onu Əli Kərimli bilərəkdən, ağlı başında olmaq düşüncəsi ilə vermiş oldu. Çünki cəmiyyət yenilik istəyirdi. Digər siyasi partiyalarda dəyişikliklər olmuşdu. Müsavat Partiyasında İsa Qəmbər başqanlıqdan getmişdi. Orada cəmiyyət kifayət qədər maraqlı seçki prosesinin şahidi olmuşdu. Ondan öncə Etibar Məmmədov istefa vermişdi. Lalə Şövkət partiyadan getmişdi. Bundan əlavə, 2013-cü ilin prezident seçkilərindən sonra Sərdar Cəlaloğlu sədrlikdən getmək istəmişdi. Artıq cəmiyyətə bu çağırış var idi. Buna baxmayaraq, görünürdü ki, Əli Kərimli sədrlikdən getmək istəmir. Hər bir zamanda onun sədrlikdə qalmasına qarşı çıxan şəxsləri də bir-bir partiyadan uzaqlaşdırmağa başladı. Bu proses partiyanı çökdürdü. AXCP 10 sıra qabaqda idisə, hər çıxarılan şəxsə görə iki sıra gerilədi. Sonda partiya sıfır vəziyyətinə gəldi. Bu fəlakətləri görərək biz meydana çıxdıq. Şükürlər olsun ki, partiyanı xilas edə bildik. Əli Kərimli onsuz da AXCP-ni məhv etmişdi. Biz yenidən şəkilləndirdik, formalaşdırdıq. Artıq partiya yeni formatda sürətlə inkişaf edir”.

Yeni AXCP-nin sədri bu ayın 28-də keçiriləcək məhkəmə prosesinə də toxundu: “Məhkəmənin vaxtı artıq müəyyən olub. Bu ayın 28-də olacaq. Hüquqşünaslarımız prosesə ciddi hazırlaşırlar. Məhkəmə çəkişməsi bir müddət davam edə bilər. Yaxın bir neçə ayda bu məsələnin kökündən həllini gözləyirəm”.

Sonda Razi bəy dekabrın 8-də Beynəlxalq Mətbuat Mərkəzində insan hüquqları ilə bağlı keçirəcəkləri tədbirdən söz açdı: “Dekabrın 8-də saat 12-də ”Beynəlxalq İnsan Hüquqları Günü” ilə bağlı BMM-də dəyirmi masa keçirəcəyik. Bu gün bütün dünyada insan hüquqları günü kimi qeyd olunur. Tədbirdə Azərbaycanda insan hüquqları sahəsindəki vəziyyət, siyasi məhbuslar və söz azadlığı müzakirə ediləcək. Eyni zamanda İran, İraq və Suriyadakı soydaşlarımızla bağlı ümumi vəziyyət, türkmənlərin son durumu və Avropadakı miqrantlar məsələsi də geniş müzakirə olunacaq”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın