Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Karantindən sonra ictimai nəqliyyatda nələr baş verə bilər?

Karantindən sonra ictimai nəqliyyatda nələr baş verə bilər?

Koronavirusun yayılması ilə əlaqədar olaraq ictimai həyatın müxtəlif istiqamətlərində, o cümlədən ictimai nəqliyyatda izolyasiya qaydaları tətbiq olunub. İnsanların zəruri olmayan hallarda evdən çıxmalarına məhdudiyyətlər qoyulub və avtobuslardan minimum həddə istifadə etmələrinə çağırışlar edilib. Eyni zamanda 31 mart saat 22:00-dan etibarən metro xətlərinin fəaliyyəti dayandırılıb. 

Bəs görəsən virus təhlükəsi aradan qalxdıqdan sonra, bütün bu qadağaların ləğv edilməsi postkoronavirus dövründə ictimai nəqliyyat sektorunda hansı öyrəşmədiyimiz dəyişikliklərə yol aça bilər? Nəzərə alsaq ki, hazırda uzun müddətdir ki, evdə olan, küçəyə çıxmaqdan özünü təcrid edən əhali, həsrətlə karantin müddətinin bitməsini və Bakı küçələrində gəzməyi arzulayır, bu baxımdan karantin müddətinin bitməsi və koronovirus təhlükəsinin sovuşması paytaxtda ictimai nəqliyyatın fəaliyyətində hər hansı çətinliklər yarada bilərmi?Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev bu istiqamətlərdə Qaynarinfo-ya açıqlamasında bildirib ki, karantin qadağaları birdən-birə deyil, tədricən aradan qaldırılmalıdır:
“Məsələn, əvvəlcə metro açılmalı, bəzi iş yerlərinin fəaliyyəti bərpa edilməli, evdən çıxma məhdudiyyətləri tədricən aradan qaldırılmalıdır. Dövlət birdən-birə bütün məhudiyyətləri aradan qaldıra bilməz. Qadağaların birdən-birə aradan qaldırılması xoşagəlməz nəticələrə yol açar. Birdən-birə böyük bir insan kütləsi küçələrə çıxsa, bu, epidomoloji vəziyyəti çətinləşdirə bilər”. 
Ekspert qeyd edib ki, postkoronavirus dövrünün ilkin mərhələsində ictimai nəqliyyat tam qüvvəsi ilə fəaliyyət göstərməlidir:
“Karantin dövründən sonra ictimai nəqliyyat setorunda da ilk diqqətə gələn məqam metronun açılmağıdır. Metro açılsa maksimum intensivliklə işləməlidir. Düşünürəm ki, metroda maksimum dərəcədə vaqonların tam dolmaması təmin edilməlidir. İlkin mərhələdə metroda qatarların əvvəlki kimi tam dolu gedib-gəlməsinə imkan vermək olmaz. Ekspress xətlər də ilkin mərhələdə fəaliyyətini davam etdirməlidir. Çünki biz müntəzəm fəaliyyət göstərən avtobusların və metro qatarlarının tam dolmasına maneə olmalıyıq. Bunun üçün metro və avtobuslar paralel şəkildə fəaliyyət göstərməlidir. Bakı Nəqliyyat Agentliyinin verdiyi məlumata görə başqa müntəzəm xətlərdə heç bir dəyişiklik olmayıb. Ola bilsin ki, bəzi marşrutlarda intervallar uzadılıb və hərəkətin intensivliyi azalıb. Karantin tədbirləri aradan qalxdıqca ictimai nəqliyyat sektoru tam güclə işləməlidir ki, avtobus və metrolarda sərnişin sıxlığı olmasın”. 
“Eskpres avtobuslardan istifadə edilməsinin çox yaxşı bir təcrübə olduğunu düşünürəm. Bu təcrümə digər istiqamətlərdə də tətbiq oluna bilər. Ekspress avtobuslar bundan əvvəl yalnız hava limanı və metronun “28 May” stansiyası arasındakı məsafədə fəaliyyət göstərirdi. Düşünürəm ki, postkoronavirus dövründə sərnişin dövriyyəsi böyük olan bir neçə istiqamətlərdə də ekspress avtobuslar işləyə bilər. Ekspress avtobuslar daha az dayanacaqda dayanır və müvafiq olaraq  hərəkət sürəti də yüksək olur”, – deyə H.Abdullayev əlavə edib.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …