Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / “Avropada DAK-ın fəaliyyəti hiss olunmur” – MÜSAHİBƏ

“Avropada DAK-ın fəaliyyəti hiss olunmur” – MÜSAHİBƏ

Elxan Mirhəşimli: “Son dəfə İstanbulda toplantı keçirdi, Hollandiyadan bir nəfər görmədim orada”

Bu günlərdə vətəndə olan Hollandiya “Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli ilə çay süfrəsində söhbət elədik. Hollandiyada yaşayan azərbaycanlıların ictimai həyatından, ölkəmizin, xalqımızın başına gətirilən müsibətlərin bu Avropa dövlətində tanıdılması yollarından – çox məsələdən danışdıq. Hətta o qədər uzun çəkdi söhbətimiz ki, danışdıqlarımızı bacardıqca yuvarlaqlaşdırıb, siz oxuculara təqdim edirəm. Buyurun, siz də söhbətimizə şərik olun:

– Hollandiyada yaşayan azərbaycanlılar, təxminən, 18 min nəfərdir ki, onun da yarısı Şimali, yarısı Güney Azərbaycandan gələnlərdir. Onu da deyim ki, Şimalı təmsil edənlər SSRİ dağılandan sonra ora köçüblər. Hətta bir hissə azərbaycanlı adı ilə Hollandiyada məskunlaşan ermənilər də var.
– Nə əcəb Hollandiya hökuməti qəbul edərkən onları ifşa etməyib?
– Hollandiya çox humanitar ölkədir, haradan gəlməsinə baxmayaraq, əgər müharibədən əziyyət çəkibsə, insani hüquqları pozulubsa, mütləq onlara dəstək verir, öz ərazisində yerləşdirir və sair. Ermənilər də bundan istifadə ediblər. Özü də adımızdan istifadə etmələri bir yana, xislətlərinə uyğun olaraq orada da oğurluq edirlər, cinayət törədirlər və bu da azərbaycanlıların adına xələl gətirir. Yeri gəlmişkən, Hollandiyada statistika göstərir ki, ölkədə ən çox oğurluq edənlər azərbaycanlılardır. Amma biz sübut etdik ki, xeyr, həmin oğrular, əslində, ermənilərdir.
– Türklər də çoxdur orada…
– Türk qardaşlarımız İkinci Dünya müharibəsi illərindən – 70 ildən artıqdır, Hollandiyada məskunlaşıblar və bu səbəbdən də daha yaxşı təşkilatlanıblar. Bizimlə müqayisədə holland xalqına inteqrasiya olunublar. Sayları 450 minə yaxındır və aralarında çox sayda İqdır azərbaycanlıları da var.
– Rusiyada yaşayan soydaşlarımız daha çox ticarətlə məşğul olduqlarından, həmişə diaspordan söz düşəndə gözlərimizdə ilk olaraq bazarlar canlanır. Bu mənada, Hollandiyadakı soydaşlarımızın durumu nə yerdədir?
– Hər sahənin nümayəndəsi var – həkimi də, ziyalısı da, işadamı da, hətta mənim kimi Azərbaycanı təbliğ etmək məqsədilə təşkilat açanları da. Bilirsiniz, SSRİ dağılan vaxtlar Azərbaycanda iş tapa bilməyən ziyalı təbəqəsinin xeyli nümayəndəsi Hollandiyaya üz tutub və bu səbəbdən, oradakı soydaşlarımızın əksəriyyəti savadlı, dünyagörüşlü insanlardır.
– Ümumiyyətlə, Hollandiyada əcnəbilər çoxdur?
– Bəlkə də ən az bizik – 18 min nəfər. Bayaq da dedim: 450 min türk var, 1 milyon mərakeşli yaşayır və sair. Ruslar, ukraynalılar, Afrikanın digər ölkələrindən gələnlər və sair də az deyil.
– Nəzərə alsaq ki, mərakeşlilər müsəlmandır, bəlkə bu amildən yararlanıb, onlardan milli məsələlərimiz naminə

istifadə edək. Siz nə düşünürsünüz bu barədə?
– Onların öz təşkilatları var, öz məscidlərində dua edirlər, biz isə türk camelərində. Amma mümkündür ki, mərakeşəsilli ərəblərlə məscidlərdə dua edərkən bərabər olaq. Təəssüf ki, hələlik onlarla əməkdaşlıq münasibətimiz yoxdur. Bu məsələnin üzərində işləməyə dəyər, çalışmaq lazımdır. İslam adı altında yox, sadəcə, başqa bir formada əlaqə qura bilərik. İndi Avropada İslamın elə mənfi obrazı yaradılıb ki, bu ad altında nəsə iş görmək narahatlıq yaradar. Əslində, fərdi formada ərəblərlə, xüsusilə iraqlılarla münasibətlərimiz var. İraq türkmənləri ilə sıx əməkdaşlıq içindəyik. Çünki ən azından, onları bizimlə dil birləşdirir. Onlar Hollandiyada həmişə deyirlər ki, Azəri soyundandırlar. Sonra da vacib deyil ki, əlaqə qurmaq istədiyimiz təşkilat mütləq müsəlmanların olsun. Məsələn, biz Hollandiyadakı rus və yəhudi icmaları ilə tez-tez görüşür, müzakirələr aparırıq. Məqsədimiz bu uzaq Avropa ölkəsində Azərbaycanı tanıtmaqdır və bu müstəvidə bütün mümkün variantlardan istifadə edilməlidir.

– Səfirliyimizlə necədir əlaqələriniz?
– Normaldır. Respublika Günü, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı keçirdiyi tədbirlərə bizi də dəvət edir. Yeni səfir gələndən sonra, bu bayramlarda Hollandiya azərbaycanlıları bir araya gətirilir – alqışlanası haldır. Özü də həmin tədbirlərdə Azərbaycandan bəhs olunur, milli musiqimizdən parçalar səsləndirilir, mətbəximizdən təamlar verilir və sair. Bu da bir növ, xalqımızı tanıtmaq üçün fürsətdir. Doğrudur, əvvəlki səfir Fuad İsgəndərov yerli diaspor təşkilatları ilə daha sıx əməkdaşlıq edirdi, amma indiki də normaldır – öz çərçivələrində işləyirlər.
– Türk diaspor təşkilatları ilə təmaslarınız necədir? Milli məsələlərdə vahid cəbhədə yer ala bilirsiniz?
– Bizim Hollandiyada 5-6 diaspor təşkilatımız varsa, türk qardaşlarımız artıq lobbiçilik fəaliyyəti ilə məşğuldurlar. Türklər bu gün öz nümayəndələrini millət vəkili seçdirməyə çalışırlar. Amma təəssüf ki, bir çox türk təşkilatı bizimlə sözdə həmrəylik nümayiş etdirsə də, hansısa tədbir keçirəndə gözə dəymirlər. Hansısa bayramda, məsələn, bu günlərdə qeyd etdiyimiz Bayraq Günündə mən görmədim ki, türk təşkilatı adicə facebook səhifəsində Azərbaycan Bayrağının şəklini yerləşdirsin və ya bu barədə iki kəlmə yazsın. Amma Azərbaycan diaspor təşkilatları olaraq, biz hər zaman onların yanındayıq. Adicə sosial şəbəkələrdə ya Atatürkün şəklini paylaşırıq, ya Türk Bayrağına bürünürük, şanlı statuslar paylaşırıq və sair. Bu da məncə, ondan qaynaqlanır ki, uzun illər ərzində SSRİ-də yaşadıq və rusları özümüzə böyük qardaş bildik. Görünür, bu psixoloji vəziyyətdən çıxa bilmirik, indi də türklərə böyük qardaş sevgisi ilə yanaşırıq. Yenə deyirəm, dilimiz bir, canımız birdir – öz millətimizdir, amma əməli işə gələndə onlar da bizi dəstəkləməlidrlər. Düzdür, “erməni soyqırımı” tədbirləri ərəfəsində birgə mitinq və nümayişlər keçirilir. Bu da daha çox öz maraqlarına uyğundur deyə, əməkdaşlıq edirlər. Azərbaycanın milli bayramlarında və ya faciəvi günlərində türk mediasından kimisə görmədim ki, nəsə bir şey yazsın. Yeri gəlmişkən, Hollandiyada bir neçə türk qəzeti-filan var.
– Bəlkə üzdə olan türk təşkilatlarının rəhbərləri ilə yığışıb, bir yerdəcə bu anlaşılmazlıqları müzakirə edəsiniz. Məncə, müsbət nəticə verər…
– Hollandiyada Türk Federasiyası fəaliyyət göstərir, hansı ki mən şəxsən onun işindən qəti narazıyam. Mən federasiyanın sədrinə dəfələrlə demişəm ki, hansısa tədbiriniz olanda bizi də çağırın, iştirak edək, amma dəvət etmirlər. Bu qurumun Hollandiyadakı türk təşkilatlarını özündə birləşdirməsinə baxmayaraq, heç onların da saytında Azərbaycanla bağlı nəsə bildiriş-filan yerləşdirilmir. Türklər bir addım atan kimi, biizm media onlardan xəbərlər dərc edir. Amma heç vaxt görmədim ki, hansısa türk jurnalist bizdən nəsə yazsın. Bəzən özüm müraciət ünvanlamışam, heç cavab da verməyiblər. Səbəbini bilmirəm, əgər qardaşıqsa, münasibətlərimiz qarşılıqlı olmalıdır.
– Dövlət Komitəsi ilə necə işləyirsiniz? Nazim İbrahimovun idarəsini deyirəm…
– Sözün düzü, şəxsən rəhbəri olduğum təşkilat onlardan elə bir maliyyə dəstəyi-filan almayıb və heç müraciət də eləməmişəm. Belədə pis deyil əlaqələrimiz, biz müstəqil təşkilatıq, öz xəttimiz, öz yolumuz var. Sonra da ki mənim deyil, komitənin marağında olmalıdır ki, gəlib bizimlə işləsinlər. Özü də tək komitə deyil, ümumiyyətlə, Azərbaycanın heç bir hökumət və ya qeyri-hökumət təşkilatı diaspor fəaliyyətimizi genişləndirməyimiz üçün bizə yardım göstərməyib. Siz də bilirsiniz ki, maliyyəsi olmayan heç bir təşkilat daha təsirli nəticə verəcək layihələrini həyata keçirə bilməz.
– Bəs DAK nə edir?
– Mən nə DAK görmüşəm, nə də onunla əlaqəmiz olub. Son dəfə İstanbulda toplantı keçirdi, Hollandiyadan bir nəfər görmədim orada. Dəvət etsəydilər, biz də gələrdik, fikirlərimizi deyərdik, amma çağırmadılar. Belə başa düşdüm ki, istədikləri adamları çağırıb, şəkil çəkdirib paylaşdılar ki, tədbir keçirilib. Doğrudan da DAK dünya azərbaycanlılarını təmsil edirsə, niyə Hollandiyadan bir nəfər yox idi orda? Biz elə bir qurum tanımırıq.
– Bəlkə zamanıdır, DAK-ı əvəz edən və tam işlək bir təşkilat formalaşdırasınız ki, ən azından, Avropadakı çox sayda diaspor təşkilatlarını vahid hərəkət etmək üçün əlaqələndirsin?
– Vallah, DAK bəlkə də əvvəllər olub, amma son illər Avropada belə bir qurumun fəaliyyəti hiss olunmur. Avropada öz-özünü idarə edən və digərləri də sıx inteqrasiya əsasında çalışan diaspor təşkilatlarımız yetərincədir. Milli maraqlar müstəvisində, o cümlədən Qarabağ münaqişəsinin həlli, Xocalı soyqırımı kimi məsələlərdə diaspor təşkilatları yekdil fikirdədirlər. Məncə, ayrıca bir təşkilat yaratmaq, ona ofis tapmaq, xərclər çəkmək və sairə ehtiyac yoxdur. Dövlət Komitəsi var və o, diaspor təşkilatlarını əlaqələndirmək işini normal yerinə yetirir. Sadəcə, strategiya hazırlamaq və onun əsasında işləmək lazımdır.
– Azərbaycanı daha yaxşı tanıtmaq üçün diaspor təşkilatları nə etməlidir?
– Məncə, bu, yaxşı vasitədir tanıtmaq üçün. Açıq desəm, Xocalı soyqırımının daha yaxşı tanıdılmamasının səbəbi odur ki, biz bu müstəvidə keçirdiyimiz tədbirlərə, adətən, özümüz yığışırıq. Hansı ki, bu tədbirlərə keçirildiyi ölkənin jurnalistləri, millət vəkilləri, siyasətçiləri, ictimai fikrə təsir edən şəxslər dəvət olunmalıdır; məsələn, ilin əvvəlində – fevralın 25-də biz Hollandiyada Xocalı soyqırımına dair tədbir keçirdik və ora holland siyasətçiləri, tanınmış ictimai xadimləri, hətta tirajlı qəzetlərin müxbirlərini dəvət etdim. Bir nəfər də olsun azərbaycanlı və ya türk çağırmadım. Çünki onlar onsuz da Xocalı barədə bilirlər. Şəxsən iştirak etdiyim bir neçə belə tədbirdə görmüşəm ki, qonaqların hamısı azərbaycanlıdır və ya türkdür. Soruşmuşam ki, niyə holland yoxdur? Hərə bir cavab verib. Guya çağırıblar, gəlməyib və sair. Bilirsiniz, tədbirdən bir neçə ay əvvəl gərək təbliğat aparıla, gələcək dəvətlilər bu barədə məlumatlandırıla. Adam gedəcəyi tədbirin mahiyyətini bilməlidir ki, orada iştirak eləsin. Əgər tədbirdə birinci dəfə 10 holland iştirak eləsə, gələn dəfə 20-si gələcək. Bir dəfə Xocalı soyqırımı ilə bağlı tədbir keçirirdim. Amma nə oldu? Dedilər başqa bir yerdə keçirilən eyni formatda tədbirdə iştirak üçün Azərbaycandan iki millət vəkili gəlir – Zahid Orucla Sahib Aliyev. Hollandiyada yaşayan bütün azərbaycanlılar onları mənim tədbirimdən üstün tutaraq getdilər ora. Həmin tədbiri adını unutduğum türk təşkilatı təşkil eləmişdi. İnanın ki, orada bir nəfər də olsun Hollandiya ictimaiyyətindən nə rəsmi, nə də qeyri-rəsmi kimsə var idi. Tədbirboyu da başladılar həmin deputatlarla şəkil çəkdirib, sosial şəbəkələrdə paylaşmağa. Sonra da Azərbaycan mediasında xəbərlər yayıldı ki, Zahid Orucla Sahib Alıyevin qatıldığı tədbir holland ictimaiyyətini ayağa qaldırıb. Təsəvvür edin, tədbirdən sonra – saat 7-də, üstəlik, qışın qaranlığında bir dəstə getdi Ermənistan səfirliyinin qarşısına. Toplaşıb, şəkil çəkdirib qayıtdılar. Elə vaxtda ki, səfirlikdə heç kim yox, ümumiyyətlə, küçədə ins-cins gözə dəymirdi. İndi siz deyin, həmin aksiyanın mənası nə idi, kimə lazım idi? Sonra da burada media yazdı ki, millət vəkillərimiz Hollandiyadakı erməni səfirliyinin qarşısında mitinq təşkil edib. Gecənin soyuğunda. Özü də yağış yağırdı, kim gördü onların ora toplaşmasını, heç kim. Bütün bu kimi tədbirlərə yerli ictimaiyyətin söz sahibləri dəvət olunmalıdır ki, tanıdılsın dərdimiz. Yoxsa özləri yığışıb çay içirlər, söhbət edirlər. Sonda da xatirə şəkli çəkdirib dağılışmaqla, öz-özümüzü aldatmamalıyıq…

Vüsal Tağıbəyli

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın