Ana səhifə / Sosial / Avropa təşkilatından sensasion ittiham – Azərbaycanda “patı” laboratoriyaları var?

Avropa təşkilatından sensasion ittiham – Azərbaycanda “patı” laboratoriyaları var?

Avropa İttifaqının Narkotiklərə Nəzarət Agentliyinin 2018-ci ildən Azərbaycanda metamfetamin və digər bu kimi sintetik narkotiklərin istehsalının artması ilə bağlı hesabat yayıb.

Ötən il dünyada təxminən 275 milyon insan narkotik vasitələrdən istifadə edib. 36 milyon insan isə narkomaniyanın törətdiyi fəsadlardan əziyyət çəkib. Onlardan 13 milyonu narkotikdən asılı olan insanlardır. Bu siyahıya əsasən ağır sintetik maddələrdən istifadə edən insanlar daxildir. Onların da yarısı gənclərdir.

21-ci əsrin bəlası olan, “ağ ölüm” adlandırılan narkomaniya problemi bütün dünyada olduğu kimi, Azərbaycandan da yan keçməyib. Ölkəmizdə bununla bağlı görülən tədbirlərə baxmayaraq, problemin qarşısını hələ də tam almaq mümkün olmayıb.

Azərbaycanda son zamanlar “populyarlaşan”, əsl adı metanfetamin olan “patı” gəncləri ölümə sürükləyən və ən çox yayılan sintetik maddədir. Bu maddədən ilk dəfə İkinci Dünya müharibəsi zamanı alman əsgərləri yatmamaq və aclığa dözmək üçün istifadə ediblər.

Qeyd edək ki, “patı”nın ölkəmizdə və dünyada sürətlə yayılmasına səbəb daha ucuz başa gəlməsi və satış qiymətinin münasib olmasıdır. Hazırda onun bir qramı narkotacirlər tərəfindən 10 manata təklif olunur. Bu maddəni qəbul etdikdə bədəndə təzyiq yüksəlir, temperatur artır, göz bəbəkləri böyüyür, beyinin funksiyaları pozulur və istifadəçi bir çox hallarda 2-3 gün yatmır, yeməkdən imtina edir. Qeyd etdiyimiz kimi, “patı” adlanan narkotik maddənin qiyməti 10 manatdan başlayır. Qiymətin ucuz olması isə narkotik çəkənlərin işini daha  da rahatlaşdırır.

Ekspertlər bildirir ki, “patı”nın ucuz olmasının səbəbləri var. Bu işlə məşğul olan qüvvələr məqsədli şəkildə ucuz qiymətə təklif edirlər ki, hamı üçün əlçatan olsun və kütləviləşsin. “Patı” istifadə edənlərin sayı kütləvi şəkildə artarsa, bu işlə məşğul olanlar həmin maddənin qiymətini qaldıracaqlar. Bu maddədən asılı olan şəxslər birşəkildə “patı” əldə etməyə çalışacaq.

“Azərbaycanda laboratoriya şəraitində metamfetamin və digər sintetik narkotik vasitələrin istehsalını təsdiqləyən heç bir sübut tapılmayıb. Bu narkotiklər ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir”, – deyə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin İstintaq Qrupunun rəisi, kapitan Nəcəf Aydınoğlu Haqqın.az-a açıqlamasında deyib. 

Daxili İşlər Nazirliyinin nümayəndəsi onu da əlavə edib ki, agentliyin hansı əsasla bu qənaətə gəldiyi müəmmalıdır. Ehtimal edir ki, hesabatda istehsal yox, narkotik istehlakının artırılması nəzərdə tutulur. “Metamfetamin və digər sintetik narkotiklər ucuzdur və demək olar ki, bütün ölkələrdə, o cümlədən Azərbaycanda onların istehlakı durmadan artır. Ölkəmizdə istifadə olunan narkotik vasitələrin 99 faizi qaçaqmalçılıq yolu ilə gətirilir, qalan faizi isə yabanı və ya mədəni çətənə kollarından istehsal olunan tiryəkdir”, – deyə o bildirib.  

Daxili İşlər Nazirliyinin nümayəndəsi onu da əlavə edib ki, metamfetaminin istehsalı kifayət qədər mürəkkəb prosesdir və bunun üçün xüsusi laboratoriyalar və mürəkkəb texnoloji avadanlıqlar tələb olunur. “Azərbaycanda narkotiklərin yayılmasına qarşı çox sərt sistemli mübarizə aparılır”, – Nəcəf Aydınoğlu vurğulayıb. “Narkotik satıcıları burada belə laboratoriyalar qurmaq riskinə girə bilməzlər”, – deyə o bildirib.

Qeyd edək ki, bu cür söz-söhbətlər yeni deyil. Azərbaycanda son illər artan narkotik cinayətləri o iddianı yaradıb ki, bu qədər narkotik kənardan gətirilə bilməz və laboratoriyalar yəqin ki, burada qurulub. Avropa agentliyi də belə bir hesabatla çıxış etsə də, bunu təsdiq edən fakt yoxdur.

Mahmud Hacıyev: “Texnoligiyanın inkişafı ailə cinayətlərinin sayının  artırıb"

Mahmud Hacıyev: “Sual olunur ki, əgər laboratoriyalar yoxdursa, onda niyə ölkədə narkotik maddələrin sayı artır?”

Sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev Avropa İttifaqının Narkotiklərə Nəzarət Agentliyinin Azərbaycan haqqında verdiyi bəyanatın əsassız olduğunu dedi: “Gərək Avropa Agentliyi belə bir bəyanat verəndə əlində əsas və effektiv sübutları olmalı idi. Bu cür bəyanat dövlətimizə, hökumətimizə, hüquq mühafizə orqanlarımıza qarşı ittihamdır. Bəlkə də ehtimal ediblər ki, Azərbaycanda son 4 ildə metamfetamin və digər bu kimi sintetik narkotiklərin istifadəsi artıbsa, deməli onları istehsal edən laboratoriyalar ola bilər. Amma bu cür ehtimal əsasında ittihamlı bəyanat yaymaq hüquq və məntiq baxımından doğru deyil.

Digər tərəfdən, sual da oluna bilər ki, niyə son bir neçə ildə ölkəmizdə bu cür maddələrin, o cümlədən “patı”nın istifadəçiləri artıb? Hətta qadınlar belə “patı”ya aludə olmağa başlayıb. Sonradan məlum oldu ki, qadınları aldadıblar ki, “patı”dan istifadə etməklə arıqlaya bilərlər, onlar da “patı”dan istifadə etməyə başlayıblar. Sonradan biliblər ki, əslində “patı”nın tərkibində narkotik maddələr var, beyinə, orqanizmə çox pis təsir edir. Ola bilsin ki, sonradan bəziləri bundan uzaqlaşdı. Amma “patı” elə maddədir ki, ondan istifadə edənlər bir müddət uzaqlaşdıqdan sonra yenidən qayıdırlar. Bu səbəbdən son bir neçə ildə “patı” istifadəçilərinin sayı sürətlə artıb.

Qeyd edim ki, hüquq-mühafizə orqanları bu bəlanın qarşısını almaq üçün daim ayaqdadır. Daxili İşlər Nazirliyinin tərkibində narkomaniya və nakobiznesə qarşı mübarizə aparan baş idarə, idarələrin tərkibində şöbələr, şöbələrin tərkibində isə bölmələr var. Mediadan da izləyirik ki, kifayət qədər mübarizə var, həbs edilənlərin sayı durmadan artır. Buna baxmayaraq, artım da var. Hesab edirəm ki, Avropa İttifaqının Narkotiklərə Nəzarət Agentliyinin məlum bəyanatından sonra aidiyyəti qurumlarımız fəaliyyətlərini bir qədər də artırarlar. Əgər belə bir laboratoriyalar olsa idi, onu mütləq mühafizə orqanlarımız aşkarlayardı.

Daha bir məsələ: sual olunur ki, niyə narkotik maddələr ölkəmizdə artır? Yəni əgər laboratoriya yoxdursa, niyə artsın? Məlum məsələdir ki, narkotik maddələr ölkəmizə gətirilir. Bəs yaxşı, onda bu cür maddələr sərhədi necə keçə bilir? Sərhədə nəzarət edən Sərhəd Qoşunları və Gömrük Komitəsidir. Bir müddət əvvəl komitənin rəhbərliyi dəyişdirildi və bundan sonra müsbətyönümlü fəaliyyət müşahidə olunur. Hesab edirəm ki, həm Sərhəd Qoşunları,  həm də Gömrük Komitəsi fəaliyyətlərini bir qədər də artırsalar, nəzarəti gücləndirsələr, bu problemin qarşısını almaq olar”.

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd etdi ki, Azərbaycanda “patı” laboratoriyalarının olması əvvəllər mümkün ola bilərdi: “Bəli, əvvəllər bu mümkün idi. Yəni işğal olunmuş torpaqlarımızda İran ermənilərlə birgə həm narkotik vasitələrini əkir, həm də istehsal edirdi. Yalnız 2 il öncə torpaqlarımız işğaldan azad olunduqdan sonra bu halın qarşısı alınıb. Ona görə də İran Zəngəzur məsələsində “cığallıq” edir. Qeyd edim ki, İrandan narkotik maddələrin dünyaya marşrutu əsasən belədir: İran-Azərbaycan-Rusiya-Yaponiya; İran-Türkiyə-Avropa; İran-Azərbaycan-Ukrayna-Avropa”.

Ekspertin sözlərinə görə, hazırda Avropanın özündə “patı” problemi Azərbaycandakı vəziyyətdən qat-qat pisdir: “Şəxsən mən bunun şahidi olmuşam və kimsə bu haqda daha ətraflı informasiya öyrənmək istəyirsə, internet resurslarına baxa bilər. Azərbaycanda bu problemlə bağlı vəziyyətin digər ölkələrlə müqayisədə nisbətən yaxşı olması polisin gördüyü işlərlə bağlıdır. Bu o demək deyil ki, ölkəmizdəki vəziyyət hər yerdən yaxşıdır, qonşu ölkələrlə, o cümlədən Türkiyə, İran, Gürcüstanla müqayisədə yaxşıdır”.

Ekspertin fikrincə, ölkəmizdə son vaxtlar narkotik maddələrin satışı azalıb: “Yəni əvvəlki illərlə müqayisədə satış azalıb. Bunu narkotik istifadəçiləri ilə apardığım söhbətlər əsasında deyirəm. Bəli, elə bölgələr var ki, vəziyyət əvvəlki kimidir, lakin müşahidə apardığım bəzi şəhərlərdə polis demək olar ki, narkotacirlərin 30-40 faizini aşkarlayıb, onların qarşısını ala bilib və bu iş davam edir”.

Ekspert Emil Maqalov - Narkotiklərin şəxsi istehlak miqdarı - YouTube

Emil Maqalov: “Azərbaycanda ”patı” laboratoriyalarının olması əvvəllər mümkün ola bilərdi, amma indi…“

Emil Maqalov “patı” adlandırılan narkotik maddənin heç də ucuz olmadığını dedi: “İranda “patı”nın 1 kiloqramı 1000-3000 min manat civarındadır.  Əvvəldən də qiyməti bu cür idi, sadəcə, tərkibi indiki kimi deyildi. Bəziləri qeyd edir ki, əgər narkotik vasitələrin istifadəsi leqallaşdırılsa, bu problemin qarşısı nisbətən alınmış olar. Əksəriyyət bilmir ki, ağır narkotik vasitələr heç vaxt leqallaşmayıb və leqallşamayacaq da. Leqallaşan yüngül, az təsir edəcək narkotik maddələrdir. Bundan əlavə, cəmiyyətimiz hətta yüngül narkotiklərin leqallaşmasına da hazır deyil.

O ki qaldı problemin qarşısının alınması məsələsinə, hesab edirəm ki, bunun üçün maarifləndirmə işlərinə fikir vermək və bu məsələdə diqqətli olmaq lazımdır.  Bəzən müşahidə edirik ki, bu işə aidiyyəti olmayan şəxslər “tanışlıqla” bu sahəyə gəlib, təlimlər keçməyə başlayır. Bu, yolverilməzdir.  Müşahidə edirik ki, xüsusən də məktəblərdə aparılan təlimlərdə narkotik maddələrin adları rəsmi adlarla qeyd olunur. Məsələn, çöldə adı “nəşə”, “patı”, “şüşə”, “qara”, “maçı” olan maddələr haqda danışarkən  rəsmi metamfetamin, amfetamin adlarından istifadə etsək, uşaqlar bunu anlamayacaq.  Deyirlər ki, bu adları məktəbdə istifadə etmək olmaz. Niyə etmək olmaz? Axı uşaq başa düşmür ki, nədən danışılır. Buna görə də bu sahəni, həmçinin uşağın dilini bilən insanlar bu təlimləri keçməlidir”. Musavat.com

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …