Ana səhifə / Sosial / Atəşkəs limiti bitdi: sıradakı addım nədir? – TƏHLİL

Atəşkəs limiti bitdi: sıradakı addım nədir? – TƏHLİL

Bu həftə cəbhə xəttində atəşkəs yenidən pozuldu. Dünya güclərinin hərbi əməliyyatların bərpasına yanaşmaları yenə də birmənalı şəkildə mənfidir. Savaş variantı Türkiyə istisna olmaqla, heç bir ölkə tərəfindən dəstəklənmir və bütün güc mərkəzləri “atəşkəsə əməl edin” təklifini verir.

Prinsipcə, Amerika və Rusiya öz maraqları çərçivəsində və müəyyən şərtlər daxilində Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının əleyhinə deyil. Sadəcə, problem odur ki, Vaşinqtonla Moskvanın maraqları həmişə üst-üstə düşmür. Onların münaqişənin həllinə baxışda maraqlar çərçivəsi bir qədər fərqlidir.

Vaşinqton və Moskva münaqişənin öz maraqları çərçivəsində həllinin qeyri-mümkünlüyünü dərk edəndə, mövcud status-kvonun saxlanmasını daha düzgün sayırlar. Hazırda qeyri-müəyyənlik var və heç bir tərəf mütləq üstünlüyə malik deyil. Münaqişənin həlli bu və ya digər dərəcədə qeyri-müəyyənliyi aradan qaldıra bilər. Ancaq hər iki tərəf bu qeyri-müəyyənliyi öz xeyrinə çevirmək istəyir. Hazırda münaqişənin həlli forması ilə bağlı Azərbaycan və Ermənistanın maraqları üst-üstə düşməsə də, bir reallıq var ki, münaqişənin uzanması hər iki ölkəyə böyük güclərin təsir imkanlarını artırır, onların xarici siyasətdə öz maraqları çərçivəsində hərəkət imkanlarını isə məhdudlaşdırır. Bu baxımdan orta və uzunmüddətli perspektiv üçün Azərbaycan və Ermənistana münaqişənin tezliklə həlli daha vacibdir. İndi isə qısa və qismən orta perspektiv gündəmə gəlib. Həm də Azərbaycan üçün münaqişənin tezliklə həlli, ən azından həlli trendlərinin müəyyənləşməsi vacibdir. Ermənistanda isə vəziyyət bir az fərqlidir, onların işğal olunmuş əraziləri boşaltmaq problemi var. Bu, daxili siyasətdə həmişə spekulyasiya predmetinə çevriləcək. Yəni Azərbaycan münaqişənin həlli yönündə nəsə aldə etməlidirsə, Ermənistan nəsə itirməlidir (özünün olmayan şeyləri). Məsələ ondadır ki, Ermənistan Dağlıq Qarabağın ətraf rayonlarını da işğal edib. Bu halda əgər beynəlxalq güclər birinci mərhələdə etimad tədbirlərini ön plana çəkə bilsə, ikinci mərhələdə isə münaqişənin həlli yollarının araşdırılması və tapılması şərti qoyularsa, biz uduzacağıq. Çünki münaqişənin siyasi həlli yolu tapılmadan hər hansı etimad tədbirləri nəticə etibarıyla mövcud status-kvonun qorunmasına xidmət edir. Ona görə də Azərbaycan etimad tədbirlərinin münaqişənin siyasi həlli prosesi ilə paralel getməsinə çalışır.

Danışıqların indiki mərhələsində rəsmi Bakı daha çox bunun üzərində dayanır. Lakin bəzi araşdırmaçılar düşünürlər ki, etimad tədbirləri olmadan münaqişənin siyasi həlli yolu mümkün deyil. Əslində, münaqişənin həlli yollarının istiqamətlənməsi yolunda atılan addımlar etimadın güclənməsinə gətirməlidir. Burada belə bir sual yaranır — siyasi həll yollarını görmədən hansı qarşılıqlı etimada nail olmaq mümkündür?

Burada bir detala da diqqət yetirmək lazım gəlir. Hərbi yol və gücün tətbiqi münaqişələrin həllində həmişə vasitə olub, nəticə etibarıyla hər şey diplomatların vasitəsilə beynəlxalq hüquq çərçivəsinə salınır. Ona görə beynəlxalq güclərin “Qarabağ münaqişəsinin hərbi həlli yoxdur” açıqlaması absurd ifadədir. Şəraitdən asılı olaraq Azərbaycan bu və ya digər vasitələrdən istifadə də edə bilər. Yaxın vaxtlarda addım atılmazsa, münaqişənin qızışması qaçılmazdır.

Məsələ ondadır ki, atəşkəs limiti bitib. Amma bu halda iki amil ciddi nəzərə alınmalıdır: Birinci, qüvvələr nisbətində Azərbaycanın üstünlüyü birmənalıdır, bura maliyyə, insan, hərbi resurslar daxildir. Bundan daha ciddi ikinci amildir — xarici güclər. Bu haqda danışanda, ilk növbədə, Rusiya amili nəzərə alınmalıdır. Rusiya regionda yeganə hərbi-siyasi mövcudluğu olan gücdür. Əgər Bakı Rusiyanın, ən azından neytral qalmasını təmin edəcək addımlar atarsa və bu addımların nəticəsi Azərbaycanın uzunmüddətli strateji maraqlarına zidd deyilsə, o zaman hərbi gücdən istifadə etmək olar. Əks təqdirdə, gücdən istifadə digər ölkələrin münaqişəyə müdaxiləsinə gətirə bilər, bunun nəticələri isə çox acınacaqlı ola bilər. Bu baxımdan, Bakı və İrəvan xarici dəstək axtarışındadır… (Sputnik)

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın