Ana səhifə / Sosial / Atəşkəsin 23 ili – Bişkek Protokolunu labüd edən SƏBƏBLƏR

Atəşkəsin 23 ili – Bişkek Protokolunu labüd edən SƏBƏBLƏR

1994-cü il mayın 12-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi imzalanıb. Üzərindən 23 il keçsə də müqavilə bu illər ərzində qüvvəsini saxlayır və nə Yerevan, nə də Bakı Bişkek Protokolundan imtina etdiyini rəsmən dilə gətirməyib.

1994-cü ilin mayında atəşkəsin imzalanmasına ehtiyacın olub-olmaması barədə diskussiyalar bu gün də davam edir. Lakin əksər hərbi ekspertlər hesab edir ki, Bişkek protokolunun imzalanması zəruri idi və tərəflərin hücum potensialı tamamilə tükənmişdi. Bundan başqa, 1992-ci illə müqayisədə xeyli müasir silahın əldə olunması, təmas xəttində canlı qüvvənin artırılması uğurlu hücum əməliyyatları aparmağa imkan vermirdi.
Qarabağ müharibəsində sonuncu uğurlu döyüş əməliyyatı 1994-cü ilin yanvarında Azərbaycan ordusu tərəfindən Horadiz-Füzuli istiqamətində həyata keçirilmişdi.

Bu mənada 1994-cü ilin may ayı üçün hər iki ordunun gücü tükənmişdi və müharibədə uzunmüddətli fasilənin yaranmasına ehtiyac var idi.

1994-cü il hadisələrində yaxından iştirak etmiş siyasətçi, o zamanlar Heydər Əliyevin köməkçisi kimi çalışan Eldar Namazovun fikirləri də məhz atəşkəsdən yanadır. Siyasətçiyə görə atəşkəsi qaçınılmaz edən Rusiyanın Ermənistana yeni silahlar verməsi idi.

“O vaxt ermənilər çalışırdılar ki, Tərtər və Bərdə istiqamətində güclü hücumlar təşkil etsinlər. Amma Azərbaycan ordusu bu hücumların qarşısını dəf edirdi. Ermənilərin arasında çox böyük itkilər var idi. Mən xatırlayıram ki, o dövrdə mərhum eks-prezident Heydər Əliyev bir neçə dəfə hərbçilərlə iclas keçirdi. O, atəşkəsə münasibətlə bağlı mövqeləri öyrənirdi. Həmin iclaslarda mən də iştirak edirdim.

Atəşkəsə imza atmağın yeganə səbəbi o idi ki, Rusiya Gürcüstan ərazisində yerləşən hərbi hissələrdən Dağlıq Qarabağdakı separatçılara daim yeni silahlar göndərirdi. Azərbaycan ordusu hər cür hücumu dəf edirdi, amma o hücumların arxasında yeni silahlar, tanklar gəlirdi.

Elə oldu ki, bu hücumların arxasında təkcə Ermənistanın dayanmadığı bilindi. Məlum oldu ki, onlara himayədarlıq edən ölkə Rusiyadır. Ona görə də, atəşkəsə imza atmaq artıq qaçılmaz idi”.

Digər tərəfdən. Bişkek protokolu Azərbaycana müharibə sonrası iqtisadi inkişaf etməyə, ölkənin xüsusən neft-qaz sektoruna investisiyalar cəlb etməyə imkan yaratdı. Bunun sayəsində atəşkəsdən keçən 23 il ərzində Azərbaycan regionda qüvvələr balansını uğurla dəyişə bildi və Ermənistan üzərində bütün hərbi sahələr üzrə üstünlüklər qazandı. Bunun daha bir sübutu aprel döyüşləri oldu.

Bişkek protokolunun sonsuz davam etməyəcəyi aydındır. Ermənistanın hərbi rəhbərliyi bunu yaxşı anlayır və buna görə danışıqlar prosesini süni yollarla uzatmağa çalışır. Bişkek protokolu müharibəni 23 il ərzində dondursa da, dəyişmiş geosiyasi reallıqlarda bu razılaşma tədricən öz qüvvəsini itirir və Yerevanın qeyri-konstruktiv roluna görə təhlükə altına düşür. Bu isə Cənubi Qafqaz regionunu potensial müharibə riski ilə qarşı-qarşıya qoyur.(Modern.az)

Həmçinin oxuyun

Bakıda bu ərazidən qaydaları pozmadan keçmək olmur (VİDEO)

Sürücülər paytaxtın Sabunçu rayonunda “Sabunçu bazarı” kimi tanınan ərazidən qaydaları pozmadan keçə bilmirlər. Buna səbəb …

Bir cavab yazın