Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Asiya İnkişaf Bankının Azərbaycanda peşə təhsilinə ayırdığı pullar havaya sovrulur

Asiya İnkişaf Bankının Azərbaycanda peşə təhsilinə ayırdığı pullar havaya sovrulur

Asiya İnkişaf Bankı (AİB) 2022-ci ilin sonuna qədər Azərbaycan hökumətinə peşə təhsilinin inkişafı üzrə layihənin maliyyələşdirilməsi üçün (“Peşə təhsilinin müasirləşdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün təhsil proqramı” – Modernizing Vocational Education and Training for Economic Diversification Sector Development Program) 150 milyon dollar kredit ayrılmasına razılıq verə bilər.

Bu barədə jurnalistlərə AİB-in Azərbaycandakı ofisinin direktoru Kendis Makdiqan bildirib. Maliyyələşdirmə həcminin 120 milyon dolları peşə təhsili sahəsində islahatlara, 30 milyon dolları isə zəruri avadanlığın alınmasına sərf olunacaq.

Azərbaycan hökuməti bu proqram üçün 10 milyon dollar ayıracaq. Proqramın vəzifələri arasında dördüncü sənaye inqilabı strategiyası əsasında insan kapitalının inkişafı, gender bərabərliyinin təşviqi və Azərbaycanın sabit inkişafı üçün əhəmiyyət kəsb edən digər aspektlər var. Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür və əməkdaşlıq dövrü ərzində bankdan ümumilikdə 5.2 milyard dollar məbləğində kredit və qrant alıb.

Maraqldır, bu tip maliyyə ayırmalarının Azərbaycanda peşə təhsilinin inkişafına real təsiri olurmu? Yoxsa bunlar, sadəcə, kağız üzərində dövr edən maliyyə axınlarıdır? AİB bu maliyyələrin nəticələrini təftiş edirmi? Azərbaycan hökuməti necə, bu prosesi kontrolda saxlayırmı?

Həmişə demişəm ki, təhsil eksperti deyiləm, bu iddiam da olmayıb” – Kamran  Əsədov - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda 107 peşə təhsili müəssisəsi fəaliyyət göstərirdi. Onun sözlərinə görə, sonra həmin peşə məktəblərinin əksəriyyəti birləşdirildi və birgə fəaliyyətə başladı. Ekspert qeyd etdi ki, dünya təcrübəsinə görə peşə təhsili əmək bazarına çevik ixtisaslı kadr hazırlayan təhsil mərkəzi hesab edilir: “Amma bu gün Azərbaycanda peşə təhsili məktəbləri müasir dövrün standartlarına cavab vermir. Burada hazırlanan kadrlar əmək bazarının tələblərinə uyğun deyil. Halbuki hər il Asiya İnkişaf Bankı və eləcə də Dünya Bankı peşə təhsilinin inkişafına böyük vəsait ayırır. Amma bu məbləğə nəzarət mexanizmi yoxdur və yaxud həmin hesabatlar şişirdilmiş şəkildə təqdim olunur. Yəni hər hansı xidmətin məbləği şişirdilir, alınan avadanlığın qiyməti yüksək göstərilir. Misal üçün, 200 manatlıq printer 2000 manat qeyd olunur”.

K.Əsədov bildirdi ki, Asiya İnkişaf Bankı həmin vəsaitlərin xərclənməsi zamanı şəffaflığı yoxlamır, şişirdilmiş rəqəmlərlə qaimələr göstərilir: “Əslində peşə təhsilinin inkişafı istiqamətində dövlət tərəfindən də böyük işlər görülür, maddi-texniki bazanın yüksəldilməsi işləri aparılır. Eyni zamanda Cənubi Koreyanın da mütəxəssisləri ölkəmizdə bu sahə ilə bağlı çalışırlar. Ümumiyyətlə, dünyanın heç yerində təhsilə Azərbaycanda olduğu qədər qayğı yoxdur. Amma bunun qarşılığında ciddi şəkildə maliyyə pozuntuları var. Doğrudur, son illər gənclərin peşə təhsilinə meyllənməsi müşahidə olunur. Amma öyrənməklə öyrənməmək arasında fərq yoxdur. Çünki hansısa usta yanında da yüksək bacarıqlara yiyələnə bilirlər. Ona görə bu məsələdə ən vacib məqam maliyyə şəffaflığıdır ki, bunu görə bilmirik”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …