Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / “Artur Rəsizadə hərbi xərclərə qarşı çıxırdı, Heydər Əliyev onu yerində oturtdu” – Əli Nağıyev

“Artur Rəsizadə hərbi xərclərə qarşı çıxırdı, Heydər Əliyev onu yerində oturtdu” – Əli Nağıyev

Keçmiş nazir, keçmiş səfir, Yeni Azərbaycan Partiyasının (YAP) keçmiş sədr müavini Əli Nağıyev cəbhədə baş verənkərə  fikirlərini bildirib.  Öncə şəhidlərimizə allahdan rəhmət diləyən Ə.Nağıyev Qarabağ məsələsinin pərdəarxası məqamlarına aydınlıq gətirib: 
“İlk növbədə, döyüşlərdə həlak olan əsgərlərimizə allahdan rəhmət diləyirəm. Ordumuza daha böyük nailiyyətlər arzu edirəm və bu nailiyyətlərdən çox ruhlanan xalqımıza daha böyük sevinclər diləyirəm. İkinci növbədə isə ön cəbhədə baş verənlərlə bağlı düşüncələrimi izah etmək istəyirəm. İndiyə qədər mətbuatda dəfələrlə Qarabağla bağlı sualları cavablandırmışam. İndi danışmaq istədiyim məsələni də bir dəfə mətbuata açıqlamamda demişəm və indi də təkrar etmək istəyirəm.
1998-ci ildə Əbülfəz Qarayev bir neçə dövlət adamının iştirakı ilə Zaqulbada yerli təşkilatların müşavirəsini keçirirdi. Müşavirədə mən də nazir kimi iştirak edirdim, o zaman həm də YAP-da aparıcı sədr müavini idim, faktiki olaraq partiyanın bütün işləri mənim üzərimdə idi. Həmin müşavirədə də təkcə nazir kimi yox, həm də YAP adından fikirlər söylədim. Rəhmətə getdiyi üçün adını açıqlamaq istəmədiyim bir nəfər çıxışında deyirdi ki, gələn il Heydər Əliyev Qarabağı alacaq. Belə gülünc, ucuz ifadələri səsləndirmək əlbəttə ki, yersiz idi. Bunu ancaq Qarabağ məsələsinin çətinliyini, haradan qaynaqlandığını, niyə yarandığını qanmayan adamlar deyə bilər. Bu, erməninin Azərbaycana torpaq iddiası deyil, rusun yaratdığı problemdir. Rusa lazımdır ki, Krım, Dnestryani, Obxaziya, Osetiyada olduğu kimi sabah da özünə lazım olanda, özünə sərf edən formada bu regionda siyasi maraqlarını idarə etmək üçün əlində açar saxlasın. Qarabağ problemini ruslar yaradıb və təsadüfi deyildi ki, birinci dəfə Almaniya kansleri Angela Merker İlham Əliyevlə görüşəndə “Mən hesab edirəm ki, Qarabağ məsələsinə ruslar mane olur” demişdi.  Bununla bağlı çoxlu sayda faktlar deyə bilərəm. O vaxt Əbülfəz Elçibəyin Boris Yeltsinlə görüşü zamanı mətbuat konfransında Yeltsin Əbülfəz Elçibəyi təhqir etdi. Açıq-açığına demək istədi ki, mən sənə göstərərəm, get ABŞ-ı bu işə qoş, görüm ABŞ səninçün nə edəcək”.
Keçmiş nazir daha sonra Qarabağ probleminin həlli yollarından da danışıb: “Qarabağla bağlı konkret fikrim ondan ibarətdir ki, bu, çox çətin məsələdir. Ruslar həll olsun deməyincə bu məsələ həll olunmayacaq. Rusla da biz müharibə apara bilmərik, eiforiyaya düşmək lazım deyil, bu məsələdə illuziya göstərmək olmaz. “Azərbaycan əsgərinə eşq olsun, irəli getdi!” deməklə Qarabağı geri qaytarmaq mümkün deyil. Son döyüşlərdə nə qədər itki verdiyimiz barədə müxtəlif mənbələr fərqli rəqəm söyləyir. Yaxşı, olsun elə 31 şəhid, axı bu rəqəm də az deyil.
Heydər Əliyev iclasların birində Artur Rəsizadənin sözünü kəskin şəkildə kəsdi. Ona görə ki, Artur Rəsizadə hərbi xərclərə qarşı çıxırdı, hesab edirdi ki, bu qədər hərbi xərclər lazım deyil. Müqayisə edirdi ki, heç Moldovanın  bu qədər hərbi xərci yoxdur. Heydər Əliyev ona güldü və “Sən niyə Azərbaycanı Moldova ilə müqayisə edirsən” deyərək yerində oturtdu. Hərbi sahəni gücləndirmək, hərbi sahəyə xüsusi diqqət yetirmək taktikası Heydər Əliyevdən başlayıb və bunun da əhəmiyyəti çox böyükdür. Bu, həm hərbi gücdür, həm də məsələnin siyasi həllinə açardır. Hərbi gücün çox olması da o deməkdir ki, lazım olsa bu məsələni hərb yolu ilə də həll edə bilərik. Çinli dövlət adamı, siyasətçi Deng Şiaoping “Sülh mənim tüfəngimin lüləsindədir” dediyi kimi. Həm də düşmən tərəfi, eləcə də bu məsələdə əks marağı olan tərəfləri bir qədər yolundan döndərməyə xidmət edir. Ancaq həlledici məsələ deyil! Düzdür, ABŞ-da, Fransa da, Türkiyə də, Rusiya da kənara çəkilsə, Azərbaycanı erməniylə qabaq-qabağa buraxsalar, biz erməniyə qalib gələrik. Ancaq məsələ belə deyil axı. Orada rusun ən azı yüz minlik ordusu tam təchizatlı halda oturub. Ərdoğan belə dedi, Pakistan belə elədi kimi fikirlərin hamısı cəfəngiyyatdır. Ucuz bəyanatlara əhəmiyyət vermək lazım deyil. Ərdoğan Türkiyənin özünü çox pis vəziyyətə salıb. Hələ bu vəziyyətdən  Türkiyəni çıxarsın, sonra başqasına da kömək edər. “İblis” əsərində səhv etmirəmsə Vasifin monoloqunda deyilir ki, “Türk ordusu daim basaraq ölkələr almış, ən sonda siyasətdə basılmış da bunalmış”. Baxın budur, Süleyman Dəmirəldən sonra görün kim oturub Türkiyənin başında?!”
Əli Nağıyev Rusiyanın baş naziri Dmitri Medvedevin Bakıya səfərinə də aydınlıq gətirib: “Dmitri Medvedevin Bakıya səfərinə nəzər yetirək, Medvedev bir kəlmə olsun demədi ki, bu torpaqlar Azərbaycanındır. Rusun baş naziri, keçmiş prezidenti və Putindən sonra prezident olmağa iddialı olan şəxs dedimi ki, Qarabağ Azərbaycanın əbədi, əzəli torpağıdır, bu məsələdə biz Azərbaycanın haqlı maraqlarını, ən azı beynəlxalq normalara uyğun həll etməliyik?! Burada biz rusla vuruşuruq, düzdür son döyüşlər zamanı rus bir qədər susdu. Buna görə də Nazarbayev, Lukaşenko sağ olsunlar. Rus hələ bu məsələni seyr edirdi, öyrənirdi görsün ki, İlham Əliyevə ABŞ-da nə deyiblər. Bu məsələləri nəzərə almadan “Urra, biz bayrağımızı əlimizə götürdük” deməklə Qarabağı geri qaytarmaq olmaz. Bu yalançı təbliğat milləti uçuruma aparır. Bu gün Azərbaycan iqtidarını geri sürükləyən vacib məsələlərdən biri də onun təbliğatıdır. Azərbaycan iqtidarının təbliğatıdır çox primitivdir, belə təbliğat olmaz. O boyda televiziyanın başçısı Vahid Naxış “Biz gərək Yeravnı vuraq” deyir. Ona demək lazımdır ki, çiyninin üstündəki başdır, yoxsa nədir, nə danışırsan, sənin altını üstünə çevirərlər, heç xəbərin də olmaz. Bu ifadələr çox ucuz sözlərdir. Vahid Naxşın sözləri yadıma bir hadisəni saldı. 1993-cü il yanvarın 13-də Əbülfəz Elçibəy prezident kimi siyasi partiyaların başçılarını qəbul edirdi. Heydər Əliyev Naxçıvanda idi deyə YAP adından həmin görüşə idarə heyətinin üzvü rəhmətlik Samur Novruzovla mən getmişdim. Həmin görüşdə Əbülfəz Elçibəy bir ifadə işlətdi “Siz də İsgəndər bəyi birəlli tutmusuz, görürsüzmü, İsgəndər bəy dedi ki, ATOM bombamız var, atacayıq Yeravana. Bu söz ermənilərin içinə bilirsizmi necə vəlvələ salıb”. Düzdür, Əbülfəz Elçibəy çox millətsevər kişi idi. Məhz türkü, türk millətini onun qədər sevən barmaqla sayılacaq qədər adamlar var. Ancaq həmin ifadəsi çox primitiv idi və aydın olurdu ki, o, siyasətçi deyil, millət sevgisi güclü olsa da siyasətdə delitantdı. Həmin o ifadə Vahid Naxışın “Yeravanı vuraq” fikri ilə paralel səsləşir. Tələbələrimizin küçələrdə bayraqlarla gəzməsindən erməni qorxan deyil, bu, çox ucuz təbliğatdır”.
Sabiq nazir son olaraq Qarbağ məsələsində yalnız ölkə başçısına güvənməli olduğumuzu vurğulayıb: “Hesab edirəm ki, bu məsələdə yeganə şəxsə, prezidentimizə güvənməliyik. Prezidentimizin hücuma keçəndə belə dalda ayaq qoymağa yer saxlaması, təmkinli, ölçülü-biçili siyasətinə güvənmək lazımdır”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın