Ana səhifə / Sosial / Artur Rəsi-Zadənin kabineti açıqdır, özü isə susur…

Artur Rəsi-Zadənin kabineti açıqdır, özü isə susur…

Deputat deyir ki, baş nazir məhdud tərkibli nazirlərlə görüşlər vasitəsilə prosesləri izləyir

Dünyada bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da iqtisadi sahədə vəziyyət heç də ürəkaçan deyil. Lakin Azərbaycanı dünya ölkələrindən fərqləndirən cəhətlərdən biri də burada bəzi yüksək çinli məmurların mediadan qaçması,  baş verən hadisələrlə bağlı heç bir açıqlama verməməsidir. Xüsusilə də bu məsələdə 20 ildir baş nazir  postunu tutan Artur Rəsi-Zadə ön sıralardadır. Baş naziri televiziya ekranlarında demək olar ki, yalnız hökumətin müşavirələrində görürük ki,  orada da həmişəki kimi susur. 
Lakin demək olmaz ki, Artur Rəsi-Zadə mətbuata heç bir açıqlama verməyib. Misal üçün, 2009-cu ildə baş nazir ölkədə ərzaqların baha olması ilə bağlı mətbuata  aşağıdakı açıqlamanı vermişdi: “Xiyar bahadırsa, sizə kim deyir ki, dekabrda xiyar yeyin. Biz o vaxt qışda təzə xiyar yemirdik”.
Ölkədə iqtisadi vəziyyətin çətin olduğu bir vaxtda  Artur Rəsi-Zadə nə üçün susur?
Deputat Zahid Oruc “Yeni Müsavat”a bildirib ki, əslinə durum fərqlidir və hökumət daxildə heç də məsələlərə biganə deyil: “2016-cı ildə həm dünya ölkələrində, həm də Azərbaycanda iqtisadi baxımdan  gərginlik gözlə görünəcək səviyyədə olub. Bu, qətiyyən inkar edilə bilməz. Əhalinin gəlirlərinin aşağı düşməsi, ölkənin ticarət dövriyyəsinin bir neçə faiz geriləməsi və digər bu kimi amillər vətəndaşların da həyatında  ciddi şəkildə hiss olunur. Bununla bərabər, hökumət proseslərə adekvat olaraq, müxtəlif tədbirlər görməyə çalışır. Ən azı ölkə başçısının yanında keçirilən müşavirələrdən, gündəlik verilən tapşırıqlardan hissi olunur ki, müəyyən xarakterli tədbirlər həyata keçirilməkdədir. Baş nazirin xarakter etibarı ilə gündəlik efirə çıxmadan, yalnız daxildə ayrı-ayrı toplantılarda daha məhdud tərkibli nazirlərlə görüşlər vasitəsilə, proseslərin içərisində olduğunu dəqiqliklə söyləmək mümkündür. Artur Rəsi-Zadə  bu dövlətə və millətə bağlı bir insandır. Parlament üzvləri kimi bizim müxtəlif məsələlərlə bağlı ona müraciət etmək imkanlarımız olur. Təki bütün nazirlərin qapısı onun qapısı kimi açıq olardı. Bürokratik zireh əksər hallarda işimizə zərbə vurur.  Bu da ondan ibarətdir ki, istər bölgələrdəki problemlər, yaxud da hansısa məsələyə görə veriləcək operativ qərarlar bəzən müxtəlif məmurların vətəndaşlara, parlamentə reaksiyasının durumundan asılı olur”.
Deputat bildirib ki, vətəndaşın qarşısına çıxmaq, efir məkanında alınan qərarların izahını vermək, islahatların nəticələrini ortaya qoymaq baxımından  hökumətin üzərinə böyük vəzifələr düşür: “Cənab prezident son müşavirədə bir sıra qərarların sırf bürokratik amillərdən verilə bilmədiyini özü də tənqid etdi. Misal üçün,  Qarabağ bölgəsində bir artezian  quyusunun vurulması 2-3 gün çəkə bilər.  Ancaq onun sənədləşdirilib, balansa götürülərək işə düşməsi ən azı 7 ay zaman aparır. Bu müddətdə isə mövsüm, aqrar sektorda görüləcək işlərin qayğısı, planlar hamısı kənarda qalır. Belə olan təqdirdə düşünürəm ki, hökuməti daha çevik modelə çevirmək üçün tədbirlərə ehtiyac var. Artur müəllim bu cür təşəbbüslərə  hər zaman hörmətlə yanaşıb. Ona görə də prezidentli  respublikada, baş nazirin aktiv siyasi müstəvidə olmadığı nə qədər başa düşülən olsa da, hökumətin digər rəsmilərinin fəal şəkildə bu məsələlərə müdaxilə etməsi, insanların gündəlik yaranan suallarını elektron media vasitəsilə cavablandırması çox yerində olardı. Biz buna müxtəlif ölkələrin həyatından şahidiyik.
Image result for Zahid Oruc
Düşünürəm ki, məmurların üzərinə düşən vəzifələrdən də biri elə budur. Çünki bu gün, iqtisadiyyatın ən mühüm vəzifəsi  gömrük rüsumlarını tənzimləmək, vergi dərəcələrinə baxmaqdan da çox cəmiyyət, bank strukturları və hökumət arasındakı inamı bərpa etməkdir. Çünki bir sıra işlər  məhz bu etimad mühitinin  müəyyən  qədər aşağı düşməsindən qaynaqlanır. Bu psixoloji faktor isə özü-özlüyündə iqtisadiyyata keçir. Sanki ora transfer edir. İnsanlar əllərindəki pul kütləsini ya ən yaxşı halda qoruyub dollar vahidi  ilə saxlayırlar, ya da ən pis halda yaxın ölkələrə çıxarırlar.
Gürcüstan, Türkiyə, Ukrayna bu gün vətəndaşlarımızın pul kütlələrini daha çox yönəltdikləri ölkələrə çevrilib. Ona görə də bu tendensiyanı görən hökumət üzvləri, sadəcə olaraq, daxili müzakirələrin nəticələri ilə qane olmamalıdırlar. Onlar məsələləri parlament komitələri ilə görüşlər vasitəsilə, həmçinin televiziyanın ən mühüm  ruporundan cəmiyyətlə münasibətlərini daimi, fasiləsiz etməlidirlər”. 

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın