Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Araz marketdə Novruz “sürprizi” – Kifli, çürük xurmaları satışa niyə çıxarırlar? – FOTO

Araz marketdə Novruz “sürprizi” – Kifli, çürük xurmaları satışa niyə çıxarırlar? – FOTO

Novruz bayramı ilə əlaqədar marketlərdə bayram stendlərinə yığılan qablaşdırılmış çərəzlərdən bir çoxunun keyfiyyəti qida standartlarına uyğun deyil. Bir çox hallarda köhnə, zədəli, quru xurma və çərəzlərin paketlənib bayram ərəfəsi satışa çıxarılması faktına dəfələrlə rastlanır.

Bakupost.az xəbər verir ki, ötən həftə Araz super marketindən alınan “Mədinə” xurması alıcıya əsl bayram sürprizi yaşadıb.
Plastik qabda üstdəki xurmaların ilk baxışda normal, yumşaq olduğu görünsə də, qabın ortasından köhnə, quru, kifli xurmalar yığılmışdı.
Şikayətçi artıq ikinci dəfədir aldığı bu məhsulun belə yararsız çıxdığını bildirdi.
“Xurmaların bir-ikisini işdə yeyib qabı evə apardım. Anam xurmanı açıb onu bir az qarışdırıb “bu nədir, çürük xurma niyə almısan” deyəndə gözlərimə inanmadım. Qabın yarısından sonra xurma yox, toyuq-cücəyə atılmalı zay məhsul yığılmışdı. Bilmirəm, məhsul əvvəldən belə olub, hansısa firma qablaşdırıb, məhsulunu marketə paylayıb, ya da günlərdir havasız qabda qalıb marketdə çürüyüb. Halbuki üzərində son istifadə tarixi aprelin 3-ü qeyd edilmişdi. Amma bu məhsul nəinki aprelin əvvəlinə, heç bayrama kimi salamat qala bilməzdi.

Xurmanın fotolarını sübut üçün çəkib, elə qabqarışıq toyuqlara atdıq”.

Bir neçə marketdən aldığımız məlumata görə, bu qablaşdırmanı market özü yox, tərəvəz firmaları, marketə bu ərzaqları çatdıran yerli şirkətlər edir. Bu şirkətlərin zirzəmi, qarajlarda fəaliyyət göstərən sexlər olması isə şübhə doğurmur.

Bəs market satdığı malın kifli olduğunu görmür? Yaxud kiminsə quru, kifli, atılmalı məhsulunu niyə bayram günü alıcılara satır?
Eyni xurmanı bayram yarmarkasında çəki ilə aldıqda isə alıcının xurmanın keyfiyyətini görmək imkanı var və o xurmalar daha təmiz, yumşaq, təzə olur.

Məsələ ilə bağlı Araz super marketlərin tabe olduğu Veysəloğlu şirkəti ilə əlaqə saxladıq.Şirkətdən bildirildi ki, araşdırma aparılıb cavab veriləcək.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …