Ana səhifə / Sosial / Apteklərdə maska və spirt ajiotajı niyə səngidi? – FOTOLAR

Apteklərdə maska və spirt ajiotajı niyə səngidi? – FOTOLAR

Bakının apteklərində artıq tibbi maska və spirt ajiotajı başa çatıb. Bunu Musavat.com üçün reportaj hazırlayarkən öyrəndik.

Ötən həftəyə qədər əhalidə bir maska və spirt panikası yaşanırdı. Bir tərəfdən qiymətlər qalxmışdı, bir yandan isə maska və spirt çatışmazlığıydı.

Koronavirusun yayılması təhlükəsindən qorunmaq üçün insanlar apteklərə axışırdılar, hər beş adamdan dördü maskadan istifadə edirdi.

Hətta vəziyyətdən sui-istifadə edən möhtəkirlərin sabotajı nəticəsində  maska və spirti defisiti yaranmışdı.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla saxlanılan şəxslərin 1 milyon tibbi maskanı “qara bazar”a çıxarmaq cəhdi göstərdikləri ifşa olunmuşdu.

İndisə apteklərdə həm maskaya və spirtə tələbat azalıb, həm də istənilən qədər tapmaq olur. Doğrudur, maskanın qiyməti ucuzlaşmayıb, yenə də bir ədədi 30 qəpikdən satışdadır. Tibbi spirt isə 60-70 qəpik civarındadır.

Amma vətəndaşlar pandemiyanın pik dövründə apteklərdə üzləşdikləri problemlə qarşılaşmırlar. Buna yerli maska istehsalı da təsir göstərib.

Əczaçılarla söhbətimiz zamanı öyrəndik ki, müştərilər 2-3 həftə bundan qabaq olduğu kimi maska üçün çox müraciət etmirlər.

“İnsanlarda bir təşviş varıydı. Camaata hər yerdən çağırış edirdilər ki, maska taxın, əllərinizi spirtləyin, yoxsa virus sizi tutacaq.

İndi bu məsələ soyuyub, elə bil insanlar da yoruldular. Gün ərzində bizim aptekdə 50-60 maska olurdu, hamısı satılırdı, qalan müştəriləri geri qaytarırdıq.

Hazırda günə 25-30 maska satırıq. Bir azdan havalar lap istiləşsin, heç alan olmayacaq, qiyməti də düşəcək”, – deyə əczaçı Təranə xanım bildirdi.

Onun sözlərinə görə, tibbi spirtlə bağlı ilk gündən bir o qədər çatışmazlıq olmayıb: “Spirt həmişə tapılıb. Amma maska çatışmırdı. Millət çörəkdən çox maska alıb daşıyırdı.

Sonra camaat evdən çölə çıxmadı, maska da almadı. İndi getdikcə koronavirus söhbəti adiləşir. İstər-istəməz maska alan da azalır. Bir də ki, Azərbaycan özü maska istehsal edir, apteklərə paylanır”.

Xatırladaq ki, prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

Musavat.com

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …