Bazar , Sentyabr 15 2019
Ana səhifə / Sosial / Aprelin 15-də qızdırıcıların işi dayandırılacaq – İsti su sayğacları quraşdırılacaq

Aprelin 15-də qızdırıcıların işi dayandırılacaq – İsti su sayğacları quraşdırılacaq

Moderator.az xəbər verir ki, Aprelin 15-də 2018/2019-cu il üçün istilik mövsümü başa çatır. “Azəristiliktəchizat” ASC Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevin Modern.az-a verdiyi məlumata görə, istilik mövsümünün vaxtından əvvəl bitirilməsi nəzərdə tutulmur.

Rafiq Əliyev qeyd edib ki, borclu olan dövlət qurumları, hüquqi və fiziki şəxslərin ödənişlərilə bağlı problem mövcud deyil:

“Bunların hamısı müqavilə ilə tənzimlənən prosedurlardır. Borclu olanlara bildirişlər göndərilib, ümumilikdə yığımlarla bağlı şikayətimiz yoxdur. Ötən illərin təcrübəsi göstərir ki, külli miqdarda borcu olan yaxud borcu ödəməkdən boyun qaçıran təşkilat yoxdur”.

Müsahibimiz növbəti mövsümdə isti su üçün sayğac quraşdırılması məsələsinə də aydınlıq gətirib:

“Ümumilikdə həm “Kommunal xidmətlərin inkişafına dair strateji yol xəritəsi”ndə, həm də “Azəristilik”in tədbirlər planında isti su üçün sayğacların quraşdırılması nəzərdə tutulub. Pilot layihə reallaşdıqdan sonra sayğaclar ilk növbədə isti su ilə təmin olunan mənzillərdə quraşdırılacaq. Hazırda bunun üzərində iş aparılır. Maliyyə təminatı olduqca, tədbirlər həyata keçiriləcək. Bu gün üçün reallıq sayğac quraşdırılması məsələsinin tədbirlər planında nəzərdə tutulmasıdır. Maliyyə təminatı olmadan “bu tarixdə sayğac quraşdırılacaq” demək doğru deyil. Çünki sayğacların quraşdırılmasına maliyyə təminatı olduqdan sonra başlanacaq”.

Qurum rəsmisinin sözlərinə görə, pilot layihə olaraq büdcə təşkilatlarına ilk sayğacların növbəti ildən quraşdırılmasına başlanılacaq:

“Növbəti mərhələlərdə isə bütün istifadəçilərin sayğacla təmin edilməsi planlaşdırlır”.

R.Əliyev bildirib ki, sayğac sistemi işə düşdükdən sonra ödənişləri vaxtında etməyən abonentlərin istiliklə təminatı avtomatik dayandırılacaq:

“Amma bu sistemin işə düşməsi ən azı 3 il vaxt tələb edir. Bunun üçün Mənzil Müştərək Cəmiyyətləri formalaşdırılmalı və müqavilə əsasında ümumi binaya bir sayğac qoyulmalıdır. Bütün bunlar bir neçə ayın işi deyil”.

Qeyd edək ki, istilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, Bakı şəhərində noyabrın 15-dən başlayır, aprelin 15-də başa çatır.

Həmçinin oxuyun

Yol polisləri ağır qəza törətdi: Yaralılar var – Video

Bu gün səhər 7:00 radələrində yol polisləri ağır qəza törədiblər. BakuPost xəbər verir ki, 99 …