Ana səhifə / Sosial / “Aprel döyüşləri davam etsəydi, NATO Qarabağa girəcəkdi”

“Aprel döyüşləri davam etsəydi, NATO Qarabağa girəcəkdi”

“Aprel döyüşləri əlamətdar hadisədir. Azərbaycan silahlı qüvvələri öz gücünü və torpaqlarımızın azad olunması əzmində olduğunu göstərdi. Ən əsası odur ki, status-kvonu dəyişdi. Fərqi yoxdur, nə qədər torpaq azad edilib. 1994-cü ildən bəri ermənilərin işğal etdiyi torpaqları ATƏT-in Minsk qrupu Azərbaycan tərəfi Bişkek protokoluna qol atdıqdan sonra, bu əraziləri status-kvo kimi qəbul etmişdi və atəşgahın dayandırılmasına nail olmuşdu. Bu o demək idi ki, ATƏT-n Minsk qrupu Azərbaycanla zəbt edilmiş torpaqlarla danışıqlar aparırdı və Qarabağın ayrılmasına şərait yaradırdı. Axır ki, Azərbaycan tərəfi bunu anladı və mövcud status-kvonu pozdu, yəni danışıqlar müstəvisini dəyişdi. Ortaya güclü, torpaqlarını müharibə yolu ilə azad etməyə qadir Azərbaycan ortaya çıxdı”.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bildirib.

Ayaz Mütəllibov deyib ki, 1993-cü ildə hakimiyyətdə olan AXC Azərbaycanın daxili işi olan Qarabağ məsələsini ATƏT-ə həvalə etdi, faktiki olaraq bu məsələnin həllini fövqal dövlətlərin üstünə atdı və nəticədə, Ermənistanı Qarabağa şərik etdi: “Əslinə qalsa, bu yola əl atanlar Vətənə xəyanət etdilər və Qarabağı faktiki olaraq ermənilərə verdilər. Bişkek Protokoluna qol atmaqla mövcud olan status-kvonu saxladılar. Aprel döyüşləri başlayan kimi bütün dünya erməniləri hay-küy qaldırdılar. Bu onu göstərdi ki, ermənilər Qarabağda müharibəni qızışdırmaqla, NATO qoşunlarını Qafqaza buraxmaq istəyirdilər. Ermənistanda da o vaxt gedən anti-rus mitinqləri də bunun göstəricilərindən idi. Beləliklə ermənilər yaxalarını rusların əlindən qurtarmaq istəyirdilər və üstəlik Qarabağı Ermənistanın tərkibinə qatırdılar”.

Ayaz Mütəllibovun sözlərinə görə, ötən ilin aprelində döyüş əməliyyatları davam etsəydi, Gürcüstandan NATO qoşunları “erməniləri Qarabağda müdafiə ” adıyla Ermənistana və oradan Qarabağa keçəcəkdi: “Ruslar 2008-ci ildə Osetiyanı aldığı kimi NATO da Qarabağa girəcəkdi. Əlbəttə ki, bu Azərbaycanın xeyrinə olmayacaqdı. Üstəlik Rusiya və İran üçün təhlükə yaranırdı. Mənə elə gəlir ki, general Nəcməddin Sadıxovun o saat Moskvaya çağırılması və onun əmri ilə müharibən dayandırılması bu səbəbdən irəli gəlirdi, çünki Azərbaycan döyüşləri davam etdirsəydi, Osetiyanı Gürcüstan itirdiyi kimi, Azərbaycan da Qarabağı itirəcəkdi.Zənimcə, bu düzgün addım idi, çünki biz həm diplomatik, həm də hərbi döyüşlərdən qalib çıxdıq. Fərqi yoxdur, hələlik biz Qarabağı tam azad etmədik, ancaq onu göstərdik ki, Azərbaycan status-kvo ilə razılaşmacaq. Ən əsası odur ki, Qafqazda müharibənin olmamasını istəyən ölkələr: Rusiya və İran Qarabağın sülh yolu ilə həll ediləcəyini Azərbaycan Prezidenti İlham Əliyevə söz verdilər”

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın