Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Anti-Azərbaycan qətnaməsinə səs verən deputatların mənsub olduğu ölkələrlə siyasətə “əl gəzdirmək” ideyası var

Anti-Azərbaycan qətnaməsinə səs verən deputatların mənsub olduğu ölkələrlə siyasətə “əl gəzdirmək” ideyası var

“Mənə elə gəlir ki, yaranmış vəziyyətdən sonra diplomatik korpuslarımıza bu istiqamətdə lazımi göstərişlər veriləcək”

Qabil Hüseynli: “Diplomatlarımız həmin dövlətlərin siyasi elitası ilə sıx təmaslar qurmağı bacarmalıdır”

Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamənin qəbul edildiyi iclasda deputatlardan 202-si qətnamənin əleyhinə səs verib, 72 deputat bitərəf qalıb, qalanları isə qətnamənin lehinə səs verib. Əleyhimizə olan qətnamənin qəbuluna səs verən ölkələrə baxanda sual yaranır ki, Azərbaycanın bu ölkələrdəki səfirlikləri həmin deputatlarla bağlı hansısa iş aparıbmı? Gəlin statistikaya diqqət edək.
Avropa Parlamentində Almaniyanın 86 deputatından 46-sı, Avstriyanın 17 deputatından 12-si, Danimarkanın 13 deputatından 8-i, Estoniyanın 5 deputatından 4-ü, Finlandiyanın 10 deputatından 8-i, İspaniyanın 47 deputatından 34-ü, İsveçin 17 deputatından 14-ü, Portuqaliyanın 19 deputatından 15-i, İrlandiya və İtaliya deputatlarının isə əksəriyyəti Azərbaycanın əleyhinə səs verib.
Gözləmədiyimiz halda, ermənipərəst ölkə kimi tanıdığımız Fransanın Avropa Parlamentindəki 62 deputatından cəmi 24-ü əleyhimizə səs verib. Çexiyanın 18 deputatından 4-ü, Macarıstanın 19 deputatından 6-sı, Polşanın 42 deputatından 7-i qətnamənin lehinə səs verib, qalanları əleyhinə çıxıb.
Diplomatik korpuslarımız Avropa Parlamentində öz ölkələrini təmsil edən deputatlarla bu istiqamətdə iş aparmalıdırlarmı?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, bu olduqca vacibdir: “Bizim xarici ölkələrdəki diplomatik missiyalarımız birbaşa bu işlə məşğul olmalıdır. Diplomatlarımız həmin dövlətlərin siyasi elitası ilə sıx təmaslar qurmağı bacarmalıdır. Bunu etməyin müxtəlif yolları və üsulları var. Diplomatlardan xüsusi fəallıq tələb olunur. Təəssüflər olsun ki, bizim səfirliklərimiz deyilən istiqamətdə fəal deyil. Mən deyərdim ki, bunun xüsusi nəticəsi də nəzərə çarpardı. Son səsvermədən də bunu aydın sezirik. Nisbətən fəallıq göstərən səfirliklərimizin olduğu ölkələrin deputatları Azərbaycana münasibətdə ədalətli mövqe ortaya qoyublar. Bu faktı baş nazirin müavini Əli Həsənov da qeyd etdi. O da hesab edir ki, belə nəticənin alınmasında səfirliklərimizin zəif fəaliyyətinin də təsiri az deyil. Mənə elə gəlir ki, yaranmış vəziyyətdən sonra diplomatik korpuslarımıza bu istiqamətdə lazımi göstərişlər veriləcək”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın