Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Ankara “Qoca qitə”ylə gərginlikdə nə qazana, nə itirə bilər? – TƏHLİL

Ankara “Qoca qitə”ylə gərginlikdə nə qazana, nə itirə bilər? – TƏHLİL

“Avropa Birliyinin bəsirətsiz açıqlamaları ölkəmiz üçün heç bir dəyər daşımır. Avropa Birliyinin hüququ açıqca pozan Hollandiyanın arxasında dayanması dəhşətli hadisədir».

Türkiyə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda belə deyilir.

Qeyd edək ki, Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Federika Mogherini və AB Komissiyasının Genişlənmə və Qonşuluq siyasətində üzrə məsul şəxsi Cohannes Hahn dünən ortaq açıqlama verərək, Türkiyəni Hollandiya ilə aralarında yaranan gərginliyi aradan qaldırmağa çağırmışdılar. Elə həmin gün Avropa Komissiyası da gərginliklə bağlı rəsmi açıqlama yaymış və AB üzvlüyünə namizəd kimi Ankaraya üzərinə götürdüyü öhdəliklərinı xatırlatmışdı. Komissiyanın rəsmi açıqlamasında 16 aprel referendumunda təklif edilən dəyişikliklərin qəbul olunacağı, xüsusilə praktik həyata keçiriləcəyi halında, qiymətləndiriləcəyi vurğulanmışdı. Bununla da referendumun müsbət nəticələrinin tanınmayacağına eyham vurulmuşdu.

Türkiyənin Xarici İşlər Nazirliyinin bugünkü bəyanatı da Avropanın bu mövqeyinə verilmiş cavab xarakteri daşıyır. Bəyanat həmçinin Türkiyə-Avropa Birliyi gərginliyinin hələ uzun zaman davam edəcəyi ehtimalını da ağla gətirir.

Ümumiyyətlə, son zamanlar AKP hakimiyyətinin kəskin reaksiyalarla Avropa ölkələriylə münasibətləri sanki qəsdən gərginləşdirdiyi sezilir. İstər Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun, istər prezident Rəcəb Tayib Ərdoğanın çıxışları, istərsə də Türkiyə Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kayanın diplomatik skandalla nəticələnən Hollandiya səfəri də bu qəbildəndir.

Ekspertlər rəsmi Ankaranın bu mövqeyini təsadüfi hesab etmir, onun məlum konflikti davam etdirməkdə maraqlı olduğuna inanırlar. Onların fikrincə, gərginlik AKP-yə ilk növbədə 16 aprel referendumunda öz səsini artırmaq üçün lazımdır. Bildirildiyinə görə, son illərin təcrübəsi AKP hakimiyyətinə böhrandan faydalanaraq, seçici rəğbətini artırmaq qabiliyyəti qazandırıb. Bir zamanlar Davosda İsrail liderinə söylədiyi “one munite”  sözləriylə yalnız türklərin deyil, həmçinin bütün dünya müsəlmanlarının rəğbətini qazanan AKP daha sonra rus təyyarəsini vurmaqla öz populyarlığını artırmışdı. Son referendumda isə ona bu cür reytinq taktikaları daha çox lazımdır. Nədən ki, Türkiyə vətəndaşları arasında keçirilən rəy sorğuları hətta AKP tərəfdarlarının belə, prezidentlik üsul-idarəsinə çox etibar etmədiklərini göstərirdi. Buna görə də AKP millətçi emosiyaları yüksəldərərək, bitərəf seçiciləri öz tərəfinə çəkməyə çalışır.

Almaniya, Hollandiya kimi ölkələrin xüsusilə seçilməsi isə təsadüfi deyil: Almaniyada 3 milyona yaxın, Hollandiyada isə 300 min türk vətəndaşı yaşayır. Vətən həsrəti, yaşadıqları ölkələrdə ikinci vətəndaş kimi qəbul edilmələri istər-istəməz onlarda populizm meyllərini artırır və onlar seçicilərin bu hislərdən faydalanmağı bacaran AKP-ni dəstəkləyirlər. Məlumata görə, son prezident seçkilərində Türkiyədə yaşayan seçicilərin 49%, Avropadakı seçicilərin isə 60%-dən çoxu AKP-nin tərəfində dayanıb. Hollandiya və Avropa Birliyinin digər üzvləriylə qarşılıqlı polemikaların bu nisbəti Ərdoğanın xeyrinə daha da artıracağı güman olunur.

Bununla belə, populist çıxışlarla səs artırmaq siyasətinin Türkiyəyə, eyni zamanda islam dünyasına ciddi mənfi təsirləri olacaq.

Böyük ehtimalla, başlıca mənfi təsir Avropaya sığınan müsəlman qaçqınlara münasibətdə özünü büruzə verəcək. Türkiyəylə Hollandiya arasında yaşanan son referendum gərginliyi əksəriyyəti ötən əsrin ikinci yarısında Avropaya yerləşən türklərin belə, Qərb dəyərlərinə inteqrasiya prosesini tam keçirə bilmədiklərini, hələ də şahlıq üsul-idarəsini xatırladan bir rejimi dəstədiklərini ortaya qoydu. Bu, həm də bir vətəndaş kimi onların hansı dövlətə və siyasi rejimə bağlı olduqlarının sınağı idi. Hətta bəzi Qərb mediasında türk vətəndaşlarının rəsmi Ankaranı dəstəkləməsi yaşadıqları dövlətin demokratik dəyərlərinə sədaqətsizliyin göstəricisi kimi qiymətləndirildi. Sözsüz ki, Avropa-Tükiyə gərginliyinin sürdürülməsi istər-istəməz Qərbin yerli sakinləri ilə türklər, eyni zamanda müsəlmanlar arasında münasibətlərin də korlanmasına yol aça bilər.

Xüsusilə, türk rəsmilərinin “Hollandiyaya ağır bədəl ödədəcəyik” kimi bəyanatları təkcə həmin ölkənin rəsmilərini deyil, vətəndaşlarını da ciddi narahat edir. Görünür, məhz bu nigarançılığı nəzərə alan Türkiyə Xarici İşlər naziri Çavuşoğlu CNN telekanalına verdiyi müsahibəsində həyata keçirəcəkləri sanksiyaların xalqa zərər verməyəcəyini vurğulamağa məcbur olmuşdu.

Türkiyənin bu ritorikasını sürdürməsi bir çox Qərb ölkələrində faşist təfəkkürlü siyasi cərəyanların da dürməyinə yağ sürtür. Avropanın hətta aşırı millətçiliyi müdafiə etməyən partiyaları belə, xalqın rəğbətini qazanmaq üçün gərginliyin yaratdığı ultramillətçi tələblərə yönəlirlər. Hazırda seçki ərəfəsində olan Hollandiyanın indiki baş naziri Mark Rutteynin məhz seçici səsi qazanmaq üçün millətçi addımlar atmağa çalışdığı da istisna olunmur. Müsəlmanların inteqrasiya prosesini çətin keçirdiyini düşünən Avropanın getdikcə millətçiliyə yuvarlanması isə gələcəkdə özgələrə qarşı basqı siyasətinin gücləndirə, onların hətta ölkədən deportasiya məsələsini gündəmə gətirilməsinə yol aça bilər.

Gərginləşən münasibətlər ölkələrarası iqtisadi əlaqələrə də mənfi təsir göstərəcək. Xüsusilə, Türkiyənin xarici ticarətində mühüm rolu olan Almaniyayla pozulan münasibətlərin Türk turizminə ciddi zərər vuracağı gözlənilir. Bu ehtimalın ilkin işartıları artıq görünməkdədir. Yayılan məlumatlara görə, artıq Almaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını qardaş ölkəyə səfərlərində ehtiyatlı olmağa çağırıb. Nazirlik bunu “seçki kampaniyaları prosesində siyasi gərginliklərin və etiraz hərəkətlərinin artacağı, nifrətin Almaniyaya qarşı yönələcəyi və bundan Türkiyəyə səyahət etməkdə olan almanların təsirlənə biləcəyi” ehtimalıyla əsaslandırıb.

Türk turizminin almanlardan qazandığı isə az deyil. Xüsusilə, Rusiya ilə təyyarə böhranının yaşandığı 2015-ci ildə Türkiyə turizmi yaranan boşluğu Almaniyanın hesabına dodurmuşdu. Ölkənin Mədəniyyət və Turizm naziri Nabi Avcı da bu faktı təsdiq edərək deyirdi: “2015-ci ildə Almaniyadan Antalyaya gələn ziyarətçi sayı 5,38% nisbətində artaraq 3 milyon 148 min adama yüksəlmişdi. Ölkəmizə gələn almaniyalı turistlərin seçimlərində üstünlük verdiləri ikinci ən mühüm yer isə İstanbuldur. 2015-ci ildə İstanbula ən çox ziyarətçi göndərən ölkələr sıralamasında 1 milyon 215 min ziyarətçi sayı ilə Almaniya ilk sırada gəlməkdədir. Tətillərini Türkiyədə keçirmək istəyən alman turistlər Antalya və İstanbuldan sonra sırasıyla ən çox Egey sahilləri və Kapadokya bölgəsini seçməkdədir”.

Nabi Avcının bu sözləri Almaniya ilə münasibətlərin korlanması nəticəsində qardaş ölkənin milyonlarla turist itirəcəyindən xəbər verir. Nəzərə alsaq ki, almanlar həm də bahalı müştərilərdir və hər bir turist səyahətə çıxdığı ölkədə minlərlə avro xərcləyir, bu zərərin milyardlarla dollara başa gələcəyini təxmin etmək çətin deyil.

Rəsmi Ankaranın populist siyasəti NATO üzvü olan Türkiyənin Alyansdakı mövqeyini də zəiflədəcək. Təadüfi deyil ki, Hollandiya ilə gərginlik yaranandan sonra NATO-nun Baş katibi Stoltenberq tərəfləri sakitləşməyə çağırmışdı. Stoltenberq nə qədər üzünü hər iki tərəfə tutsa da, əsasən Türkiyənin bostanına daş ataraq deyirdi: “Sağlam müzakirələr demokratiyanın mərkəzində yer alsa da, bir-birinə hörmət də onun vacib şərtlərindəndir. Bütün müttəfiqləri qarşılıqlı hörmət, ehtiram və ölçülü yanaşmağa çağırıram. Gərginliyi azaltmaq üçün bizi birləşdirən dəyərlərə əhəmiyyət verməliyik”.

Son zamanlar Türkiyənin hərbi gücünü möhkəmlətmək üçün Rusiya istehsalı olan özünümüdafiə sistemlərinə yönəlməsi də Ankara-NATO arasında əlaqələrin getdikcə zəifləməsinin göstəricisi və məntiqi nəticəsidir.

Populist siyasət Türkiyənin uzun illərdən bəri tərkib hissəsi olduğu Qərblə diplomatik əlaqələrinə və Avropaya inteqrasiya prosesinə də ciddi zərbələr vurur. Bir çox AB rəsmisi tərəfindən ölkənin ittifaq üzlüyünə namizədlikdən uzaqlaşdırılması gündəmə gətirilib və bu da Türkiyənin böyümə hədəflərini təhlükə altında qoyur.

Bütün bu amillər qardaş ölkənin necə çətin imtahan qarşısında dayandığını təsdiqləyir…

Heydər Oğuz

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın