Ana səhifə / Sosial / AMİP-də üzə çıxan “istefa müəmması” …

AMİP-də üzə çıxan “istefa müəmması” …

Əli Orucov: “Belə addımlar partiyaları daha da zəiflədir”

Taliyət Əliyev: “Burda başqa məqamlar var”

Əli Əliyev: “İstefada xəstəliyin səbəb kimi önə çəkilməsi əsl səbəblərin gizlədilməsi üçün irəli sürülən arqumentdir”

Xəbər verildiyi kimi Azərbaycan Milli İstiqlal Partiyasının (AMIP) sədri Yusif Bağırzadə istefa verməyə hazırlaşır. O, bu addımını səhhətində olan problemlərlə əlaqələndirib. Məsələ AMİP-in qarşıdan gələn qurultayında öz həllini tapacaq.
Bir çox dünya siyasətçilərinin müəyyən bir xəstəliyi daşımasına baxmayaraq, öz fəaliyyətini davam etdirdiyini nəzərə alaraq istefanın məhz bu səbəbə görə verilməsi bir qədər inandırıcı görünmür. Bu, eyni zamanda Y.Bağırzadənin sədrliyə gəldiyi zaman verdiyi müsahibələrdə sərgilədiyi mövqe, yəni əgər müxalifət düşərgəsində birlik, aktiv fəaliyyət olmasa, partiyanı müəyyən vaxt ərzində inkişaf elətdirə bilməsə, istefa verəcəyi ilə bağlı fikirlərinin nəticəsi də ola bilər. İnsan sağlığına münasibətin ən incə məqamlardan olduğunu nəzərə alaraq, “kaş ki bu istefa ikinci səbəbdən olsun” deyənlər də olacaq.
Bu mənada artıq siyasi ictimaiyyət AMİP-də sədrin istefası, yeni sədrin kimliyi, eləcə də partiya lideri Etibar Məmmədovun yenidən sədr postuna qayıdacağı ilə bağlı müxtəlif versiyaların üzərində dayanır. Bu gün AMİP sədrinin istefa istəyi nə ilə bağlıdır, bu, partiyaya nə vəd edir və siyasi düşərgə üçün istefa mədəniyyəti təcrübəsini nümayiş etdirmiş olacaqmı?
Məsələ istər partiya daxilində, istərsə də digər partiyalar tərəfindən fərqli təhlil olunsa da, şübhəli versiyalar özünü doğrultdu.

“Etibar bəyin yenidən AMİP-ə sədr qayıdacağını düşünmürəm”

AMİP-də üzə çıxan “istefa müəmması” …
AMİP sədrinin müavini Əli Orucov sədrin səhhətində uzun müddət idi ki, problemin olduğunu və onun Almaniyada müalicə kursu keçdiyini dedi. Yeni sədrin kimin olacağına gəlincə, o, “biz ilk növbədə Yusif bəyin istefasına baxmalıyıq. Ondan sonra bu barədə danışmaq olar”- deyə, bildirdi.
“Partiyaların güclənməsinin yolu istefa deyil. Əksinə belə addımlar partiyaları daha da zəflədir. Sıravi bir nəfərin partiyanı tərk etməsini də indiki dövrdə ağır itki hesab edirəm. Partiyalar elə güclənməlidir ki, onların cəmiyyətdə və dövlətin idarəçiliyində rolları olsun. Eyni zamanda cəmiyyətin özü fəallaşsın. Sosial siyasiləşmə baş versin. Belə bir vaxtda Etibar bəyin yenidən AMİP-ə sədr qayıdacağını düşünmürəm. O, daha yüksək statustadır, AMİP-in lideridir.

“Yeni sədr partiya rəhbərliyində təmsil olunan şəxslərdən biri olacaq”

AMİP-də üzə çıxan “istefa müəmması” …
Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev Yusif bəyin səhhətindəki problemlərlə bağlı məlumatının olduğunu bildirsə də, partiya sədrliyindən istefasında sağlıq durumunun həlledici rol oynayıb-oynamadığı barədə konkret bir söz demək istəmədi.
“Yusif bəyin seçkidə namizədliyini geri götürməsi ilə partiya sədrliyindən istefasının üst-üstə düşməsi başqa qaranlıq məqamların olmasını önə çəkir. Ola bilsin ki, burda başqa məqamlar da var”.
T.Əliyev dedi ki, bu addımın başqa partiyalar üçün təcrübə olmasına da ehtiyac yoxdur.
“Müxalifət partiyalarında bu cür siyasi mədəniyyət nümunələri çox olub. AMİP sədrliyinə kimin gəlməsi isə həmin partiyanın daxili işidir. AMİP növbəti qurultaya hazırlaşır. Qurultayda yeni sədrin kim olması məlum olacaq. O ki, qaldı yeni sədrə, Etibar bəyin yenidən AMİP sədrliyinə qayıtmasını istisna edirəm. Böyük ehtimalla yeni sədr partiya rəhbərliyində təmsil olunan şəxslərdən biri olacaq”.

“Görünür, seçkidə nəticə əldə edə bilmədiyini görüb, usanıb, yorulub və istefa verib”

AMİP-də üzə çıxan “istefa müəmması” …
Sabiq AMİP sədri, hazırda Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP) Əli Əliyev AMİP-də baş verənlərdən xəbərdar olduğunu bildirdi.
“AMİP-in bugünkü durumu və o istefa ilə bağlı kifayət qədər məlumatım var. Ora ilə əlaqələrim də var, adamlarım da. Hətta bu gün hansı müzakirələr olacağını da bilirəm. Hətta sədr seçimi ilə bağlı aparılan məsləhətləşmələrdən də detallı xəbərim var”.
Y.Bağırzadəyə, onun şəxsi keyfiyyətlərinə görə hər zaman hörmətlə yanaşdığını deyən Ə.Əliyev onun istefasında müəmmaların olmasına işarə etdi.
“Onun istefasının qeydiyyat dövrünün sonuna təsadüf eləməsini seçki ilə əlaqələndirirəm. Bu istefa nə müxalifət düşərgəsinin, nə də başqa proseslərin yekunu deyil. Yusif müəllimin siyasətdə olan bir şəxs kimi seçkidən umacağı şeylər var idi. Görünür, seçkidə nəticə əldə edə bilmədiyini görüb, usanıb, yorulub və istefa verib. Bu onun hüququdur, onun seçiminə hörmətlə yanaşmaq lazımdır. Amma orada baş verən cərəyanları və istefanın əsl səbəbini şərh etmək niyyətində deyiləm”.
Ə.Əliyev istefada xəstəliyin səbəb kimi önə çəkilməsini əsl səbəblərin gizlədilməsi üçün irəli sürülən arqument adlandırdı. “O ki qaldı bunun təsirlərinə, əlbəttə ki, belə istefalar müxalifət düşərgəsini zəiflədir, ruh düşkünlüyü yaradır”.

Tahirə QAFARLI 

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın