Ana səhifə / Sosial / Altıağac Milli Parkındakı yanğın söndürülüb – Nazirlikdən açıqlama

Altıağac Milli Parkındakı yanğın söndürülüb – Nazirlikdən açıqlama

Altıağac Milli Parkının ərazisinə keçən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin aviasiya dəstəsinin qüvvələrinin səyləri nəticəsində ötən gün gecə saatlarında söndürülüb.
Mia.az ETSN-ə istinadən bildirir ki, hazırda ərazidə tüstülənən ağac kötüklərinin tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları əl əməyindən və mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstəriblər. ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkür edir.
İlkin hesablamalara görə, yanğın, təxminən, 100 hektar ərazini əhatə edib, əsasən kol bitkiləri, xəzəl, ot örtüyü, meşənin alt yarusu, qurumuş və yıxılmış ağaclar yanıb.
Yanğının baş verməsində şübhəli bilinən şəxslərin müəyyən edilməsi, qanunamüvafiq cəzalandırılması, həmçinin dövlətə və təbiətə vurulmuş ziyanın ödətdirilməsi istiqamətində Altıağac Milli Parkı tərəfindən müvafiq sənədləşmə işləri aparılıb və hüquq-mühafizə orqanlarına müraciət olunub.
Xatırladaq ki, 28 iyulda Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli Parkının ərazisinə keçmişdi.

Həmçinin oxuyun

İcra başçısı 2 milyonluq villanı sökdürdü – Fotolar

Səssiz-səmirsiz, sakit-sakit, hissə-hissə sökürlər. Villanın qarşısında “Bakıxanov rezidens”in binası inşa olunacaq. Azinforum.az xəbər verir ki, …