Şənbə , May 21 2022
Ana səhifə / Sosial / Alman kanslerdən qorxunc proqnoz – Qarabağda minaların təmizlənməsi 100 il çəkə bilər?

Alman kanslerdən qorxunc proqnoz – Qarabağda minaların təmizlənməsi 100 il çəkə bilər?

Almaniya kansleri Olaf Şolz deyib ki, Ukraynaya davam edən genişmiqyaslı müharibənin nəticələrini, xüsusən də partlamamış hərbi sursat və mina təhlükəsini aradan qaldırmaq üçün bir əsrə yaxın vaxt lazım ola bilər. “Həyəcan doğuran bu açıqlamanın bir ipucu da bizə çatır. Çünki Qarabağda minaların təmizlənməsi prosesini başa çatdırmamışıq, amma köçkünlərin qayıdışı da reallaşmalıdır, artıq Zəngilanın Ağalı kəndinə ilk dönüş olmalıdır.

Lakin kanslerin sözləri belə deməyə əsas verir ki, bizim üçün də mina problemi uzun illər qala bilər. Sitat: “Almaniyada yaşayanlar bilirlər ki, biz hələ də 2-ci Dünya müharibəsi zamanı atılmış mərmilərə rast gəlirik. Ukrayna bu müharibənin nəticələrinin altını daha 200 il çəkəsi olacaq. Belə müharibələrin uzunmüddətli nəticələri olur. Mərmilər torpaqda illərlə qala bilər”.

Kansler əlavə edib ki, Qərb tərəfdaşları müharibədən sonra Ukraynanın bərpasına birgə töhfə verməli olacaqlar.

Bu açıqlama işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi məsələsini bir daha gündəmə gətirir. Məlumdur ki, Azərbaycan dövləti bu problemlə təkbaşına, sırf özünün resursları ilə mübarizə aparır. Düzdür, bəzi ölkələr dəstək veriblər, amma əsas yük öz üzərimizə düşür. Minalardan təmizlənmə isə çox bahalı işdir.

Bəs Ukraynaya indidən minalar məsələsində kömək vəd edən Almaniya, Qərb nədən eyni şəkildə işğalın nəticələrindən əziyyət çəkən ölkəmizə kömək eləmir? Şolts 100 ildən danışır, Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə nə qədər vaxt lazım olacaq? Yeri gəlmişkən, Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı mayın 2-dən 7-dək aşkarlanan minaların sayını açıqlayıb. Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Müharibə başa çatdıqdan sonra 200-dən çox hərbi və mülki şəxs, əfsuslar olsun ki, mina hadisələri nəticəsində ya həlak olub, ya da ciddi xəsarətlər alıb. Prezident İlham Əliyev bu sahədə daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu diqqətə çatdırmışdı. İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 14600 hektaradək ərazi minalardan təmizlənib. Ümumilikdə 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə və 9300 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Oxu.az - Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə qayıtdı

Üzeyir Cəfərov 

Polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a qeyd etdi ki, minaların təmizlənməsi üçün həqiqətən bizə illər lazım olacaq. Hərbi ekspert hesab edir ki, əlimizdə minaların xəritələri yoxdur, olanların da çoxu dəqiq deyil, ermənilər isə xaotik şəkildə minabasdırma işlərini həyata keçirib: “Bəziləri elə dərinliyə düşüb ki, üstünü palçıq örtüb. Ona görə illər keçəcək və onlar tapılacaq. Elə mayın 12-də Ağdamda bir çoban minaya düşdü. Yəni bu problemi qısa müddətdə həll etmək mümkün deyil. O cəhətdən Almaniya kanslerinin fikirlərini bölüşürəm”.

Ukraynaya gəlincə, Ü.Cəfərov bildirdi ki, bu ölkənin ərazisi çox böyükdür: “Təkcə Xerson Qarabağdan iki dəfə böyükdür. Hələ Nikolayev, Sumi və digər əyalətlər var. Hətta xəbərlərdə oxudum ki, 10 yaşlı qızın pianosunun arasına qumbara bağlayıblar. Görün, hansı xainliyə əl atıblar. İşğalçının mahiyyəti budur, gözləmədiyin yerdə minalar basdırılacaq. Ona görə Qarabağda mina partlaması xəbərləri əfsus ki, hələ çox gələcək. Üstəlik, bu əraziləri təmizləmək üçün fiziki güc azdır, xeyli dərəcədə texnika lazımdır. Qardaş Türkiyə minaaxtaran itlər verib, fransızlar dəstək olub, amma əsas iş bizə düşür. Onu da deyim ki, bu iş çox pul tələb edir. Xarici mütəxəssislər isə pulunu alıb gedirlər”.

Hərbi analitikin sözlərinə görə, Azərbaycan Ukraynadan ləng tərpənir: “Biz Ermənistandan təzminat tələblərini tezləşdirməliyik, beynəlxalq qurumlara yazmalıyıq. BMT və digər qurumlar Ukraynada araşdırma aparır. Biz gözləmə mövqeyində dayanmalı deyilik, müvafiq qurumlar hərəkətə keçməli, beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıdır. Ukraynada müharibə 80-ə günə yaxındır ki, davam edir, aktiv çalışırlar, amma Qarabağda müharibə demək olar iki ildir bitib. Di gəl, lazımı səviyyədə iş aparmırıq, danışmaqla olmur”.

Qeyd edək ki, Avropa İttifaqı Azərbaycanı azad olunmuş ərazilərdə minatəmizləmə məsələsində dəstəkləməyə davam edir və bunun üçün yardımın növbəti paketi hazırlanır. Qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko belə deyib. Hazırkı yardım paketi 2,5 milyon avrodur. Habelə, Böyük Britaniya da minaların təmizlənməsi prosesinə dəstək olan əsas ölkələrdən biridir.

Həmçinin oxuyun

“Bir baş nəşəyə görə” həbs etməyəcəklər, amma…

Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilib. Bunun üçün İnzibati Xətalar Məcəlləsində dəyişiklik …