Ana səhifə / Sosial / “Aleksandr Lapşinin ekstradisiyası Dilqəm Əsgərov üçün presedent yaradır” – Hüquq müdafiəçisi

“Aleksandr Lapşinin ekstradisiyası Dilqəm Əsgərov üçün presedent yaradır” – Hüquq müdafiəçisi

Hüquq müdafiəçisi bu məsələnin siyasi deyil, sırf hüquqi xarakter daşıdığını bildirir

Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edən, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin “müstəqilliyi”ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin fevralın 7-də Belarus Respublikasından Azərbaycan Respublikasına ekstradisiya edilib.

Bu məsələ bir-neçə ölkədə ciddi müzakirələrə səbəb olub. Azərbaycan, Ermənistan, Rusiya, Ukrayna, İsrail və digər ölkələrin sosial şəbəkələrdəki nümayəndələri fərqli mövqe nümayiş etdiriblər.

Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunmasına hüquqi müstəvidə qiymət verən hüquq müdafiəçisi Əhməd Şahidov Azinforum.az saytına açıqlamasında bu prosesin Azərbaycan və beynəlxalq qanunvericiliyə tam uyğun olduğunu bildirib: “Üç ölkənin vətəndaşı olan Aleksand Lapşin “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin Aprel və 2012-ci ilin Oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. Daha sonra isə sosial şəbəkələrdə Dağlıq Qarabağı “müstəqil respublika” kimi təqdim edərək, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü təhrif etdib. Nəticədə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyəti meydana gəlib. Azərbaycan hüquq mühafizə orqanları İnterpola müraciət edərək, A.Lapşinin tutulub Azərbaycana təhvil verilməsini istəyib və bu qanuni tələb Belorus hökuməti tərəfindən təmin olunub. Bu proses həm Azərbaycan, həm də beynəlxalq qanunvericiliyə tam uyğundur.”

Aleksandr Lapşinin hüquqlarının müdafiəsi barədə danışan Əhməd Şahidov onun vətəndaşı olduğu Rusiyaya mümkün ekstradisiyası fikrini səsləndirənlərə kəlbəcərli girovların həbsini xatırladıb: “Bu məsələni siyasiləşdirməyə ehtiyac yoxdur, sırf hüquqi prosedurdur. Müəyyən qüvvələr, xüsusən də Ermənistan tərəfi məsələyə siyasi don geyindirməyə çalışırlar. Halbuki, Aleksandr Lapşinin əməllərində konkret cinayət əməlləri var. Milliyyətindən asılı olmayaraq, istənilən şəxs həmin addımı atsaydı, eyni qayda ilə cinayət məsuliyyətinə cəlb ediləcəkdi. Mən Aleksandr Lapşinin vəkili Karinna Moskalenkonun mətbuata verdiyi açıqlamalarla tanış oldum. Çox güman ki, gələcək məhkəmə prosesi zamanı Lapşinin vəkilləri daha çox olacaq və onlar Aleksandr Lapşinin vətəndaşı olduğu ölkəyə təhvil verilməsini tələb edəcəklər. Xüsusən də Rusiyaya təhvil verilməsi barədə fikirlər səsləndirilir. Rusiya XİN rəsmilərinin də bu məsələdə narahatlığı ortadadır. Onlar da əsas kimi Rusiya Federasiyasının Konstitusiyasını göstərirlər. Həmin Konstitusiyanın 61.1 Maddəsinə görə, Rusiya Federasiyası vətəndaşlarının başqa ölkəyə təhvil verilməsi qadağandır. Həmin Konstitusiyanın 61.2 Maddəsinə görə Rusiya dövləti öz vətəndaşlarının xaricdə hüquq və azadlıqlarının təminatına zəmanət verir. Təbii ki, bütün bunlar Rusiyanın öz vətəndaşını müdafiə etməli olduğu anlamına gəlir və gələcəkdə Moskvadan gələcək vəkillərin A.Lapşinin müdafiəsinə qoşulacağı gözləniləndir. Həmin vəkillər məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra A.Lapşinin öz cəzasını Rusiyada çəkməsi üçün vəsadət də qaldıra bilərlər ki, bu da gözləniləndir. Lakin bu, yeni presedent yaradacaq. Mən əslən azərbaycanlı olan, lakin Rusiya Federasiyası vətəndaşı Dilqəm Əsgərovun həbsini və onun üzərində qurulmuş saxta məhkəməni xatırlatmaq istərdim. 11 İyul 2014-cü ildə qanunsuz həbs edilən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində saxta məhkəmə prosesi keçirildi. Həmin prosesin nəticəsi olaraq, 29 Dekabr 2014-cü ildə Şahbaz Quliyevə 22 il, Dilqəm Əsgərova isə ömürlük həbs cəzası verildi. Mən Rusiya vətəndaşı olan Dilqəm Əsgərov üzərində dayanmaq istəyirəm və A.Lapşini müdafiə edən rus vəkillərə, habelə Rusiya XİN rəsmilərinə səslənirəm: Dilqəm Əsgərov da Rusiya vətəndaşıdır. Lakin onun həbsindən sonra, habelə barəsində qeyri-qanuni məhkəmə hökmü çıxarılarkən Rusiyadan hər hansı reaksiya – açıqlama, nota, ziyarət cəhdi belə olmadı. Bəs, Rusiya Federasiyasının Konstitusiyasının 61.2 Maddəsi nə tez unuduldu?! Amma bu səhvi düzəltmək bugün də gec deyil. Düşünürəm ki, Lapşinin məsələsi Dilqəm Əsgərov üçün presdent rolunu oynayacaq və nəhayət ki, Rusiya Federasiyası öz vətəndaşı olan Dilqəm Əsgərova sahib çıxacaq.”

Azinforum.az

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın