Ana səhifə / Sosial / Ailədaxili cinayətlər günbəgün artır – ŞƏRH

Ailədaxili cinayətlər günbəgün artır – ŞƏRH

Son illər məişət zorakılığı, qohum-əqrəba cinayətləri artmaqdadır. Belə hadisələrdən biri də bugünlərdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində baş verib. Nümayəndənin oğlu, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev bacısı, 1991-ci il təvəllüdlü Aydan Babayevanı odlu silahdan atəş açaraq öldürüb. Daha sonra M. Babayev könüllü şəkildə gəlib polisə təslim olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Başqa dəhşətli hadisə isə cümə günü Xaçmazda yaşanıb. Ləcət kənd sakini, 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasına atəş açıb. 1963-cü il təvəllüdlü Sona Aslan qızı Yunusova hadisə yerində ölüb, Beykəs Mirzəcan oğlu Yunusov isə Xudat şəhər xəstəxanasının təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Bəs bu cinayətləri tətikləyən amil nədir: dolanışığın az olması, qadınların (qayınanaların) oğlunun, qızının ailəsinə yersiz və davamlı müdaxilə etməsi, namus qısqanclığı? Dəhşətli ailə cinayətlərinin qarşısını almaq mümkündürmü? Hansı addımlar atılmalıdır?

Fazil Mustafa: “Azərbaycanda təhsilsiz qadın qalmamalıdır”

Fazil Mustafa: “Savadsızlıq, cahillik, avamlıq bu cür cinayətlərin törədilməsinə səbəb olur”

Musavat.com mövzu ilə bağlı millət vəkili Fazil Mustafa ilə əlaqə saxlayıb. Millət vəkili saytımıza açıqlamasında bildirib ki, cinayətlərin artmasının iki səbəbi var:

“Birincisi təhsilin bütün cəmiyyətdə yayğın olmamasıdır. Təhsilsizlik, savadsızlıq, cahillik, avamlıq cinayətlərə gətirib çıxarır. İkincisi isə işsizliklə bağlı sosial problemdir. Insanlar bekarçılıqdan daha çox çətin, vacib məsələlər üzərində yox, epizodik məsələlər üzrə baş sındırırlar. Ona görə də iki istiqamətdə siyasət real məzmun almalıdır və dəyişməlidir. Pandemiya dövründə iş yerləri bağlandı, insanların sıxıntıları artdı. Deputat olaraq mənə edilən zənglərdən də insanların maddi sıxıntılar yaşadığının şahidi oldum. Acınacaqlı durumdur. Cinayətlərin qarşısını ancaq təhsil səviyyəsini yüksəltmək və işsizliyi aradan qaldırmaqla almaq olar. Çünki biz ağıllı siyasət aparmalıyıq. Özəl sektorun qarşısındakı bütün maneələri aradan qaldırmalıyıq. Nə qədər inhisarçılıq amilləri varsa, aradan götürməliyik ki, vətəndaşlar öz qabiliyyətləri ilə iş yerləri aça bilsinlər, iqtisadi cəhətdən müstəqillik əldə etsinlər. İş yerləri açıb, insanları ora cəlb etmək lazımdır. Vəziyyətdən ancaq belə çıxmaq olar”.

Mehriban Zeynalova: ““Qaynar xətt”in yaradılması zəruridir”

Mehriban Zeynalova: “İnsanlar həyəcan siqnalı çalanda o məsələni araşdırmaq lazımdır”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova qeyd edib ki, hər ailədə məişət zorakılığının səbəbi fərqlidir:

“Hər ailədə problem bir cür təzahür edir. Bunları ümumiləşdirmək mümkün deyil. Kimisinə də kənar müdaxilələr o qədər çox olur ki, adam boğaza yığılıb, silaha əl atır. Amma bunlar kimisə öldürməyə haqq qazandırmır. Xaçmazda olan olayda bildiyim qədəri ilə gəlin qaçıb, atası evinə sığınıb. Kürəkənin qarşısına ona görə qayınana və qayınata çıxıb. O da onları güllələyib. Biz hadisəyə qədər olan prosesi bilmirik. Ona görə bu hadisə sual doğurur və konkret hansısa səhnəni təsvir etmək mümkünsüzdür.

Bəzi hadisələr qısqanclıq üstündə olur. Bəzi hadisələrdə kişilər bildirir ki, həyat yoldaşlarını əxlaqsızlığa görə öldürüblər. Ən çox istifadə edilən “əxlaqsız idi, öldürdüm” bəhanəsidir. Bəzən ailələrə valideynlər çox müdaxilə edir. Bu hallar daha çox boşanmaları artırır. Məişət zorakılığının və cinayətlərinin qarşısını almaq mümkündür. Əgər hədə-qorxu gəlinən, şiddət görən şəxslər hüquq-mühafizə orqanlarına müraciət edərsə, dərhal tədbir görülməlidir. Sadəcə, bizim qanunvericilikdə şəxs xəsarət almayınca heç bir tədbir görmək olmur. Birinci qanunvericiliyi təkmilləşdirmək lazımdır. Bəzi hallarda isə şiddət görən şəxs hüquq-mühafizə orqanlarına müraciət edir, lakin heç bir nəticə ala bilmir. Çünki izahat alınır, vəssalam. Əslində izahat alındıqdan sonra qarşı tərəf nəzarətə alınmalıdır, onun barəsində uzaqlaşdırma qərarı çıxarılmalıdır, qoluna elektron qandal taxılmalıdır ki, şikayətçiyə yaxınlaşsa, polisin xəbəri olsun. Bizim mühafizə orderi ilə heç nə etmək olmaz, təhlükəsizliyi təmin etmir.

İkinci məsələ odur ki, insanlar həyəcan siqnalı çalanda o məsələni araşdırmaq lazımdır. Sosial işçilərin sayı çoxdur. Onlar ailələrdə iş aparmalıdır. Polislə bərabər sosial işçilər evlərə göndərilməli, hadisəni hüquqi qiymətləndirməli, nəzarətdə saxlamalıdır”.

Türkiyə-Rusiya birləşir: NATO-nun raket narahatlığı

Əlövsət Allahverdiyev: “Psixoloji durumu normal olan şəxs maddi sıxıntı yaşasa da, kənar müdaxilələr olsa da, cinayətə əl atmır”

Hüquqşünas Əlövsət Allahverdiyev qeyd edib ki, cinayətlərə səbəb insanların psixoloji durumudur:

“İstər qısqanclıq, istər ailə basqısı, istərsə maddi durumun yaxşı olmaması, istərsə də psixoloji gərginlik qohum cinayətlərinə səbəb ola bilər. Yersiz müdaxilələrin cinayətlərə səbəb olması inandırıcı deyil. Lakin insanın psixoloji durumunun yerində olmaması cinayətlərə səbəb olur. İkinci tərəfdən, problem ondadır ki, insanların silah alması prosesi asan olub. Onlar tanışlıqlamı, pullamı, hansı yolla asan silah əldə edirlər, bilmirəm. Normalda hüquq-mühafizə orqanları və həkim nəzarətindən keçmiş şəxslərə ov tüfəngi verilir. İnsanların psixoloji durumu yoxlanmalıdır. Təəssüf ki, bu gün insanlar asanlıqla silah əldə edirlər. Xaçmazda baş verən hadisə də ehtiyatsızlıqdan baş verməyib. Orada insan həyatına qəsd olunmasıdır.  Silah olmasaydı, o şəxs bu hadisəni belə asanlıqla törədə bilməzdi. Yəni insanın psixoloji durumu buna şərait yaradır. Bütün problemlərin səbəbi psixoloji durumdur. Çünki psixoloji durumu normal olan şəxs maddi sıxıntı yaşasa da, kənar müdaxilələr olsa da, cinayətə əl atmır”.

Növbəti “Kvartet” rubrikasında psixoloqlar Vəfa Vaqifqızı və Elnur  Rüstəmovla müzakirə 1905.az

Vəfa Vaqifqızı: “Cəmiyyətdə insanlar ancaq etdiyi hərəkətə görə qınanılır, lakin onun atdığı addımın səbəbi soruşulmur”

Psixoloq Vəfa Vaqifqızına  görə də ailədaxili cinayətlərin artmasına səbəb insanların psixoloji baxımdan normal olmamasıdır:

“Ailədaxili problemin bir kökü var. Biz o kökə dayanmalıyıq. Bəzən problem tam başqa görünür, amma qaynağına enəndə tam fərqli məsələ ilə qarşılaşırıq. Cəmiyyətdə insanlar ancaq etdiyi hərəkətə görə qınanılır, lakin onun atdığı addımın səbəbi soruşulmur. Heç kimə maraqlı deyil. Cinayət törədən insanların psixoloji durumu normal olmur. Normal psixologiyada olan adam tüfəngi götürüb digərini öldürməz, yaralamaz, cinayət törətməz. İnsanlar öz psixoloji durumunu analiz edə bilməlidir. Bizdə də psixoloqa getmə mədəniyyəti formalaşmalıdır. Insanlar elə düşünür ki, nevropotoloqa, psixaterapevtə getsə, onlara dəli deyəcəklər. Lakin insanın ruhş sağlamlığı üçün mütəxəssisə görünməsi vacibdir. İnsanlar çox zaman duyğularını, hisslərini ifadə etməkdən çəkinirlər. Utanmaq lazım deyil. Əgər insanlar bir-birinə olan gözəl münasibəti ifadə etsələr, daha xoşbəxt cəmiyyətdə yaşayarıq ”.

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …