Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Sosial / Ailə üzvləri şəhid anasını evdən çıxarıb?

Ailə üzvləri şəhid anasını evdən çıxarıb?

Sosial şəbəkələrdə Astara rayonundan olan şəhid gizir Ramin Əliyevin anasının ailə üzvləri tərəfindən evdən çıxarıldığı barədə iddialar paylaşılıb. Məlumatlarda bildirilir ki, ananın hər şeyi əlindən alınıb və o, kənd camaatının verdiyi 1-2 manat pulla dolanmaq məcburiyyətində qalıb.  

“Qafqazinfo” yayılan məlumatları araşdırıb. Məlum olub ki, söhbət şəhid R. Əliyevin anası Əliyeva Zübeydə Rəhman qızından gedir. O, hazırda rayonun Maşxan kəndində yaşayır.

1977-ci il təvəllüdlü Ramin Əliyev Vətən müharibəsinin ilk günlərində şəhidlik zirvəsinə ucalıb və elə doğulduğu kənddə torpağa tapşırılıb. Ramin şəhid olduqdan sonra onun doğulduğu evin acınacaqlı vəziyyətdə olduğu barədə sosial şəbəkələrdə fotolar da paylaşılıb.

Hazırda evin hansı vəziyyətdə olması və  şəhidin anası ilə bağlı yayılan iddialar haqda kəndin icra nümayəndəsi Süleyman Ağacanovla əlaqə saxladıq.

İcra nümayəndəsi saytımıza bildirib ki, şəhidin ailəsi əvvəllər daxmada yaşayıb: “Ancaq Ramin şəhid olandan sonra ailə bir müddət bibisigildə qaldı. Elə şəhidimizə də doğulandan bibisi baxıb böyüdüb. Raminin anası uzun müddətdir ki, ruhi xəstəlikdən əziyyət çəkir. Hüzr mərasimi də bibisigildə keçirildi.

Zübeydə xanımı heç kim evdən qovmayıb. Mən siz deyəndən sonra yenidən ailəyə baş çəkdim. Qonşular da dedi ki, Zübeydə həmin daxmada həyat yoldaşı Muxtar müəllimlə birgə qalır. Səhər də onları evdə görüblər. O biri oğlu Famil isə ailəsi ilə birgə yenə də bibisigildə qalır. Çünki daxma çox acınacaqlı, antisanitar vəziyyətdədir. Bir müddətdir ki, daxma olan yerdə kəndin xeyriyyəçi insanlarının köməyi ilə yeni ev tikilir. Hazırda evin içində təmir işləri gedir. Nə qədər tez köməklik edilsə, ev bir o qədər tez tikilib başa çatar”. 

Astara rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin Turan Həsənzadə də “Qafqazinfo”ya bildirib ki, Ramin Əliyev şəhid olandan sonra onun yaxınları və Rusiyada yaşayan bir neçə nəfər birləşib pul yığaraq yeni evi tikməyə başlayıblar: “Daha sonra dam örtüyünə pul göndərmədilər. Biz Yaşat Fonduna müraciət etdik, həm atanın, həm də ananın adına 2500 manat pul köçürdülər. İndi evin dam örtüyü yekunlaşıb, pəncərələri qoyulub. İçərisinin tamamlanma işləri gedir. Mən də həmin kənddə böyümüşəm. Elə böyüyəndən o daxmanı o cür görmüşəm. Muxtar müəllimin başqa evi də var idi. Yarımçıq tikili idi və dağılıb getmişdi”. 

Biz dəfələrlə həmin Zibeydə xanımın qaldığı evə getmişik, ana da orada olub. Muxtar müəllimlə aralarında bir münaqişə olmayıb. Qadın ruhi xəstəlikdən əziyyət çəkir. Şəhidin qardaşı Famili də tanıyıram. Onun anasına qarşı aqressiyası yoxdur. Evdən qovulma söhbəti də yoxdur. O, özü bəzən evdən çıxır, sonra isə qayıdır. Qızı da anasıyla daxmada qalır. Bibisi də tək qaldığına görə Famil həm bibisi ilə, həm də anası ilə qalır.

Şəhidin həyat yoldaşı isə Ağdamın Xındırıstan kəndində oğlu ilə birgə yaşayır”. 

Həmçinin oxuyun

Karantin cərimələri silinir? – VİDEO

Sərtləşdirilmiş karantin dövründə açıq havada maska taxmayan vətəndaşlara yazılmış cərimələrin silinməsi ehtimalı yenidən gündəmdədir. Bəs …