Bazar , Sentyabr 19 2021
Ana səhifə / Sosial / Ailə münaqişələrində körpələrimiz də qurban getməyə başlayıb

Ailə münaqişələrində körpələrimiz də qurban getməyə başlayıb

Xəbər verildiyi kimi, avqustun 30-da Bakıda ailə münaqişəsi zəminində dəhşətli faciə baş verib. Həmin gün Niftəliyeva Aytən İlham qızı (atası Qarabağ qazisi olub, ötən il koronadan dünyasını dəyişib) 1 yaş yarımlıq körpəsi Tahirə ilə birlikdə yaşadıqları üçmərtəbəli mülkün damından yerə yıxılıb. Yaxud yerə itələniblər.

Hadisə ilə bağlı istintaq gedir və yəqin ki, gerçək üzə çıxacaq. Ancaq ölənləri əfsus ki, heç kim həyata qaytarmayacaq. Fakt budur ki, daha bir gənc ana və körpə ailədaxili münasibətlərin qurbanı olub.

Bənzər faciə bir müddət bundan əvvəl Biləsuvarda baş vermişdi. Qayınatası tərəfindən mütəmadi olaraq döyülən gənc qadın 1 yaşlı körpəsi ilə özünü su kanalına ataraq intihar etməyə cəhd göstərmişdi. Lakin su dayaz olduğundan qadın sağ qalmış, körpəsi isə boğulmuşdu. Bu hadisəyə görə qadın həbs olunub, lakin onu zorakılığa məruz qoyanlar barədə hansı ölçünün götürüldüyü hələ də məlum deyil.

Bəs çıxış yolu nədir? Dövlət, cəmiyyət olaraq, belə faciələrdən sığortalanmaq, heç olmasa körpələrimizi qorumaq üçün hansı addımlar atılmalıdır? Ölkədə ailə institutu niyə korroziyaya uğrayıb.

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb: “Bu cür məsələlərdə günah nə kişidə, nə də qadındadır. Ümumiyyətlə, bu məqamda kimdəsə günah axtarmaq naşılıqdır. Sadəcə, məsələyə münasibət dəyişməlidir. Dəfələrlə bu haqda qeyd etmişəm ki, hər bir insanın davranışında dörd mühüm amil var – şəxsi xüsusiyyətlər, mühit, informasiya, üstünlük verdiyi dəyərlər. Bütün bu dörd amil insanın davranışını müəyyənləşdirir. Əgər bu gün ailələrimizdə belə bir vəziyyət yaranıbsa, demək ki, həmin dörd amilin qarşılıqlı əlaqəsinin formatını dəyişmək lazımdır. Bunun üçün isə ölkədə humanitar, sosial siyasət dəyişməlidir, Azərbaycan ailə modeli, ailə platforması olmalıdır. Bəs niyə bu vəziyyət dəyişmir? Bir sosioloq kimi xəbərdarlıq edərək bildirirəm ki, vəziyyət dəyişməzsə, baş verəcək faciələr bundan da pis olacaq.

Bir sosioloq kimi prosesin dəyişməsi ilə bağlı təkliflər paketim var. Kimsə müraciət edərsə, məmnuniyyətlə təqdim edə bilərəm. Yoxsa ki, cəmiyyətimizdə ailə modeli getdikcə daha pis vəziyyətə düşəcək, boşananların sayı ilbəil daha da artacaq və sairə. Bütün bunlar yeni nəslin keyfiyyətinə təsir edir. Yeni nəslin keyfiyyəti isə bizim üçün hətta Qarabağ məsələsindən belə vacib məsələdir. Yeni nəsil keyfiyyətli olduğu üçün biz Qarabağı 44 gündə geri qaytara bildik. Beləliklə, ailələrə çox diqqət ayırmalı, indidən SOS siqnalı çalmaq lazımdır. Hesab edirəm ki, sahə üzrə polis müvəkkili olduğu kimi məhəllələr üzrə 3-4 nəfərlik sosial iş xidməti olmalıdır. Həmin qrup mütəmadi şəkildə ailələr ilə məşğul olmalı, ailələrdə baş verən prosesləri izləməlidir.

50 il əvvəl ailələrin vəziyyəti indikindən qat-qat yaxşı idi. Çünki ər və arvad ailə qarşısında öz öhdəçiliyini, borcunu bilirdi, ailənin cəmiyyətdə öz yeri var idi. Belə ki, cəmiyyətdə ictimai qınaq, insanların münasibəti var idi. Həmçinin ovaxtkı din, İslam ailələrdə indikindən qat-qat daha yaxşı rol oynaya bilirdi. İndi isə gənclərdə sanki bir pərakəndəlik var, onlar ailə qarşısında öhdəliklərini başa düşə bilmirlər. Dəyərlərin də dəyişdiyini müşahidə edirik. Lakin bir sosioloq kimi qeyd  edə bilərəm ki, mövcud vəziyyəti düzəltmək mümkündür. Sadəcə bu istiqamətdə təcili işlər görmək lazımdır”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova da qeyd etdi ki, prosesin qarşısını almaq üçün sosial işçilərə ehtiyac var: “Bizim sosial iş institutumuz var və hər il institut məzunlar verir. Əslində sosial iş peşəsinə sahib olanlar nə qədər gözəl və gərəkli bir peşəyə sahib olduqlarını  o qədər də dərk etmir, sadəcə təhsil alırlar. Biz hər zaman təklif edirik ki, nikaha girən şəxslər mütləq şəkildə könüllü psixoloji diaqnostikadan keçsinlər. Bu məcburi də ola bilmir, bir qədər insan haqları məsələsi var. Lakin bu gedişlə şəxslər özləri bunu istəyəcək ki, bilsinlər kiminlə ailə qururlar, qarşısındakı təcavüzkardır, yoxsa normal insan. Bu baxımdan cəmiyyət artıq özü bu ənənəyə gedəcək. Qeyd edim ki, bu çox vacib elementdir.

İkinci bir məsələ, hələ də valideynlərinin məcburiyyəti ilə  evlənən gənclər var. Halbuki ailə qurarkən qarşı tərəfi seçmək, ailənin məsuliyyətini dərk etmək mühüm amillərdən biridir. Üçüncü bir məsələ, yeni evlənmiş gənclərə kənardan, o cümlədən qayınana, qayınata tərəfindən müdaxilələr olur. Bu müdaxilə ailədə münasibətlərin daha da gərginləşməsinə səbəb olur. Ona görə də sosial işçilər ailələrdə iş aparmalı, oradakı mühiti araşdırmalıdırlar, bilməlidirlər ki, tərəflər arasında münasibətlər zorakıdırmı və sairə. Əgər problem yoxdursa, bu zaman bəli, ailə öz inkişafına dəstək verə bilər. Bunların hamısı resurslardır və bu işi yalnız sosial işçilər görə bilər”.

Mehriban Zeynalova qeyd edib ki, təcili olaraq sosial işçilərə çağırışlar etmək lazımdır: “Çağırış etmək lazımdır ki, sosial işçilərin özləri təcili olaraq icra hakimiyyətləri, rayon polis idarəsinin, tibb müəssisələrinin, eləcə də bələdiyyələrin nəzdində yaşadıqları ərazi üzrə qeydiyyata düşsünlər və beləliklə sosial işçilərin bir könüllü hərəkatı yaransın. Lakin buna görə ciddi hazırlıq lazımdır. Sosial işçilər hazırlanmamış ailəyə buraxıla bilməz.

Daha bir məsələ mühafizə orqanının gərəksizliyidir. Əgər polis mühafizə ordenini təqdim edirsə, qarşı tərəf bunun cinayət olduğunu dərk edir, icra hakimiyyəti təqdim edəndə isə bunu sadəcə olaraq sənəd kimi qəbul edir, o qədər də əhəmiyyətli saymır. Cəmiyyətin ümumi xarakterini bilmək lazımdır. Yəni polisin təqdim etdiyi mühafizə orderi o deməkdir ki, bəli, şəxsin əməlində cinayət əməli var və o, xəbərdar olunur. Təəssüf ki, bizdə bu məsələ ilə bağlı polisə başqa məsuliyyət verilib. Belə ki, onun işi sadəcə qabaqlayıcı söhbətlər aparmaqdır. Bu polisin deyil, icra hakimiyyətinin işidir. Polis mühafizə ordeni verdikdən sonra icra hakimiyyəti həmin evi daima nəzarətində saxlamalı, monitorinq aparmalıdır.

Uşaqlarla bağlı məsələyə gəldikdə isə, bildiyiniz kimi “Qaynar xətt” var, indi onun gücünü artırmaq lazımdır. Çox təəssüf ki, bəzən intihara gətirib çıxaran adamlar cinayət məsuliyyətindən kənarda qalır, rahat yaşayır, lakin özünə qəsd etmək istəyən şəxsə isə cinayət işi qaldırılır. Hələ də bizdə intiharların cinayət tərkibi kifayət qədər araşdırılıb, yoxlanılmır. Araşdırmaq lazımdır ki, şəxsi intihara kim və hansı mühit, hadisələr cəlb etdi? Təklif edirəm ki, bu məsələ ilə bağlı QHT-lərdən ibarət bir qrup həmin araşdırmalara cəlb olunsun.

Həmçinin qonşular bu cür məsələlərdə kifayət qədər aktiv olmalıdır. Baxmayaraq ki, sosial şəbəkələrdə bu cür olaylar bağlı çağırışlar, müzakirələr var, lakin hələ bu günə qədər hansısa qonşu polisə zəng edib demir ki, filan evdən səs gəlir. Əlbəttə ki, sosial şəbəkədə hadisə ilə bağlı yazıb, müzakirə aparmaq asandır, lakin hadisənin baş verdiyi an səssiz qalınır. Sonuncu Bakıda baş verən hadisə zamanı da qonşular səs gələn anda polisə zəng edib, məsələni bildirməli idilər. Hər halda qadın dama çıxıbsa, deməli nə qədər qorxu, psixoloji təzyiq keçirib və son anda dama qaçaraq, özünü və uşağını xilas etmək istəyib, lakin bu onun və övladının faciəsi ilə nəticələnib. Təbii ki, burada qarşı tərəfdən müxtəlif bəhanələr irəli sürülə bilər. Hətta deyə bilər ki, qadın yıxılarkən ona heç əlini vurmayıb. Lakin əl vurmadan da kimisə özünə qəsdə gətirib çıxarmaq olar. Bunun üçün də ciddi araşdırma aparılmalıdır.

Hesab edirəm ki, qadınlar evdə zorakılıq görürlərsə, dərhal polisə müraciət etməlidir. Bu, o demək deyil ki, onların ailəsi dağılacaq, məsələyə dərhal müdaxilə olmalıdır. Psixoloqlar bu məsələdə dərhal səfərbər olmalıdır, onlar zorakılıq törədən şəxslə daha çox işləməlidirlər. Təəssüf ki, bununla bağlı çox sayda çağırışlar etsəm də, əhəmiyyət verən yoxdur. Hamı gözləyir ki, buna nə vaxt maliyyə ayrılacaq, o zaman işə başlayacaq”.

Psixoloq abituriyent intiharlarının qarşısını almaq üçün çıxış yolları  təklif etdi

 Elnur Rüstəmov 

Psixoloq Elnur Rüstəmov da mövzu ilə bağlı danışıb. Qeyd edib ki, son dövrlərdə pandemiyanın baş verməsi, insanların daha çox evə qapanması, iqtisadi sosial çətinliklər ailə münaqişələrinin daha da artmasına səbəb olub: “Bu gün ailələrdə baş verən problemləri araşdırıb, iş aparmaq lazımdır. Əgər bir ailə boşanma və yaxud münaqişə ilə bağlı müraciət edirsə, mütləq şəkildə psixoloqla söhbət aparmaq lazımdır. Bütün işlər kompleks şəkildə aparılmalıdır. Bununla bağlı təhkim olunan qurum olmalıdır. Qurum ailədə münaqişəni araşdırmalı, psixoloq da gedib işini görməlidir. Yoxsa ki,  psixoloqun əlində səlahiyyət yoxdur ki, ailələrə gedib iş aparsın. Doğrudur, bəzi hallarda ailələr psixoloq müraciət edir və psixoloq dəstək olur. Amma axı bütün ailələr psixoloqa müraciət etmir. Ona görə də bu müraciətin əlçatan olması üçün işlər görmək lazımdır.

Səhv etmirəmsə 2001-ci ildə Nazirlər Kabineti tərəfindən rayon icra hakimiyyətləri nəzdində ailə problemləri ilə  bağlı tibbi, psixoloji və digər sahələr üzrə komissiya yaranmışdı. Amma sonradan deyəsən həmin komissiya fəaliyyət göstərmədi. Biz indi daha çox psixoloji seanslara köklənmişik. Lakin psixoloji seanslara qədər müəyyən mərhələlər var, bura psixoloji maarifləndirmə, psixoprofilaktik tədbirlərin aparılması daxildir. Əgər psixoloji maarifləndirmə işi, psixoprofilaktik  tədbirlər yetərincə görülərsə, psixoloqlara  az ehtiyac olar”.

Həmçinin oxuyun

Beyləqanın icra başçısı qazilərə cinayət işi açdırır

Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev bir qurup Vətən müharibəsi qazilərinə cinayət işi açdırır. …