Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Ağır “sürpriz”lə qarşılaşan həmyerlimiz indi özü sürprizlər edir

Ağır “sürpriz”lə qarşılaşan həmyerlimiz indi özü sürprizlər edir

Onun hələ iki yaşı olanda ayaqları inkişafdan dayanıb. Bildirdiyinə görə, körpəliyində düzgün peyvənd edilməməsi onu ömürlük fiziki qüsurlu hala salıb.

Lakin hər kəs kimi gəzə, qaça bilməməyi özünə problem etməyib. Qoltuq ağacları ilə yeriməyi bacardığından əlil arabasından da imtina edib. Oturaq həyatı istedadı ilə birləşərək onu sənətkara çevirib. Birinci qrup əlil olmasına baxmayaraq, məhz bu sənəti sayəsində də ailəsinin bütün məsuliyyətini çiyinlərində daşımağa çalışır.

27 yaşlı müsahibimiz Yenibar Əsgərov Tovuz rayonunun Qovlar qəsəbəsində yaşayır. 7 il əvvəl tullantılardan suvenirlər yaratmağa başlayıb. Əvvəl hobbi olaraq başladığı iş, sonradan daxili ehtiyaca və dolanışıq mənbəyinə çevrilib.

Yenibar Əsgərov
Yenibar Əsgərov

Sənəti haqda Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan usta, işləyərkən stressdən uzaq olduğunu, ağlına yalnız xoş düşüncələr gəldiyini, ən əsası vaxtının sürətlə keçdiyini bildirir. Məhz vaxtını tez və mənalı keçirmək üçün ən çox üzərində saat olan suvenirlərə üstünlük verir.

“İşlətdiyim xammala, demək olar ki, pul xərcləmirəm, hamısı tullantılardır. Qohum-əqrəba, dost-tanışlar sağolsunlar, yığıb gətirirlər. Yaxınlıqda avtomobil təmiri sexindən də işlənmiş avadanlıqlar götürürəm. Üzərində işləyib hər birinin formasına uyğun ayrı-ayrı suvenirlər hazırlayıram” — Yenibar danışır.

İşlərində ona ən çox kömək edən qohumu Ömərdir. Evin pilləkənlərini əlində əşya ilə qalxa bilmədiyindən onların daşınması, lazım olan alətlərin çatdırılmasında yardımçı olan Ömər artıq özü də usta səviyyəsinə gəlib.

Yenibar Əsgərovun düzəltdiyi suvenir
Yenibar Əsgərovun düzəltdiyi suvenir

Sənətkarın beyni ideyalarla dolu olsa da, hazırladığı suvenirləri evdə yığmağa yer tapmır. Fiziki durumu düzəltdiklərinin satışını həyata keçirməyə imkan vermədiyindən vaxtaşırı işini dayandırmağa məcbur olur. Ən çox maddi deyil, mənəvi dəstəyə ehtiyacı olduğunu deyən usta əşyalarını tanıdan, satışını təşkil edə biləcək adamlara çox ehtiyacı olduğunu bildirir.

“Əl işlərinin qiyməti olmaz” — deyən sənətkar məhsullarının baha olmadığını, qiymətlərin 10-30 manat arası dəyişdiyini söyləyir.

Bütün bazarları zəbt edən Çin istehsalı suvenirlərlə öz məhsullarını müqayisə edən Yenibar Əsgərov onlarda heç bir təbiilik və xüsusilik olmadığını, buna baxmayaraq 3-4 dəfə baha qiymətə satıldığını deyir.

O, həmdərdlərini heç vaxt ruhdan düşməməyə də səsləyir: “Bizi özümüzdən başqa kimsə başa düşə bilməz. Həmdərdlərimə demək istəyirəm ki, hansısa işlə məşğul olsunlar, qarşılarına məqsəd qoysunlar. Fiziki məhdudiyyətin heç nəyə əngəl olmadığını görəcəklər”.

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …