Ana səhifə / Sosial / Ağdamda seçki qarşıdurması – YAP-ın namizədindən sensasion müsahibə

Ağdamda seçki qarşıdurması – YAP-ın namizədindən sensasion müsahibə

Ağdam 118 saylı dairədən namizədliyini YAP-ın rəsmi namizədi kimi irəli sürmüş Ağdam Mərkəzi Xəstəxananın baş həkimi Gülnar Hadı qızı Abbasovanı dəstəkləyən seçicilərin müraciətini təqdim edilmişdi. Lakin bu dəqiqələrdə Ağdamdan YAP-ın namizədi barədə olduqca narahatverici məlumat əldə etdik. Məlumatda bildirilirdi ki, Ağdam rayon rəhbərliyi, YAP-ın Ağdam rayon şöbəsinin müdiri İsgəndər Quliyev, hətta rayon prokuroru belə Gülnar Abbasovaya hər cürə mane olmağa çalışır, onu namizədliyini onunla alternativ olan Bəxtiyar Əliyevin xeyrinə geri götürməyə məcbur edirlər və əks halda ona pis olacağı və s. kimi hədə-qorxu da gəlirlər.

Məsələ ilə bağlı YAP-ın deputatlığa namizədi Gülnar xanım Abbasova ilə əlaqə saxladıq. Xanım namizəd az sonra özü zəng edəcəyini bildirdi və sonra bizimlə əlaqə saxladı.

yap agdam namized

G.Abbasova dəhşətli faktları açıqladı. İlk sualımız məlum xəbərlərə aydınlıq gətirilməsi barədə oldu:
-Gülnar xanım, doğrudanmı YAP-ın namizədinə təzyiqlər var?
-Bəli… Təəssüflər olsun ki, bunun başında YAP-ın Ağdam rayon şöbəsinin sədri İsgəndər Quliyev durur…
-Onun bu mövqeyi ilə bağlı YAP-ın Mərkəzi Aparatına, yaxud MSK-ya məlumat vermisinizmi?
-Təəssüflər olsun ki, mən mədəniyyətimə sığışdırıb bunu hələki etməmişəm. Amma əgər belə davam edərsə, cənab Prezidentə, Azərbaycanın 1-ci xanımı Mehriban xanım Əliyevaya teleqram vuracağam. Elə günü bu gün…
-Bizə məlumat verilib ki, rayonda ən yüksək səviyyədə sizə təzyiq olunur ki, namizədliyinizi alternativiniz Bəxtiyar Əliyevin xeyrinə geri götürəsiniz. Bu doğrudurmu?
-Bəli… Təəssüflər olsun ki, təkrar edirəm, bunun başında İsgəndər Quliyev durur. Təsəvvür edirsinizmi, mən YAP-ın MSK-da təsdiqlənmiş, qeydiyyatdan keçmiş rəsmi namizədiyəm. Neçə gündür seçicilərimlə qrafik üzrə görüşə hazırlaşıram. Məktəbə gedirəm, qapıları üzümə bağlanır. Məktəb direktoru deyir ki, bizə deyiblər ki, yalnız Bəxtiyar Əliyevlə görüşə icazə verin… Sonra icra başçısına zəng vururam, yalnız bundan sonra məktəbin qapısı açılır. Bu adamlar, əslində, YAP-ın imicinə ağır zərbə vururlar. Necə ola bilər ki, müstəqil namizədlərə belə problem yoxdur, amma YAP-ın partiyadan irəli sürülmüş namizədinə qarşı belə hərəkətə yol verirlər… Bəxtiyar Əliyev nə vaxta kimi Ağdamdan deputat olmalıdır? Rayonda onun görüşünə evdən adamları zor ilə yığırlar. Amma məni hamı tanıyır, buna da rəsmilər mane olur…
-İnanılmazdır ki, rayon rəhbərliyi, YAP-ın rayon şöbəsinin sədri YAP-ın Mərkəzi rəhbərliyinin icazəsi olmadan sizə qarşı belə hərəkət etsinlər…
-Mən də onlara deyirəm ki, əgər doğrudan da Ağdamda yalnız seçkidən-seçkiyə görünən Bəxtiyar Əliyevin bu dəfə də deputat olması lazımdırsa, qoy mənə YAP rəhbərliyindən desinlər ki, namizədliyini geri götür, yaxud geri çəkil və s. Bunlar yoxdursa, mən özbaşına necə geri çəkilim?
-Sizə nə deyirlər?
-Bu azmış kimi, mənə deyirlər ki, namizədliyini Bəxtiyar Əliyevin xeyrinə geri götürməsən sonralar sənə pis olar…
-Yəni vəzifəni itirə bilərsən?
-Bəli… Mənim nə günahımdır ki, Azərbaycanın lider siyasi partiyası olan YAP-ın rəsmi namizədiyəm…Yəqinki bu gün cənab Prezidentə baş verənlərlə bağlı, xüsusən də YAP-ın Ağdam rayon şöbəsinin sədri İsgəndər Quliyevin partiyanın iradəsinin ziddinə gedən hərəkətləri barədə teleqram vurub məlumat verəcəyəm…Hətta məsuliyyətini itirmiş YAP-ın Ağdam şöbəsinin sədri İsgəndər Quliyev mənə deyir ki, sənin görüşünü təşkil edə bilmərəm, sən 1-ci dərəcəli namizəd deyilsən… Təsəvvür edirsinizmi, Ağdamda namizədləri dərəcələrə bölüblər. Qadın namizədliyimi görüb elə bilirlər ki, mən susacağam, hədələrə tab gətirməyib Bəxtiyar Əliyevin xeyrinə geri çəkiləcəyəm. Amma belə olmayacaq və mən partiyamın mənafeyini kimsənin bəd niyyətinə qurban verməyəcəyəm və prinsipial mövqeyimdən geri çəkilən deyiləm…

YAP rəsmisindən rəsmi cavab gəldi…

Yaranmış problemlə bağlı əvvəlcə MSK-ya zəng vurduq. Qurumun hüquq şöbəsindən bildirdilər ki, ərazilər üzrə baş verən şikayətlər Dairə Seçki Komissiyalarında baxılır və ona görə də Ağdam DSK-na müraciət edilməlidir…
Sonra YAP-ın Ağdam rayonu üzrə kuratoru Araz Tofiq oğlu Xudadamovla əlaqə saxladıq. A.Xudadamovla dialoqumuzda maraqlı suallar üzə çıxdı:
-Araz müəllim, redaksiyamıza 118 saylı Dairədən YAP-ın rəsmi namizədi Gülnar Abbasovaya qarşı edilən təzyiqlər barədə namizədin açıqlaması daxil olub. Mövqeyinizi bilmək istəyirik…
-Nə təzyiq var?
-Namizəd bildirir ki, YAP-ın Ağdam rayon şöbəsinin sədri İsgəndər Quliyev və digər rəsmilər YAP-ın xanım namizədini seçkidə digər namizəd Bəxtiyar Əliyevin xeyrinə geri götürməyə məcbur edir, hədə-qorxu gəlirlər…
-Bunu namizəd özü deyir?
-Bəli…
-Siz mətbuat xidmətinə müraciət edin…
-Sualımız mətbuatla bağlı deyil, sizin kuratoru olduğunuz rayonda YAP-ın namizədinə təzyiq olunması, partiyanızın nüfuzuna xələl gətirən hərəkətlər barədədir…
-Bilirsiniz, YAP-ın namizədindən YAP rəhbərliyinə rəsmi müraciət daxil olmayıb, ona görə də başqa nə deyə bilərəm… Təbii ki, əgər rəsmi şikayət daxil olarsa, günahkarlar qanun qarşısında cavab verəcəklər. Rəsmi şikayət olmadığından başqa heç nə deyə bilmərəm…
-Hər halda, biz sizi məlumatlandırdıq, YAP rəhbərliyini də məlumatlandırmaq sizin borcunuzdur…
***
Məsələ ilə bağlı YAP Ağdam rayon şöbəsinin sədri İsgəndər Quliyevin də mövqeyini öyrənmək istədik, lakin iş telefonu cavab vermədi.
Mövzu diqqətimizdədir, əlavə məlumat veriləcək.

(Tezadlar)

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın