Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Ağaşirin Tanrıverdioğlu: “Sahib Kərimlini tutdurmasam əl çəkən deyiləm”

Ağaşirin Tanrıverdioğlu: “Sahib Kərimlini tutdurmasam əl çəkən deyiləm”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nərimanov rayon təşkilatının şöbə müdiri vəzifəsindən çıxarılan Ağaşirin Tanrıverdioğlu qəzetimizə partiya ilə bağlı maraqlı fikirlər açıqlayıb

Sabiq cəbhəçi deyib ki, AXCP-dən kütləvi istefalar gözlənilir. Onun sözlərinə görə, istefaların əsas səbəbi partiya daxilində mövcud olan qruplaşmalar və onların bir-biri ilə amansız rəqabət aparmasıdır:

“Partiya daxilində bir neçə qruplaşma mövcuddur. Qruplaşmalardan ən güclüsünə AXCP sədri Əli Kərimli dəstək verir. Digər qruplaşmalar da bundan qıcıqlanır, nəticədə istefalar baş verir. Hələlik istefalar fərdi şəkildə müşahidə olunur. Hesab edirəm ki, yaxın 20-30 günə bu istefalar kütləvi xarakterdə olacaq”.

A.Tanrıverdioğlu deyir ki, AXCP-də hazırda üç qruplaşma arasında qızğın mübarizə gedir. Onun sözlərindən belə çıxır ki, ən güclü qruplaşma Həsən Kərimov-Gözəl Bayramlı qrupudur. Digər iki qruplaşma isə Sahib Kərimli və Fuad Qəhrəmanlının ətrafında formalaşıb. Bütün bu proseslərdən isə Əli Kərimli xəbərdardır. Sonda qalib gələn qruplaşma ilə Əli Kərimli işləyir: “Bunun başqa yolu yoxdur. Bu gün partiya daxilində gedən bu mübarizədə əsas məqsəd AXCP Ali Məclisinin hansı qrup tərəfindən götürülməsidir. İndilikdə görünən budur ki, ən güclü qruplaşma Həsən Kərimov-Gözəl Bayramlı qruplaşmasıdır. Məhz onlar güclü olduğu üçün Əbülfəz Qurbanlının istefası baş verdi. Çünki Əbülfəz Qurbanlı başqa qruplaşmaya yaxın idi”.

Sabiq cəbhəçi bildirir ki, əslində partiya daxilində hamı istəyir ki, gəncləşmə olsun, funksionerlər yenilənsin və partiyada dönüş olsun: “Ancaq burada dönüş görünmür. Çünki AXCP-də funksioner postunu tutan şəxslər oradan elə yapışıb ki, qəbirə gedənə qədər ondan imtina etmək istəmirlər. Buna da gənclik etiraz edir. Diqqətlə baxsanız görərsiniz ki, partiyadan istefa verənlər əsasən gənclərdir. Mən gənclərin fikirləri ilə razıyam. Axı bir şəxsin 10-15 il müddətinə funksioner postunda əyləşməsi doğru deyil. Bu minvalla sən hara gedirsən? Partiyadan istefa verənlərin əksəriyyəti ilə bir yerdəyik. Məndən sonra AXCP-dən istefa verən bir neçə gənc olub. Onlarla hər gün görüşürük və demək olar ki, bir yerdəyik. Bundan sonra istefa verənlərlə də münasibətimiz olacaq. Onsuz da istefa prosesi davam edir və bunun qarşısını almaq qeyri-mümkündür. Kimin nə deməsindən asılı olmayaraq AXCP-dən kimlərsə gedəcək. Əslində, bütün bu maraq toqquşması AXCP-nin keçirilməsi gözlənilən qurultayı ilə bağlıdır. Qurultay yaxınlaşdıqca maraqlar toqquşur. Təbii ki, bu zaman məğlub olan tərəf AXCP-də qalmayacaq. Zənnimcə, Müsavat Partiyasının son qurultayında yaşanan proses AXCP-də də mütləq baş verəcək. Siz zamanla bunu görəcəksiniz. Hələ deyim ki, AXCP-nin gözlənilən qurultayına Müsavat Partiyasının qərargahındakı kiçik zal böyük olacaq. Daxildə gərgin mübarizə gedir və mən bundan tam xəbərdaram. Elə məqamlar var ki, mən onu deyə bilmirəm”.

Sabiq şöbə müdiri qeyd edib ki, AXCP sədri Əli Kərimli partiya daxilində qruplaşmalar arasında gedən mübarizəyə müdaxilə etmir. O, buna səbəb olaraq vaxtilə Əli Kərimlinin özünün də belə oyunlar apardığını göstərir: “Əli Kərimlinin bir zamanlar oynadığı oyunlar indi özünün ətrafında baş verir. Bu oyunu aparanların hamısı bunu Əli Kərimlinin özündən öyrənib. Odur ki, daxildə mexanizm işə düşüb və bunun qarşısını dayandırmaq real görünmür”.

Sonda Ağaşirin Tanrıverdioğlu AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli ilə aralarında olan dava-dalaş məsələsinə də aydınlıq gətirib: “Hazırda iş istintaqdadır. İstintaq bu məsələni araşdırır. Şübhəsiz ki, son qərarı istintaq verəcək. Mən də, bu işin sonuna qədər gedəcəyəm. Heç bir güzəşt ola bilməz. Mənim Sahib Kərimli ilə heç bir kontaktım və münasibətim yoxdur. Mən onunla istintaq və məhkəmədə görüşəcəyəm. Bəzən ona yaxın şəxslər deyirlər ki, barışın məsələ bağlansın. Lakin bu mənim tərəfimdən qəbuledilməzdir”.(teleqraf.com)

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın