Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial /  Ağamir Ağamirov: “Referendumun baş tutacağı təqdirdə,  gənclər üçün yeni yollar açılmış olacaq”

 Ağamir Ağamirov: “Referendumun baş tutacağı təqdirdə,  gənclər üçün yeni yollar açılmış olacaq”

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Konstitusiya Referendumu layihəsi artıq gündəmin əsas mövzusudur. Demək olar ictimai-siyasi arenada, eyni zamanda, cəmiyyətdə müzakirə olunan konstitusion dəyişikliklər müsbət qarşılanır. Ən mühümü isə odur ki, bu dəyişikliklər istər sadə vətəndaşlar, istər ictimai-siyasi xadimlər, ziyalılar, istərsə də gənc nəsil tərəfindən dəstəklənir. Nəzərdə tutulan hər bir dəyişiklik detalları ilə müzakirə edilərək, təqdir olunur.
Qeyd etmək lazımdır ki, Konstitusiya islahatının ölkə həyatının ən müxtəlif sahələrinə: təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilməsi nəzərdə tutulur.

Möhtərəm Prezident İlham Əliyevin təşəbbüskarı olduğu “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliyin hər biri mütərəqqi xarakter daşıyır.İlk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir, dövlətin bu sahədə məsuliyyətini və fəaliyyət istiqamətlərini konkretləşdirir.Bu gün bəzi mənfur qüvvələr tərəfindən fərqli yanaşılan və süngü ilə qarşılanan bəzi müddəalar məhz, gənclərin önünü açmağa xidmət edir. Yeni dəyişikliklərdən sonra gənc nəslin dövlət idarəçiliyində iştirakı üçün yeni imkanlar açılacaq.
18 mart 2009 – cu ildə ölkəmizdə baş tutan sonuncu referendumdan artıq 7 il ötüb. Geridə qoyduğumuz illər ərzində respublikamızın bütün sahələrində-siyasi,iqtisadi,mədəni,idman və s. sahələrdə ciddi inkişaf baş verib. Bu illərdə iqtisadiyyatımızın artımı bütövlükdə cəmiyyətimizin yaşam tərzinin yüksəlməsinə gətirib çıxartdı. İlbəil artırılan sosial yardımların, təqaüdlərin geniş vüsət alması sevindirici haldır. Geridə qoyduğumuz illər ərzində ölkəmizin beynəlxalq aləmdə tanınması, dünyanın aparıcı dövlətləri sırasında xüsusi mövqe tutması hər bir vətənpərvər azərbaycanlını sevindirməyə bilməz. Saymaqla bitməyən idman sektorundakı uğurlarımız hər birimizin uğurudur. Beləliklə,vaxtında və doğru atılmış addımlar dünənin, bu günün tələblərini, maraqlarını özündə birləşdirməklə, dövlətimizin inkişafına səbəb olub.
Prezident İlham Əliyevin 26 sentyabr 2016 – cı il tarixində Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında imzaladığı Sərəncam da, Əsas Qanunu son illərdə baş vermiş dəyişikliklərə uyğunlaşdırmaq məqsədi güdür. Nəzərdə tutulan dəyişikliklər günün tələbinə və marağına cavab verməklə yanaşı, 7 il öncəki prosesin davamıdır. Nəzərdə tutulmuş 29 dəyişiklikdən biri, seçkilərdə yaş hədlərinin götürülməsi mütərəqqi addımdır. Belə ki, seçmək və seçilmək hüququ Azərbaycan vətəndaşının təbii haqqıdır. Bu nöqteyi-nəzərdən seçkilərdə iştirak etmək istəyən hər bir gənc vətəndaş üçün geniş imkanlar yaranır. Gənclərimiz həm qanunvericilik, həm də idarəetmə sahəsində daha erkən yaşlarda iştirak etmək fürsəti əldə edirlər. Bu da öz növbəsində ölkənin kadr ehtiyatının daha zəngin olmasını özündə ehtiva edir.
Əgər əvvəlcə, Azərbaycan Respublikasının Milli Məclisinə seçilmək üçün 25 yaşın tamam olmasını gözləmək lazım gəlirdisə, 26 sentyabr tarixində keçiriləcək referendumun baş tutacağı təqdirdə yaş senzi minimuma endiriləcək və bu zaman artıq vətəndaşlar üçün, xüsusən də, biz gənclər üçün yeni yollar açılmış olacaq. Düşüncəsi yüksək olan, intellektli, dünyagörüşlü, savadlı gənclərin Milli Məclisə seçilib, təmsil etdiyi regionda yaşayan sakinlərin problemlərini qabartması, gündəlikdə olan aktual məsələlərə yeni nəslin prizmasından yanaşması, zənnimcə, çox böyük nəticələrə nail olmaq deməkdir.
Hər kəsə məlumdur ki, hazırda ölkəmizdə olan sabitlik, vətəndaşların rahat yaşaması bu günə kimi doğru qərarları ilə daim xalqın lideri olan Prezidentimiz İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Məhz bu uğurlu siyasətin davamı olaraq, bu gün dövlət idarəetmə sisteminin püxtələşdirilməsi, dövlət qurumlarının fəaliyyətlərini daha çevik etmək məqsədi, vətəndaşların hüquq və azadlıqlarının daha da genişlənməsi baxımından baş tutacaq referendumun böyük əhəmiyyəti var.
Heç şübhəsizdir ki, Əsas Qanuna yeniliklər gətirən, ölkəmizin gələcək inkişafı baxımından olduqca önəmli olan referendum aktı Azərbaycan vətəndaşları tərəfindən hamılıqla dəstəklənəcək.

Azərbaycan Turizm İnstitutu Məzunları İctimai Birliyinin sədri,
YAP Nərimanov rayon Gənclər Birliyinin idarə heyətinin üzvü,
Ağamir Ağamirov

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın