Çərşənbə , İyul 17 2019
Ana səhifə / Sosial / Ağalar Vəliyev:  “Azərbaycan Belarus deputatları ilə Avronest arasında vasitəçi rolunu oynaya bilər”

Ağalar Vəliyev:  “Azərbaycan Belarus deputatları ilə Avronest arasında vasitəçi rolunu oynaya bilər”

Azərbaycanın Avronest Parlament Assambleyasında (PA) nümayəndə heyətinin üzvü, deputat Ağalar Vəliyev Avronest PA-nın Belarus Üzrə İşçi Qrupunun iclasında iştirak etmək üçün iyun ayının 28-də Belçikanın paytaxtı Brüsseldə səfərdə olub.

Avropa Parlamentində keçirilən iclasda həmçinin Avronest PA-nın üzvləri Ukrayna, Moldova, Ermənistan və Avropa Parlamentinin deputatları, diplomatlar, Avropa İttifaqı komissiyasının rəsmiləri və Belaruslu ekspertlər də iştirak ediblər.

İclas zamanı Belarus deputatlarının Avronest PA-da tam hüquqlu üzv kimi iştirakı, Belarusun Bolonya sistemi ilə bağlı apardığı islahatlar və ölkədəki miqrasiya siyasəti məsələləri müzakirə edilib.

İclasda çıxış edən Ağalar Vəliyev Avronest PA-nın Şərq Tərəfdaşlığı Ölkələri və Avropa İttifaqı ilə münasibətlərdə əhəmiyyətini vurğulayıb və onun bütün üzvlər arasında bərabər hüquqlu münasibətlərə əsaslanaraq qurulduğunu və fəaliyyət göstərməli olduğunuı qeyd edib. Azərbaycanlı parlamentari Avronest PA-nın Şərq Tərəfdaşlığı Ölkələri üçün təcrid yox, siyasi inteqrasiya üçün platform olduğunu və təcridin heç vaxt uğur gətirmədiyini, əksinə vəziyyəti daha da pisləşdirdiyini bildirib. Avronest PA-nın 6 ildir yarandığını və Belarus Üzrə İşçi Qrupunda eyni məsələlərin dəfərlərlə təkrar müzakirə edildiyini və ortada heç bir nəticə olmadığını diqqətə çatdıran Ağalar Vəliyev Azərbaycan və Belarus xalqları və hökumətləri arasında tarixi dostluq və əməkdaşlığın olduğunu və bunun hər iki ölkənin müstəqillik qazandıqdan sonra daha da yaxşı inkişaf etdiyini bildirib.

Ağalar Vəliyev Milli Məclisdə Azərbaycan-Belarus üzrə Dostluq Qrupunun üzvü kimi mütəmadi olaraq Belarusda səfərdə olduğunu və müxtəlif sahənin təmsilçiləri ilə yüksək səviyyəli görüşlər keçirdiyini də qeyd edib. O, Azərbaycanın Belarus Parlamentinin üzvlərinin Avronest PA-da iştirakı məsələsində vasitəçi rolunu oynaya biləcəyini də rəli sürüb. Deputat məhz Avronest PA-nın əgər arzu edərsə, bu imkandan istifadə edə biləcəyini diqqətə çatdırıb.

Deputat ötən həftə Azərbaycanın Avronest PA nümayəndə heyətinin rəhbəri Fuad Muradov ilə birgə Belarusun Azərbaycandakı səfiri ilə görüş keçirdiyini qeyd edərək, bu görüş zamanı səfirin Belarusun dialoqa başlamağa və bu təşkilatda bərabər hüquqlu üzv kimi iştirak etməyə hazır olması ilə bağlı mövqeyini iştirakçıların diqqətinə çatdırıb.

Ağalar Vəliyev həmçinin, yekunda, Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin bu məsələdə yardımçı olmaq üçün bütün imkanlarından istifadə etməyə hazır olduğunu bildirib.

Həmçinin oxuyun

Elmi İnstitutda “travmotoloji bazar” – VİDEO

Azərbaycanın səhiyyə sistemində korrupsiya və rüşvət faktorunun olması artıq danımaz faktora çevrilib. Hər il dövlət …

Bir cavab yazın