Ana səhifə / Sosial / Adil Əliyevdən mərc oyunları ilə bağlı dəyişikliyə etiraz

Adil Əliyevdən mərc oyunları ilə bağlı dəyişikliyə etiraz

Millət vəkili Adil Əliyev idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarətlə bağlı mövcud qanunvericiliyə təqdim olunan təkliflərin uyğunsuzluğundan narahatlığını ifadə edib.

Azinforum.az-ın məlumatına görə, millət vəkili bununla bağlı fikirlərini parlamentin Gənclər və idman komitəsini martın 3-də keçirilən iclasında dilə gətirib.

Onun sözlərinə görə, “Bədən tərbiyəsi və idman haqqında” qanuna təlklif olunan dəyişikliklər çaşbaşlıq və bir qədər də narahatlıq yaradır:

“Bildiyiniz kimi, indiyə qədər idman mərc oyunlarının təşkilinə və keçirilməsinə, oradan əldə edilən gəlirlərə Gənclər və İdman Nazirliyi nəzarət edirdi. Ancaq indiki dəyişikliklə bu səlahiyyət həmin qurumdan alınıb maliyyə bazarlarına nəzarət orqanına həvalə olunur.

Hesab edirəm ki, bu nəzarət müvafiq nazirlikdə qalsaydı, daha məqsədəuyğyn olardı. Biz-yəni, Azərbaycandakı idman federasiyaları hər il illik tədbirlər planını Gənclər və İdman Nazirliyinə təqdim edir və onlardan tərəfindən maliyyələşirdik.

Yəni, bu maliyyələşdirmədə də əsas yük idman mərc oyunlarından əldən edilən haqların üzərinə düşürdü.

Bəs, bundan sonra necə olacaq? Yeni qurum bu işi görə biləcəkmi?

Ona görə hesab edirəm ki, bu məsələ Gənclər və İdman Nazirliyinin səlahiyyətində, nəzarətində qalsaydı, daha yaxşı olardı”.

Komitə üzvü Rauf Əliyev isə bildirib ki, 90-cı illərin ortalarında Azərbaycanda idmanı maliyyələşdirməklə bağlı çətinlik, maliyyə böhranı var idi:

“Biz o zaman dünyanın müxtəlif ölkələrinin təcrübələrini öyrəndik və sonra idman mərc oyunlarının Azərbaycanda da keçirilməsinə başlanıldı.

Yəni, oradan gələn gəlirlər hesabına idman oyunlarının təşkili, idmançıların xaricə tədbirlərə göndərilməsi, federasiyaların maliyyələşdirilməsi və sair təmin edildi.

Mən də deputat həmkarının dedikləri ilə razıyam, amma əsas məsələ nəzarətin kimdə olması deyil, əsas məsələ və əsas məqsəd həmin oyunlardan əldə edilən gəlirlərin idmanımızın inkişafına yönəldilməsidir”.

Millət vəkili Naqif Həmzəyev öz növbəsində qeyd edib ki, Azərbaycanda qanundankənar idman -mərc oyunları da keçirilir.

“Biz hamımız bunun şahidiyik. Yəni, qanundankənar mərc oyunları keçirilir və bunların qarşısı da hüquq-mühafizə orqanlarımız tərəfindən alınır. Odur ki, bu məsələ, yeni dəyişikliklər birbaşa şəffaflığın təmin olunmasına yönəlib”.

Komitə sədri Fuad Muradov təklif olunan dəyişikliyin məqsədəuyğun olduğunu vurğulayıb:

“Bilirsiniz ki, son zamanlar Azərbaycanda böyük islahatlar keçirilir. Bizim də vəzifəmiz həmin islahatlara qanunvericilik səviyyəsində öz töhfəmizi verməkdir. Yəni, bu dəyişikliklərə də məhz həmin islahatların bir tərkib hissəsi kimi yanaşma olmalıdır”.

Müzakirələrdən sonra qanun layihəsinə dəyişikliklər parlamentin sabahkı plenar iclasına tövsiyə olunub.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın