Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Sosial / Açıq havada maska taxılması məcburi ola bilər – Deputat

Açıq havada maska taxılması məcburi ola bilər – Deputat

ay aylarında karantin rejiminin yumşaldılması, o cümlədən rayonlararası gediş-gəlişin, toy mərasimlərinin bərpa olunması, həmçinin restoranların, kafelərin, ictimai iaşə obyektlərinin, idman zallarının açılması bir tərəfdən əhalinin üzləşdiyi sosial və psixoloji gərginliyi aradan qaldırsa da, digər tərəfdən yeni yoluxma hallarının sürətlənməsinə gətirib çıxardı. Son günlərin statistikası bizi xüsusilə narahat edir.

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib. O bildirib ki, yoluxanların sayı kəskin artmaqla yanaşı, həm də ölüm halları çoxalıb:

“Buna görə də reanimasiyalar ağır xəstələrlə dolur, bu da perspektivdə ölüm hallarının daha da artacağı təhlükəsi yaradır. Bunların qarşısını almaq üçün nə etmək lazımdır? Şübhəsiz ki, birinci növbədə, vaksinasiyada stimullaşdırıcı addımlara getməliyik. Gündəlik yoluxanların sayının 1000 nəfəri keçməsi bizə qismən də olsa, karantin rejiminin sərtləşdirilməsi zərurətinin yarandığını göstərir. Yəqin ki, Operativ Qərargah bu barədə də öz tövsiyələrini bildirəcək. İstənilən halda, özünüqoruma tədbirlərini heç vaxt yaddan çıxarmamalıyıq. Düzdür, açıq havada maskanın istifadəsi yalnız tövsiyə olunur. Amma sosial məsafəni gözləmək şərti ilə açıq havada da imkan daxilində maskaya keçilməsi xüsusən payızın ilk aylarından başlayaraq məcburi xarakter ala bilər”.

“İnsanlar xəstəliyə yoluxmamaq və ya onu yüngül keçirmək üçün peyvənd olunaraq immunitetin gücləndirilməsinə üstünlük verməlidirlər”, – deyən deputat qeyd edib ki, bu sahədə vətəndaşların maarifləndirilməsi istiqamətində davamlı işlər həyata keçirilməlidir:

“Vaksinasiya barədə tədbirlər geniş xarakter almalıdır. Həmçinin peyvənd olunan şəxslərə stimullaşdırıcı üstünlüklər verilə bilər. Bu barədə Avropanın yetərincə təcrübəsi var. Onlardan da istifadə etmək olar. Bütövlükdə biz pandemiya ilə mübarizəni necə aparacağımızı və bunun nə zaman bitəcəyini bilmədiyimizə görə bu addımları atmaq zərurətindəyik. Eyni zamanda, həm də ölkə iqtisadiyyatını qorumaq məcburiyyətindəyik. Biz kollektiv şəkildə bu işə məsuliyyətlə yanaşsaq, hesab edirəm ki, itkilərimiz daha da az olar”.

M.Quliyev vurğulayıb ki, koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycan dünyanın ən qabaqcıl ölkələrinin gördüyü bütün tədbirləri vaxtında və lazımınca yerinə yetirib:

“Eyni zamanda Azərbaycan dünyada vaksindən istifadə edən ilk ölkələrdən biridir. Yəni, bu ilin əvvəllərindən – yanvar ayından dünyada pandemiya ilə mübarizə üçün vaksinasiya prosesi başlayıb. Yanvarın 19-dan etibarən Azərbaycanda vaksinasiya prosesi həyata keçirilir. Azərbaycanda müxtəlif vaksinlərdən geniş istifadə olunur. Görülən tədbirlər, aparılan əks-epidemik addımlar, o cümlədən karantin tədbirləri zaman-zaman öz müsbət nəticəsini versə də, son zamanlar yenə də koronavirusun yeni dalğasının, xüsusilə “Delta” ştamının qonşu ölkələrdə yayılmasından sonra Azərbaycanda da son vaxtlar müşahidə edilməsi daha ciddi tədbirlərin görülməsini tələb edir. Ötən ilin təcrübəsi göstərdi ki, sərt karantin rejiminin uzun müddət davam etməsi həm sosial-iqtisadi, həm də psixoloji cəhətdən cəmiyyətə və dövlətə mənfi təsir edir. Daha əhəmiyyətlisi vaksinasiyanın genişləndirilməsidir. Hazırda 4 milyondan çox insana iki doza vaksin vurulmasına baxmayaraq, hələ də peyvənd olunmayan vətəndaşlarımız var. Bu da xəstəliyin, ümumiyyətlə, “Delta” ştamının sürətlə yayılmasına təhlükə yaradır”.

Həmçinin oxuyun

Sənədsiz evlərin qeydiyyatı nə yerdədir? – VİDEO

Ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq 100 minlərlə mənzilin inventarlaşdırılması …