Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Sosial / ABŞERON RAYON SOSİAL MÜDAFİƏ MƏRKƏZİNDƏ MÜNƏVVƏR CABBAROVANIN “ŞİRİNLİK” ƏMƏLİYYATI…

ABŞERON RAYON SOSİAL MÜDAFİƏ MƏRKƏZİNDƏ MÜNƏVVƏR CABBAROVANIN “ŞİRİNLİK” ƏMƏLİYYATI…

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və bu nazirliyin tərkibində olan Sosial Müdafiə Mərkəzləri, o cümlədən müxtəlif istiqamətli İdarələr, daha doğrusu, bu nazirliyin özü və əhatə darəsində olan təşkilatlar haqqında Azərbaycanın Kütləvi İnformasiya Vasitələrində neqativ hallar barədə mütəmadi məqalələr dərc olunuur. Bu, dünən də belə idi, bu gün də belədir, həmçinin mövcud duruma istinad edərək deyə bilərəm ki, sabah da belə olacaqdır. Burda bir neçə sual masa üzərinə gəlir: Niyə? Nə üçün? Bu neqativ halların qarşısını alan bir kimsə tapılacaqmı?
Söhbətimi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Abşeron filialı üzərində qurmağa çalışacam. Həqiqət naminə qeyd etmək istəyirəm ki, ümumiyyətlə, Abşeron rayon Sosial Müdafiə Mərkəzinin işini müsbət qiymətləndirmək olar. Beləki, burda əksəriyyət işçilər gənclər olduğundan onlar, həm mütəxəssis kimi, həm də bir insan kimi bu mərkəzə müraciət edənlərə xoş münasibət göstərir, vətəndaşları maraqlandıran suallara doğru və düzgün cavab verir, eyni zamanda işlərini yüksək səviyyədə icra edirlər.

Azərbaycanın şifahi xalq ədəbiyyatında çox gözəl və məntiqə uyğun gələn aforizmlər mövcuddur. Onlardan birində deyilir: “Sürü axsaqsız olmaz”. Məhz bu aksiomaya əsaslanaraq deyə bilərəm ki, Abşeron rayon Sosial Müdafiə Mərkəzi burda istisna təçkil etmir. Çünki Mərkəzin “Əlillərlə iş bölməsi” sektorunun müdiri Münəvvər Cabbarova belələrindən biridir. Pula olan hərislik, hətta acgözlük bu xanımda o qədər güclü inkişaf edibdir ki, əlilləri aldatmaqdan, onlardan rüşvət almaqdan özünü sığortalaya bilmir. M. Cabbarova bu mərkəzdə özünəməxsus məzənə formalaşdırıbdır. O, əlillərə verilən hər sanator – kurort göndərişi üçün 50 (əlli) manat rüşvət alır. Sözsüz ki, o, rüşvəti “şirinlik” adı altında əldə edir. Əgər kim bu “şirinliyi” vermirsə onun yaxşı sanatoriya – kurorta göndərilməsi müşkül məsələyə çevrilir. M. Cabbarova hüququnu tələb edənlərə qarşı özünəməxsus “cəza” tədbirləri tətbiq edir. Birinci “cəza” ondan ibarətdir ki, hüququnu tələb edən əlil heç vaxt iyun – sentyabr aylarında istirahətə gedə bilmir. İkinci “cəza” tədbiri isə daha keyfiyyətli sanatoriya – kurortdan getməkdən əlini üzməli olursan. Üçüncü “cəza” isə bir ildə iki dəfə sanatoriya – kurorta gedə bilmirsən. Özünəməxsus, həqiqətən analoqu olmayan bir sistem…

Ancaq rüşvət verənlər iyun – sentyabr aylarında istədikləri ən yaxşı və keyfiyyətli sanatoriya – kurorta, özü də bir ildə iki – üç dəfə gedə bilirlər. Hələ bu da azmış kimi Cabbarova hər il 1 Dekabr “Dünya Əlilləri günü” münasibəti ilə dövlət tərəfindən əlillərə ayrılan pul vəsaitindən də bəhrələnir. Kim ki, ona 5 – 10 manat “şirinlik” verirsə bu kiçik yardımdan bəhrələnirlər. C. Münəvvər bununla da kifayətlənmir, beləki, dövlətin əlillər üçün ayırdığı pulun hesabına restoranda şənlik təşkil edir, sözsüz ki, bu şənlikdə iştirak edənlərin əksəriyyəti onun tanışları, yaxınları, iş yoldaşları və rəfiqələri olurlar, ad isə əlillərin… Halbuki, bu pul bir neçə əlilə verilə bilərdi ki, ən azından, Yeni il üçün bir kiloqram düyü və bir toyuq ala bilsin…

O ki, qaldı restoran xərcinin ödənilməsinə, bu da bir sirr olaraq qalır. Birsözlə, Abşeron Sosial Müdafiə Mərkəzini gəlir mənbəyinə çevirən M. Cabbarova ona irad bildirənlərə barmağını yuxarı istiqamətləndirərək deyir: “Məndən də, nazirlik, müdriyyət pul istəyir. Bəs, hardan mən onlara pul verməliyəm”. Maraqlı məntiqdir, elə deyilmi?..
Mən 10 ildir ki, əlillik statusuna malikəm. Bu müddət ərzində iki dəfə, müvafiq olaraq aprel – may aylarında Lənkəranda, “Palıdlı sahildə”, İki dəfə oktyabr – dekabr aylarında Naftalanda “İstirahət və müalicə mərkəzində” və “Sehrli Naftalan”da olmuşam. Bir dəfə də 1 Dekabr günü münasibət ilə 20 manat yardım almışam. Göründüyü kimi hüququmu tələb edən, rüşvət verməyən vətəndaş olduğumdan Münəvvər xanım Cabbarovanın “qılıncının altından” keçə bilməmişəm.
İnanıram ki, ƏƏSM nazirliyi və aidiyyatı qurumlar bu məsələni diqqətdə saxlayacaqlaq.

Veydəddin Pirəliyev (Vidadi Həsənoğlu).
Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist,
II qrup əlil.

Həmçinin oxuyun

Bu şəxslərə iki həftə evdən çıxmaq qadağan edilsin

Ölkəmizdə koronavirusa yoluxma sayı 4 mindən çoxdur. Hər birimiz bu virusun təhdidi altındayıq. Mütəxəssislər faciəvi …