Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / ABŞ və Almaniyanın qardaş Türkiyəyə müəmmalı “Patriot hədiyyəsi”…

ABŞ və Almaniyanın qardaş Türkiyəyə müəmmalı “Patriot hədiyyəsi”…

Razi Nurullayev: “İş burasındadır ki, hakerlər həmin raketlərin yaddaşına müdaxilə etməyə nail olub”

“Raketlərin üzərində modernləşmə aparıldıqdan sonra onların yenidən Türkiyəyə qaytarılacağı şübhə doğurmur”

Suriyadan potensial hava və raket hücumlarından qorunmaq üçün ABŞ-ın Türkiyəyə göndərdiyi “Patriot” zenit-raket sisteminin xidmət müddəti uzadılmayacaq.
Bu barədə avqustun 16-da həm ABŞ, həm də Türkiyə tərəfi rəsmi bəyanat yayıb. NATO-nun dəstəyi ilə 2013-cü ildə Türkiyə-Suriya sərhədi yaxınlığında qurulmuş hava sipərinin xidmət müddəti oktyabr ayında bitir. Bununla belə, Pentaqon bildirib ki, ehtiyac yaranarsa, ABŞ “Patriot” komplekslərini və şəxsi heyətini bir həftə ərzində yenidən Türkiyəyə qaytarmağa hazır olacaq.
Bəyanatda qlobal təhdidlərə cavab verə bilməsi, müttəfiqləri və tərəfdaşlarını daha effektiv qoruması üçün bir sıra modernizasiya və yenilənmə işləri aparıldıqdan sonra sistemin yenidən Türkiyəyə qaytarılacağı qeyd edilib. Türkiyənin Müdafiə Nazirliyi isə ayrıca bəyanatda Almaniyanın da Türkiyədəki 2 “Patriot” zenit-raket batareyası və 250 nəfərdən ibarət şəxsi heyəti geri çağıracağını ictimaiyyətin diqqətinə çatdırıb.
Xatırladaq ki, Amerika istehsalı olan “Patriot” raketdən müdafiə sistemi 2013-cü ildə Türkiyənin tələbi ilə bu ölkənin Suriya ilə sərhəd bölgəsinə yerləşdirilib.
Türkiyənin İŞİD və PKK təhlükəsilə real üzləşdiyi bir məqamda müttəfiqlərin belə addım atması nə ilə bağlıdır?
Politoloq Razi Nurullayev  açıqlamasında bildirdi ki, NATO-nun 2 ölkəsinin belə bir qərar verməsi dəqiqdir: “Yəqin ki, qısa zamanda “Patriot” sistemləri həmin ərazidən çıxarılacaq. Ancaq bu heç də NATO ölkələrinin Türkiyəni terrorla üz-üzə qoyub bölgədən qaçması anlamına gəlməməlidir. Çünki NATO nizamnaməsinə görə, həmin qurum Türkiyəni sona qədər müdafiə etməlidir. Məndə olan məlumata görə, raket sistemlərinin həmin bölgədən çıxarılmasının başqa səbəbi var.
Bu, texniki təhlükəsizlikdə baş verən təxribatla əlaqəlidir. İş burasındadır ki, hakerlər həmin raketlərin yaddaşına müdaxilə etməyə nail olub. Nəticədə həmin raketlər üçün real təhlükə yaranıb. “Patriot”ların bölgədən çıxarılmasının kökündə məhz bu amil durur. Raketlərin üzərində modernləşmə aparıldıqdan sonra onların yenidən Türkiyəyə qaytarılacağı şübhə doğurmur”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın