Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Sosial / “ABŞ Azərbaycanla tərəfdaşlığa hazırdır” – Robert Sekuta

“ABŞ Azərbaycanla tərəfdaşlığa hazırdır” – Robert Sekuta

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə ABŞ hökumətinin maliyyə dəstəyi ilə 2016 Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı” adlı konfrans keçirilib.

Agentlikdən “Report”a verilən məlumata görə, USAID-in tərəfdaşı olan Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşkil etdiyi bu tədbirdə Milli Məclis üzvləri, dövlət qurumlarının, ictimai birliklərin, beynəlxalq təşkilatların, səfirliklərin və beyin mərkəzlərinin nümayəndələri iştirak edib.

Konfrans iştirakçıları Azərbaycanda sahibkarlığın çətinlikləri haqqında müzakirələr aparıblar və iqtisadi diversifikasiya məqsədləri üçün kiçik və orta sahibkarlığın əhəmiyyətini, o cümlədən dövlət-özəl sektor arasında dialoqun və tərəfdaşlığın vacib olduğunu xüsusilə vurğulayıblar.

ABŞ səfiri Robert Sekuta qeyd edib ki, “bir çoxlarının əsas arzusu şəxsi biznes qurmaqdır. Gənc qadın və kişilər öz şəxsi bizneslərini açmaqla iqtisadiyyatın qurulmasında və inkişafında güclü rol oynayırlar. Bunu üçün böyük ideya, vahid komanda və həmin ideyanı reallığa çevirmək, öz məhsulunu buraxmaq və dünyanı dəyişmək üçün möhkəm çalışmaq tələb olunur.” Həmçinin o, sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan hökumətinin atdığı addımları alqışlayıb və islahatların davamlı və səmərəli olması üçün ABŞ hökumətinin Azərbaycanla tərəfdaşlıq etməyə hazır olduğunu bir daha qeyd edib.

Səkkiz il əvvəl 77 ölkədə başlamış Qlobal Sahibkarlıq Həftəsi iki dəfə böyüyərək hal-hazırda 160 ölkədə qeyd olunur. 14-20 noyabr tarixlərində bütün dünyada 10 milyon insan yeni nəsil sahibkarları ruhlandıracaq, birləşdirəcək və cəlb edəcək müxtəlif tədbir və müsabiqələrdə iştirak edəcək.

Həmçinin oxuyun

Dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb – Faktiki hava

Ölkə ərazisində bu gün saat 21:00-a olan faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata …

Bir cavab yazın