Türkiyə mətbuatının verdiyi məlumata görə, həmin ölkənin sabiq prezidenti Abdullah Gül hakim Ədalət və İnkişaf Partiyasının 16-cı ildönümü ilə bağlı düzənlənən tədbirdə iştirak etməyib. Əslində, Gülün həmin tədbirdə iştirak etməyəcəyilə bağlı informasiyalar xeyli əvvəl Türkiyə mətbuatında dolaşırdı.
6 min nəfərin dəvət olunduğu tədbirdə bir çox sabiq dövlət məmurları da iştirak edib. Ancaq sözügedən partiyanın namizədi kimi uzun illər Türkiyədə rəhbər postları tutmuş Abdullah Gülün tədbirdə iştirak etməməsi təəccüblü görünməyə bilməz. Sabiq prezident AKP-nin tədbirində hansı səbəblərə görə iştirak etməyib?
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bununla bağlı konkret fikir söyləmək bir qədər çətindir: “Son dövrlər Gülün davranışlarında Ərdoğandan incik olduğu nəzərə çarpır. Hiss edilir ki, o özünü dindar kəsimin lideri kimi təqdim edir. İstisna deyil ki, aralarında müəyyən ideoloji fikir ayrılıqları da var. Hesab edirəm ki, Abdullah Gülün AKP-nin toplantısında iştirak etməməsi məhz bu amillə əlaqəlidir”.
Dünya Azərbaycanlıları Konqresi icra aparatının sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələdə qeyri-adi nəsə axtarmaq lazım deyil:
“Abdullah Güll həmin partiyanın uğur qazanmasında müstəsna xidmətləri olan adamdır. Çox ləyaqətlə həmin partiyanı təmsil edib. Ölkənin baş naziri, prezidenti olub. Bunların da hamısı AKP adı ilə olub. Yəni qeyd edilən 16 illik bayram tədbirində onun da payı az deyil. Türkiyə mətbuatının özündə də belə fikirlər səslənir ki, Gülün incikliyi var. Bunu da istisna etmirəm. Ancaq hesab edirəm ki, aradakı narazılıq o qədər də ciddi səviyyədə deyil. Biz indiyə kimi Gülün dilindən Ərdoğan hakimiyyətinə yönəlik sərt tənqid eşitmədik. Türkiyədəki siyasətçilər açıq fikirlidir, narazılığı istədiyi formada ifadə edə bilər, hətta kiminsə müxalif olması problemə səbəb olmur. Bəlkə də Gülün tədbirə qatıla bilməməsində hansısa kiçik səbəblər var, səhhəti imkan verməyib və ya tətildə olub”.
Məhəmmədəli QƏRİBLİ