“Prostina”, aftafa satan Mirbaba necə bələdiyyə sədri oldu ?
Banklara, marketlərə icarəyə verdiyi obyektləri Mirbaba necə qazanıb..?
Bu yazının mövzusu bələdiyyə, bələdiyyə üzvləri və bələdiyyə sədrləri olduğu üçün bu yaxınlarda qarşılaşdığımız bir dəhşətli məlumatı oxucuların nəzərinə çatdıraq…
Deməli, Şamaxı rayonunun Şəhriyar qəsəbəsinin sakinləri dövlətin bütün rəhbərlərinə yazır ki, bizim qəsəbəmiz Ulu Öndər SSRİ rəhbəri olanda öndə gedən olub, “milyonçu sovxoz” olub, indiki icra başçısı qəsəbəmizi “dilənçi qəsəbəyə” çevirib. Belə ki, Şamaxının icra başçısı Tahir Məmmədovun birbaşa göstərişi ilə 9B – dəlilik kağızı olan ( xəstəliklər cədvəlinin 22-C maddəsinə görə komissovat olunub) Sabir Mikayılov qəsəbənin bələdiyyə sədri seçildi.
Sakinlər yazır ki, bildiyimiz kimi xəstəliklər cədvəlinin 22-C maddəsinə görə xəstə bilinən adama nəinki vəzifə tutmaq, hec hərbi xidmətə də aparılmır, nə də ki maşın sürməyə icazə verilmir, hətta cinayət törətsə belə məsuliyyət daşıya bilməz. Bəli, bələdiyyə sədri də bələdiyyənin hesabında yığılmış 30 min manat pulu bir gündə həzm-rabedən keçirib. Hansı ki, o pul qəsəbə yollarının təmirinə ayrılıbmış.
Təsəvvür edirsiniz, bələdiyyənin mühasibi baş verən cinayət əməllərini görüb dəhşətə gəlib, işdən çıxıb, qaçıb canını qurtarıb, indi onun yerinə 84 yaşlı, təhsili olmayan qoca qadını mühasib götürüb sənədlərə qol çəkdirirlər…
Məlumat üçün qeyd edək ki, bütün sivil dünyada bələdiyyələr yerli hakimiyyət sayılır, bələdiyyə üzvlərini, sədrini nəinki icra başçısı, heç baş nazir də qoya bilməz. Bütün bələdiyyə üzvlərini yerli sakinlər seçki yolu ilə müəyyən edirlər. Çox təssüf ki, bizdə bəzi bələdiyyələr bəzi icra başçılarının torpaq alverçilərdir.
İndi haqqında bəhs edəcəyimiz Hüseynov Mirbaba Miri oğlu Mərdəkan bələdiyyəsinin sədridir. Biz demirik ki, Mirbaba Hüseynovun “dəlilik kağızı” var-filan… Amma media üzərindən apardığımız xırda bir araşdırma zamanı bəlli oldu ki, bu şəxs dəfələrlə saxlanılıb və…1-2 gün sonra sərbəst buraxılıb. Bu necə olur axı…? Məgər onun da 9-B kağızı var..? Bütün Mərdəkanda ən bahalı torpaqların alverçisi kimi ad-san qazanan, milyonlara sahib olan Mirbaba Hüseynov ölkə qanunlarını istədiyi vaxt pulla poza bilir. Hətta xəbərlərin birində oxuduq ki, Ekologiya Nazirliyi Xəzərə tullantı axıtdığı üçün bələddiyyə sədrini 2000 manat cərimələyib. Mərdəkan camaatı deyir ki, Mirbaba üçün 2000 manat yarımsot torpaq da eləmir…
Deməli, paytaxt Bakının ən bahalı torpaqları Xəzər rayonunda, daha dəqiq desək Mərdəkan qəsəbəsindədir. Ümumiyyətlə, Xəzər rayonunda Mərdəkan, Şüvəlan, Buzovna, Şağan, Binə, Zirə, Türkan, Qala bələdiyyələri fəaliyyət göstərir. Adi oxucu da görə bilər ki, kurort zonası sayılan bu bələdiyyələrin ərazisindəki torpaqların qiyməti az qala qızıl qiymətinədir.
Təsəvvür edin ki, Mərdəkanda Xəzər dənizinin sahilində nə qədər kafe, restoran varsa hamısının xeyir-duasını Mirbaba verib. Mirbaba Hüseynov Mərdəkanda ən bahalı torpaqları bələdiyyə sənədi ilə satıb, dəniz sahilini kimlərəsə hədiyyə edib. Mirbaba orda-burada öz xeyriyyəçiliyindən, kasıblara 50 manat verməsindən danışır. Adama deyərlər ki, xalqın torpaqlarını satıb milyonlara sahib olmusan, indi də xeyriyyəçilikdən danışırsan… Mərdəkan camaatı Mirbabaya “prostina satan” deyir. Belə ki, Mirbaba Hüseynov bələdiyyə sədri olmazdan öncə Xəzər rayonundakı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında “zavxoz”, yəni Təsərrüfat İşləri üzrə müdir olub.
Bəli, bir vaxtlar köhnə “Jiquli”də gəzən, xəstəxananın mələfələrini, tualet aftafalarını satan Mirbaba indi ən bahalı xarici avtomobillərdə gəzir. Ümumiyyətlə, Mirbabanın ali təhsilinin olub-olmadığı da dəqiq bəlli deyil. Mərdəkan camaatı deyir ki, Mirbabanın həyatı da macəra ilə doludur, bu günədək subaydır. Əlbəttə, bu Mirbabanın özəl həyatı olduğu üçün çox dərinə getmirik. Amma Mirbabadan soruşan lazımdır ki, hazırda Acsess banka, Oba marketə, House inşaata icarəyə verdiyin obyektlərini, gecə-gündüz işləyən mebel sexlərini hansı pulla qazanmısan. Bax, Mirbabaya bu suallar veriləndə, onun həbsi qaçılmaz olacaq. (Gundelik-bakı.com)
