Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Sosial / 830 şəhidə aid 1 503 kredit üzrə borc silinib

830 şəhidə aid 1 503 kredit üzrə borc silinib

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər.

Mərkəzi Bankdan verilən məlumata görə, eyni zamanda, şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub.

Bank olmayan kredit təşkilatları da qeyd olunan əhali qrupları üzrə kreditlərin tam silinməsini təmin ediblər.

Şəhidlərin ləğv prosesindəki banklar üzrə olan borcları da güzəştdən kənarda qalmayıb. Bu borc öhdəliklərinin silinməsi ilə bağlı məsələ bu günlərdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müzakirəsinə çıxarılacaq.

İntensiv hərbi əməliyyatların başlanmasından etibarən Mərkəzi Bank şəhid olan və müxtəlif dərəcəli xəsarət alan hərbi qulluqçulara (və ya onların vərəsələrinə) sığorta ödənişlərinin operativ ödənilməsinin təmin olunması məqsədilə müvafiq dövlət qurumları – Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlığa başlayıb. Prosesin kompleks və ardıcıl idarə olunması üçün Mərkəzi Bankda işçi qrupu yaradılıb. Əməkdaşlıq şəraitində Ədliyə Nazirliyi tərəfindən şəhid olmuş hərbi qulluqçuların vərəsələrinin qısa zamanda müəyyən olunması və onlara müvafiq təsdiqedici sənədlərin verilməsi təmin olunur. Eyni zamanda əlilliklə nəticələnən ağır bədən xəsarəti almış hərbi qulluqçulara müvafiq sənədlərin operativ verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edilir.

Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq Azərsığorta şirkətinin daxili idarəetmə potensialı artırılıb, Şirkət gücləndirilmiş iş rejiminə keçib. Şirkətin daxili prosesləri müraciətlərin yeni miqyasına uyğunlaşdırılıb, insan resursları artırılıb, təkrarlanan əməliyyatlar avtomatlaşdırılıb. Vətəndaşların fiziki qəbulu üçün müasir standardlara uyğun xidmətlər təşkil edilib, zənglərin qəbulu üçün telefoniya sistemi qurulub. Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilib.

Şirkətin bütün rayonları əhatə edən filial şəbəkəsindən istifadə etməklə bütün şəhid ailələri ilə birbaşa əlaqə saxlanılır, sığorta ödənişi və əlaqədar sənədlərin əldə edilməsi ilə bağlı onlara məsləhət və əlaqədar dəstək xidmətləri göstərilir.

18 dekabr 2020-ci il tarixinə Azərsığorta tərəfindən 4138 şəxsə ödəniş edilib. Onlardan 751 nəfəri şəhidlərin vərəsələri, 3387 nəfəri isə xəsarət alanlardır.

Həmçinin oxuyun

“Azəriqaz” məlumat yaydı: Güzəşt ediləcək

2020-ci ilin sonu və bu ilin əvvəllərində bəzi istixana sahibləri xarici bazara çıxışda müəyyən çətinliklərlə …