Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “7 rayon niyə azad edilmir?” – Novruz Məmmədov 

“7 rayon niyə azad edilmir?” – Novruz Məmmədov 

Dağlıq Qarabağ münaqişəsinin davam etməsi regionda sülh və inkişaf üçün ən böyük maneədir.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, münaqişənin həll edilməsinin hüquqi əsasları BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə təsbit olunub: “Bütün bu sənədlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dəstəklənir və tanınır. Ancaq əfsuslar olsun ki, son 10 ildə beynəlxalq hüquq yalnız sənəd olaraq qalır”.

PA rəsmisi bildirib ki, beynəlxalq birlik daxilində gərginlik beynəlxalq hüquqa riayət edilməməsinin nəticəsidir: “İş o yerə çatıb ki, ABŞ dövlət katibi dünyaya guya mesaj verir ki, liderlər münaqişənin həllinə hazır deyillər. ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyə qədər hansı məntiqli variant irəli sürüblər ki, Azərbaycan onunla razılaşmayıb? Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu niyə azad edilmir? İnsan hüquqlarından, beynəlxalq hüquqdan danışan böyük dövlətlər bir güzgüdə özlərinə baxsınlar. Yüz minlərlə insanın yaşamış olduğu bu 7 rayonun azad edilməsi üçün bu böyük dövlətlər hansı addımlar atıb? Həmsədrlərin ötən illərdə düşünüb tapdığı yeganə yol odur ki, Azərbaycan və Ermənistan özü razılığa gəlsin.

Bu, Azərbaycana ədalətsiz, ikili standartlara əsaslanan münasibətin təzahürüdür. Ermənistan iddia edir ki, Azərbaycan kompromislərə hazır deyil. Ermənistan bunu dedikdə Dağlıq Qarabağın bütövlükdə Ermənistana verilməsini nəzərdə tutur. Con Kerrinin bəyanatı daha çox Ermənistanın bu mövqeyinə bənzəyir. ABŞ-ın müvafiq qurumları Con Kerrinin bəyanatları ilə bağlı müvafiq izahat verməlidir. Ermənistan münaqişənin həllinin uzadılmasına çalışır, belə bəyanatlar da buna əsas yaradır”.

Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Qarabağ münaqişəsindən danışarkən Xocalı soyqırımını kənara qoymaq olmaz: “Ermənistan olmayan soyqırımını dünyaya guya həqiqətən törədilmiş kimi təqdim etməyə çalışır. Ancaq Xocalı soyqırımı ötən əsrdə törədilmiş son soyqırımıdır. Dünyanın bir çox ölkəsi, o cümlədən ABŞ-ın bir sıra ştatı Xocalı soyqırımını tanıyıb”.

N. Məmmədov qeyd edib ki, SSRİ-nin süqutundan, “Varşava sistemi” dağılandan sonra dünya ictimaiyyəti beynəlxalq hüququ unudub. O, Azərbaycanın Avropa İttifaqı ilə bərabərhüquqlu əməkdaşlığa üstünlük verdiyini qeyd edib: “Azərbaycan Avropa İttifaqına daxil olan 8 dövlətlə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb”.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın