Ana səhifə / Sosial / 7 min əhalisi olan Gülçülük yaşayış massivində məktəb yoxdur

7 min əhalisi olan Gülçülük yaşayış massivində məktəb yoxdur

Əhalisi kifayət qədər olan yaşayış məntəqələrində məktəb, uşaq bağçası və xəstəxana kimi gərəkli təsisatların olması olduqca vacibdir. Çünki bu təsisatlar olmadan inkişafa nail olmaq mümkün deyil. Ölkəmizin hər yerində, o cümlədən, ucqar kəndlərdə belə müasir tipli məktəblər inşa edilərək şagirdlərin ixtiyarına verildiyi halda, Bakının lap yaxınlığında yerləşən bəzi yaşayış massivlərində hələ də orta məktəb yoxdur. Bu səbəbdən həmin ərazilərdə yaşayan sakinlərin övladları yaşayış yerlərindən uzaqda yerləşən məktəblərə gedirlər.

Belə ərazilərdən biri də Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük adlanan ərazidir. Ərazidə yaşayanların sayı son illər əhəmiyyətli dərəcədə artıb. Gülcülük adlanan yaşayış massivində təxminən 7 min nəfərədək əhali yaşayır. Ancaq məktəb sarıdan sakinlər çox ciddi çətinliklərlə üzləşirlər. Məsələ ondadır ki, Gülçülük yaşayış massivində məktəb yoxdur. Bu səbəbdən uşaqlar digər məktəblərə, əsasən də Daş karxanası massivində yerləşən 22 saylı məktəbə getmək məcburiyyətində qalırlar. Ancaq problem ondadır ki, sözügedən məktəb Gülçülüyə uzaq məsafədə yerləşir. Ona görə də uşaqlr nəqliyyat vasitəsilə həmin məktəbə getməli olurlar. Sakinlərin dediyinə görə, bu da onlara baha başa gəlir. Problem ondadır ki, bir uşağı nəqliyyat vasitəsilə 22 saylı məktəbə aparmaq ay ərzində 30 manata başa gəlir. Evdən 3 uşaq məktəbə gedirsə, o zaman bunun üçün valideyn 90 manat ödəniş etməlidir. Ortada digər xərclərin də olduğunu nəzərə alsaq, hər valideynin buna imkanı çatmır. Özü də məktəbə uşaqlar köhnə sınıq-salxaq “Qazel” markalı avtomobillərlə aparılır. Başqa bir tərəfdən, Gülçülükdə məktəbin olmaması üzündən 22 saylı məktəb çox yüklənir və sıxlıq artır. Siniflərdə uşaqların sayının çox olması tədrisin keyfiyyətinə də mənfi təsir edir.

  • Mürvət Ağakişiyev: “Maddi baxımdan bu bizim üçün çox çətindir”

Gülçülük sakini Mürvət Ağakişiyevin sözlərinə görə, dəfələrlə sakinlər məktəbin olmaması barədə əlaqədar qurumlara müraciət ediblər: “Ancaq ortada nəticə yoxdur. Burada yaşayan əhalinin də sayı artır. Maddi baxımdan bu bizim üçün çox çətindir. Nəzərə almaq lazımdır ki, Gülçülükdə daha çox kasıb insan yaşayır. Əsasən muzdlu əmək fəaliyyəti ilə məşğul olurlar. Maddi baxımdan bu onlara baha başa gəlir”.

  • Məlahət Mürşüdlü: “Təhsil Nazirliyi araşdırma aparmalı və sözügedən ərazilərdə məktəblər inşa etməlidir”

Sözügedən məsələni “Bakı-Xəbərə” şərh edən təhsil eksperti Məlahət Mürşüdlünün sözlərinə görə, bu təkcə Bakıətrafı qəsəbələr üçün xarakterik olan problem deyil: “Digər yerlərdə də bənzər problemlər var. Bakının yaxın ətrafında da bənzər problemlər mövcuddur. Görürsən ki, çoxmərtəbəli binalar ucaldılıb, amma ərazidə məktəb və bağça yoxdur. Bu, planlaşmanın qüsurudur. Sovet dönəmində belə massivlər yaradılanda paralel olaraq məktəblər, səhiyyə ocaqları, bağçalar tikilirdi. Ancaq təəssüflər olsun ki, Bakıətrafı ərazilərdə son illər salınan yaşayış massivlərində bütün bunlar nəzərə alınmır. Ona görə də Təhsil Nazirliyi araşdırma aparmalı və sözügedən ərazilərdə məktəblər inşa etməlidir. Massivlər salınarkən buraxılan səhvlər düzəldilməlidir. Yoxsa, sakinlər əziyyət çəkməkdə davam edəcəklər. Vaxtında bunlar nəzərə alınsaydı, Bakıda bu dərəcədə tıxac olmazdı. Tıxacın bir səbəbi də məktəblərin sayının yetərincə olmamasıdır”.

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …