Ana səhifə / Sosial / 40 dollarlıq neft, oliqarxlar və onların “Gulfstream”ları…

40 dollarlıq neft, oliqarxlar və onların “Gulfstream”ları…

Dünya bazarlarında neftin qiyməti 40 dollara düşüb. Bu, Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsində göstərilən proqnoz qiymətindən 10 dollar aşağıdır.

Virtualaz.org saytının xəbər verdiyi kimi, Amerikanın nüfuzlu “Goldman Sach” bankının bir neçə gün əvvəl irəli sürdüyü “qiyamət proqnozu” isə barrelin gələn ilin birinci rübündə 30 dollara qədər enəcəyindən bəhs edirdi. Artıq WTI markalı yüngül neft inamla bu səviyyəyə doğru geriləməkdədir və Nyu-York birjasında barreli 37 dollardan satılır.

Neftin bu cür dəyərdən düşməsi ixracının əsas hissəsini bu xammal təşkil edən ölkələr, o cümlədən Azərbaycan üçün əsl böhranın hələ bundan sonra başlayacağı deməkdir. İndi nefti unutmaq, kəmərləri sıxmaq və iqtisadiyyatı neftdən xilas etmək dövrü başlayır.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev artıq qazaxlara müraciət edərək onları qənaətcil yaşamağa alışmağa, “Land Cruiser”lərdən imtina etməyə, bahalı restoranlarda əylənməyi yaddan çıxarmağa çağırıb.

Azərbaycanda isə kəmərləri sıxmaq barədə xəbərdarlıq hələ bir neçə ay əvvəl prezident İlham Əliyevin 2016-cı il büdcəsinin layihəsinə dair hökumətin iqtisadi bloku ilə keçirdiyi müşavirədə edilmişdi. Prezident hökumətə tapşırdı ki, lüzumsuz xərclərə yol verilməsin və vəsaitlərdən qənaətlə istifadə edilsin.

Elə dünən prezidentin 2016-cı il büdcəsi haqda qanunun tətbiqinə dair imzaladığı sərəncamda da hökumətə və dövlət strukturlarına maliyyə şəffaflığının təmin edilməsinə, qənaət tədbirlərinə və islahatlara dair bir sıra tapşırıqlar əksini tapıb.

Bir sözlə, indi hamı qənaət etməlidir – sıravi vətəndaşlar da, neftin 150 dollara satıldığı günlərdə pulu sağa-sola səpələyən dövlət strukturları da, hökumət özü də…

Bəs oliqarxlar necə, onlar da öz həyat tərzlərinə dəyişiklik edəcəkmi? Axı indiki qlobal böhran dövründə heç nə əvvəlki kimi olmayacaq. Azərbaycanlı oliqarxlar da indi əvvəlki kimi qazana, yaxud çırpışdıra bilməyəcəklər. Deməli, onlar da kəmərləri sıxmalıdır, məsələn, özlərinə və ailə üzvlərinə aldıqları özəl təyyarələrdən imtina etməlidir.

Özəl təyyarələr demişkən, Azərbaycanda çox az iri oliqarx tapılar ki, onun özünün, hətta ailə üzvlərinin şəxsi təyyarələri olmasın. Ən azından yaxış keçmişə – böhran əlamətləri özünü göstərənə qədər belə idi.

Oliqarxların cürbəcür təkərli oyuncaqlardan – dəbdəbəli avtomobillərdən bezib “göyə çıxmaları” təxminən Azərbaycana iri neft pullarının daxil olmasından sonra başladı. Onlar əvvəlcə özlərinə salonu xüsusi sifarişlə yığılmış laynerlər sifariş etdilər, daha sonra qanadlı oyuncaqlardan uşaqlarına da almağa başladılar.

Belə qanadlı oyuncaqların qiyməti isə bir qayda olaraq on milyonlarla dollardır. Söhbət cürbəcür “Gulfstream”lardan, “Bombardier”lərdən, “Falcon”lardan gedir. Hansı ki, onların dəyərinin on milyonlarla dollarla ölçülməsi bir yana, saxlanılması da hər il xeyli xərc tələb edir.

Oliqarxların aviaparkları bir qayda olaraq xarici ölkə aeroportlarında dislokasiya olunub, onları saxlamaq üçün aeroport kirayəsi, pilotlardan ibarət komanda, yerüstü xidmətlər və s. üçün əlavə xərclər tələb olunur.

Beləliklə, özəl təyyarə sahibi olmaq Azərbaycanda oliqarxlar arasında dəb kimi sürətlə yayılmağa başladı. İş hətta o yerə çatdı ki, Xəzərdə süni adalar yaradıb üzərində 1 milyon adamın yaşayacağı şəhər salmaq kimi fantastik layihəni başladan Hacı İbrahim Nehrəmli də özəl “Bombardier”in fonunda geniş təbəssümü ilə obyektivlər qarşısına keçdi.

Hərçənd ki, sonradan onun Azərbaycan Beynəlxalq Bankına yüz milyonlarla dollar kredit borcunun olduğu, “Xəzər adaları”nın heç bir iqtisadi perspektivi olmayan, pulları dənizə tökməkdən başqa bir işə yaramayan layihə olduğu üzə çıxacaqdı.

Azərbaycan Beynəlxalq Bankı demişkən, bu bankın hazırda “Bandotdel”də sağa-sola səpələdiyi milyardlarla dollarlıq kreditlər haqda düşüncələrə dalan keçmiş rəhbəri Cahangir Hacıyev də “qanadlı oyuncaq” sahibi olan oliqarxlar arasında idi. Özü də onun “qarajında” bir yox, iki özəl təyyarə olub – biri özünün, biri xanımının.

Bəs necə?! Cənab Hacıyev qızıldan qiymətli vaxtını boşa xərcləyib hansısa “business-class”da uçmalıdır? Yaxud onun xanımı Parisə, Londona bazarlığa gedəndə adi sərnişin təyyarəsindən istifadə etməlidir? Ölkənin ən iri bankını faktiki olaraq talan edən bankir heç özünə bu cür qənaəti rəva bilərdimi? Bəyəm Cahangir Hacıyev Britaniyanın baş naziri Devid Kemerondur ki, qızı ilə birlikdə adi sərnişin təyyarəsinin “econom-class”ında uçsun?

İndi isə deyilənə görə, Cahangir Hacıyev təyyarələrini satışa çıxarıb. Deyəsən, özəl təyyarə ona uzun müddət lazım olmayacaq…

Oliqarxların gündəlik məişətinə bələd olan mənbələr onu da deyirlər ki, təyyarələrini satışa çıxaranlar təkcə Cahangir Hacıyev və müflis olmuş digər kredit oliqarxları deyil. Hətta bəzi qüdrətli nazirlər də öz aviaparklarına əl gəzdirməyə başlayıb və özəl təyyarələrdən heç olmasa birini satışa çıxarıb.

Deyəsən, onlar da başa düşməyə başlayıb ki, neftin qiyməti 40 dollaradırsa, nəsə qənaət etmək lazımdır və hələlik bir təyyarə ilə yola vermək, ən bəd ayaqda lazım olanda təyyarəni özəl aviaşirkətlərdən kirayələmək olar…

 

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın