Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Rəsul Quliyevin Heydər Əliyevə böyük simpatiyası var idi…” – Fərəməz Cavadov

“Rəsul Quliyevin Heydər Əliyevə böyük simpatiyası var idi…” – Fərəməz Cavadov

Xəbər verdiyimiz kimi, Azərbaycan parlamentinin eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev ölkəyə gəlmək istədiyini, amma ona maneə yaradıldığını qeyd edib.

O deyib ki, heç vaxt müəyyən şərtlər çərçivəsində Azərbaycana gəlmək üçün kiməsə müraciət etməz.
“Heç vaxt etmədiyim “cinayət” işinə görə əfv olunmağımı xahiş etmərəm. Kiminsə diktəsi ilə müəyyən addımlar atmağa razılıq vermək şərti ilə yaşamaqdansa, ölməyə üstünlük verərəm”.

Lakin maraqlıdır ki, bunun ardınca R.Quliyev vaxtilə Heydər Əliyevə etdiyi köməklikləri xatırladıb, “Mən xaraktercə dediyim sözə həmişə əməl edən adam olmuşam və belə də qalacağam. Hamı mərhum prezident Heydər Əliyevdən üz döndərəndə mən onu Vəzirov, Mütəllibovun hədə-qorxusuna, terror etmək cəhdlərinə baxmayaraq, axıra qədər müdafiə etdim” deyə, sanki kimlərəsə mesaj vermiş olub…

R.Quliyev həmçinin, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələri zamanı da Heydər Əliyevi sonadək müdafiə etdiyini yada salıb. “Onu sözün əsl mənasında müdafiə edən nə ərtrafındakılar, nə də nazirləri oldu, yalnız mən oldum”.

Eks-spiker ən maraqlı mesajı isə açıqlamasının sonunda verib. Sitat: “Xaricdə yaşadığım dövrdə heç vaxt zorla hakimiyyətin dəyişdirilməsi ideyasını dəstəkləmədim. Mən həmişə bunun əleyhinə olmuşam. Hakimiyyətin məni respublikaya buraxması onun üçün heç bir təhlükə yaratmır”.

İndiki həssas məqamda R.Quliyevin vaxtilə Heydər Əliyevə etdiyi yaxşılıqları yada salması təsadüfdür, yoxsa xüsusi məqsədə hesablanıb, deyə bilmərik. Heç mövzumuz da bu deyil. Maraqlıdır ki, R.Quliyev Heydər Əliyevə hansı dəstəklərindən danışır. Axı o, həm Mütəllibovun, həm də Elçibəyin dövründə vəzifə tuturdu. Bu şəxslərin Heydər Əliyevə münasibəti isə heç kimə sirr deyil. Bu gün Mütəllibov Heydər Əliyevə təriflər yağdırsa da, hamı bilir ki, zamanında onun Heydər Əliyevə həqiqi münasibəti necə olub…

Feremez cUzun illər Rəsul Quliyevlə birlikdə işləmiş, vəzifədən getdikdən sonra da eks-spikerlə dostluq münasibətlərini pozmayan Fərəməz Cavadov deyir ki, R.Quliyevin Heydər Əliyevə böyük simpatiyasının və dəstəyinin şəxsən şahidi olub. Belə ki, Heydər Əliyev Moskvadan Bakıya dönən gündən R.Quliyev, çox ciddi təhdidlərə baxmayaraq, ona əlindən gələn köməyi edib.

“Heydər Əliyev Moskvadan Bakıya dönən gündən bir gün əvvəl Rəsul müəllim gecə məni çağırıb bildirdi ki, sabah Heydər Əliyev Moskvadan gələcək, məlumatımız var ki, müəyyən qruplar aeroportda ona etiraz etmək, təhqir etmək istəyirlər. Buna yol verilməməlidir. Tapşırıq verdi ki, Heydər Əliyevin qarşılanmasında iştirak edək. Elə ordan 8-ci kilometr qəsəbəsində yerləşən yataqxanamıza gəldim, əksəriyyəti naxçıvanlı olan uşaqlarla danışdım, səhər 30-a yaxın adamla aeroporta – Heydər Əliyevi qarşılamağa getdik. Sözsüz ki, orda başqa adamlar da var idi. Onlardan mən Həsən Zeynalovu, Bəxtiyar Vahabzadəni, Cəlal Əliyevi xatırlayıram. Heydər Əliyev deputatlar üçün nəzərdə tutulan qapıdan çıxdı, Həsən Zeynalov yaxınlaşıb bir dəstə gül verdi. Camaatla salamlaşandan sonra, səhv etmirəmsə Cəlal Əliyevin ağ rəngli “QAZ 24”-nə oturub, şəhərə tərəf getdi. Biz də onun arxasınca. Maşın Prezident Aparatının yaxınlığında, Cəlal Əliyevin yaşadığı binanın qarşısında durdu. Heydər Əliyev düşüb, camaata təşəkkür edərək, evə qalxdı.
Qayıdıb Rəsul müəllimə xəbər verdim ki, qarşılanma normal keçdi, heç bir qarşıdurma olmadı.
Heydər Əliyev təxminən 2 həftə Bakıda qalandan sonra məcburiyyət qarşısında Naxçıvana getdi. Mənim bildiyimə görə, əvvəlcədən belə razılıq olmuşdu ki, Heydər Əliyev birbaşa Naxçıvana gedəcək. Lakin 2 həftə Bakıda qalanda Ayaz Mütəllibov sifariş göndərmişdi ki, Naxçıvana yola salınsın. Onun bu tələbini köməkçisi Ramiz Rizayevə (Sonralar Azərbaycanın Rusiyadakı səfiri-red) çatdırmışdı. Həmin vaxt Fərəməz Maqsudov da Rəsul müəllimin yanında idi. Onlar razılaşdılar ki, Heydər Əliyev Naxçıvana yola salınsın.
Heydər Əliyev Naxçıvana gedəndən sonra Rəsul Quliyevə güclü təzyiqlər başladı. Yadımdadır ki, biz hər gecə təxminən 10-12 nəfər onun bağında növbə ilə keşik çəkməli olurduq…”

F.Cavadov deyir ki, Rəsul Quliyevin hər zaman Heydər Əliyevə simpatiyası olmuşdu.“Mənim yadımdadır ki, 1981-ci ildə Rəsul müəllim zavoda direktor təyin olunanda Heydər Əliyev onun təqdimatına gəlmişdi. O vaxtdan münasibətləri yaxşı idi. Yadımdadır ki, Mütəllibovun vaxtında bir dəfə Rəsul müəllimin kabinetinə girəndə, onun “Kommunist” qəzetini oxuyub deyindiyini gördüm. Nə baş verdiyini soruşdum. Mütəllibovu söyüb dedi ki, gör kişinin barəsində nə yazdırır… Rəsul müəllim o vaxt azsaylı adamlardan biri idi ki, otağnda Heydər Əliyevin portretini saxlayırdı. Hər oğulun işi deyildi ki, Mütəllibovun vaxtında otağına Heydər Əliyevin portretini assın.

resul_zavord_heyder

Prezident seçkilərində iştirak üçün yaş senzi tətbiq olunanda da, Rəsul müəllim bizi göndərmişdi parlamentin qabağına. Orda çadır da qurmuşduq. Hacı Əbdülün adamları çadırımıza hücum edib cırmışdılar. Yadımdadır ki, Rəsul müəllim “bir çadırı da qoruya bilmədiz”, deyə buna görə bizi möhkəm danladı. Cavab verdim ki, hamısı narkoman, kriminaldır, nə edərdik…(Gülür)”

F.Cavadov deyir ki, Heydər Əliyev Naxçıvanda olanda da Rəsul Quliyev onunla mütəmadi əlaqə saxlayıb. “Dəfələrlə telefon danışıqlarının şahidi olmuşam. Mən bilən Becan Fərzəliyevin vasitəsilə Rəsul müəllim maliyyə köməkliyi də edirdi. O tez-tez bizim zavoda gəlirdi. Yəni həqiqətən də pis vaxtlarında Rəsul müəllim Heydər Əliyevə dayaq olmuşdu. Mən özüm bunun şahidiyəm. Onun Heydər Əliyevə böyük simpatiyası var idi. Parlamentin ilk iclasında demişdi ki, Heydər Əliyevin siyasəti ilə razılaşmayanda istefa verəcək. Sakitcə də çıxıb getdi. Sonra bəzi qüvvələr onların münasibətlərini pozdular…”

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın