Cümə , Dekabr 4 2020
Ana səhifə / Sosial / 28 May qəsəbəsinin həll olunmayan problemləri…

28 May qəsəbəsinin həll olunmayan problemləri…

Sakinlər: “Dəfələrlə müraciətimizə baxmayaraq, AXC-nin adı ilə bağlı olan qəsəbəmizin bu problemləri həll olunmur”

Binəqədi rayonu, 28 May qəsəbəsi sakinləri ölkə rəhbərliyinə, bir çox nazirlərə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısına müraciət edib. Redaksiyamıza yolladıqları müraciətdə qeyd edirlər ki, növbəti ay Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur:

“Xalq Cümhuriyyətinin yarandığı parlaq tarixi öz adı ilə əbədiləşdirən bir qəsəbənin sakinləri kimi bundan qürur hissi keçiririk. Binəqədi rayonuna daxil olan və Bakı-Şamaxı yolunun üstündə yerləşən qəsəbəmiz Azərbaycanda adını Xalq Cümhuriyyətindən və istiqlal tariximizdən alan yeganə yaşayış məntəqəsidir. Çoxları düşünə bilər ki, qəsəbəmiz adına uyğun olaraq xüsusi qayğı ilə əhatə olunub və tamamilə abadlıq içindədir. Təəssüf ki, əksinə, ətrafdakı yaşayış məntəqələrindən fərqli olaraq, biz çox acınacaqlı və elementar problemlərlə üz-üzə qalmışıq. Dəfələrlə müraciətimizə baxmayaraq, bu problemlər həll olunmur. İdarəçi məmurların sayəsində Sizin regionların inkişafı ilə bağlı proqramlarınız və bir çox təşəbbüsləriniz bizim qəsəbədən yan keçib. Ümid edirdik ki, Xalq Cümhuriyyətinin 100 illiyi bizim qəsəbəyə diqqəti artıracaq, lakin indi də heç bir dəyişiklik görmürük. Buna görə də Sizə ümid bağlayır və problemlərimizin bəzilərini diqqətinizə çatdırmaq istəyirik. Qəsəbəmizin yolları ilə bağlı problem illərdir qalır. Qəsəbəmizin yollarında heç vaxt asfalt olmayıb. Qış mövsümündə yollarımız keçilməz dağ yollarını xatırladır, yağış suyundan yaranan dərin gölməçələr və sürüşkən palçıq qatları biz sakinlərə əsl mübarizə anlarını yaşadır. Sakinlərin hesabına pis-yaxşı hala gətirilmiş yollarımız 2014-cü ildə düzənləndi, dağıdıldı və deyilənə görə, asfaltlanma üçün hazırlandı. Lakin iş elə o yerdə də qaldı və  yollarımız daha bərbad hala düşdü. Bu günlərdə isə yeni su xətləri çəkilməsi üçün yollarımız ”Azərsu” ASC-nin qurumları tərəfindən qazılmağa başlanıldı. İndi yollarımız barrikada və yarğanları xatırladır. Çox güman ki, elə bu vəziyyətdə də qoyub gedəcəklər. Çünki həmin qazıntıların üzərində heç bir bərkidici tədbirlər görülmür.

28 may.jpg (191 KB)

İşıq xətlərində də problem var. Hava bir balaca pisləşən kimi, işıqlarımız kəsilir. Ona görə də küləkli, yağışlı  və soyuq havalar  bizim üçün həm də elektriksiz günlər deməkdir. Bizim kimi uğurlu bir enerji dövlətində məmurlar bunu niyə sakinlərimizə yaşadır, anlaya bilmirik. İctimai nəqliyyatla bağlı çətinliyimiz mövcuddur. Qəsəbəmizdə 10 mindən artıq əhali yaşayır. Ətraf qəsəbələrin hər birinə avtobuslar işləsə də, bizim qəsəbəyə heç vaxt marşrut xətti verilməyib. Sakinlərimiz  eyni istiqamətdə yerləşən qəsəbələrin avtobuslarından istifadə etmək məcburiyyətindədir. Pik saatlarında bu avtobuslar bizə gələnə qədər dolmuş olduğundan, bizim dayanacaqlarda saxlamırlar və yalnız onların arxasınca baxa bilirik. Kiməsə bu saatlarda həmin avtobuslara minmək nəsib olsa, həmin sakin «20 Yanvar» metrosuna çatana kimi əsl məşəqqətlər yaşayır. Pik saatlarda avtobuslarda yaşanan sıxlıq nəinki ən sadə insani və əxlaqi qaydalara riayət etməyə imkan  vermir, hətta bu zaman xəsarət almamağa çalışmalısan. Nəqliyyat problemi ilə bağlı işəgecikmələr sakinlərimizin bəzilərinin işini itirməsinə də səbəb olub.

Qəsəbədə səhiyyə məntəqəsi var, lakin  heç bir zəruri avadanlıqlarla təchiz olunmayıb. Üstəlik, çox uzaqda yerləşən Xocasən qəsəbəsindəki Sağlamlıq Mərkəzinə tabedir,  sakinlər müayinə  və sənədləşmə üçün oraya getmək məcburiyyətindədirlər. Bu da sakinlər üçün çox ağır problemdir.

Ölkəmiz yuxarıda sadalanan problemləri həll etmək gücünə çoxdan nail olub. Müvafiq qurumlardan və şəxslərdən xahiş edirik ki, bizim bu müraciətdə sadaladığımız problemlərin yoxlanılmasına və həll edilməsinə göstəriş versinlər.  Əvvəlcədən minnətdarlığımızı bildiririk”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tələbələrə müraciət edib

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 10-dək davam etdirəcək. Bu barədə nazirlikdən bildirilib. Qeyd …