Ana səhifə / Sosial / 2019-cu il ölkə ərazisində icbari tibbi sığortaya keçidin yekunu olacaq

2019-cu il ölkə ərazisində icbari tibbi sığortaya keçidin yekunu olacaq

Muzdlu əməklə məşğul olan şəxslər üzrə əmək haqqından 4 faiz sığorta məbləği nəzərdə tutulur ki, bu məbləğ işəgötürən və işçi tərəfindən hərəyə 2 faiz olmaqla ödəniləcək.

Digər kateqoriyadan olan şəxslər isə təqvim ili ərzində 120 manat sığorta haqqı ödəməklə il ərzində tam həcmdə tibbi yardım almaq hüququ əldə edəcəklər.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin 2018-ci ildə keçirilən son  plenar iclasında “Tibbi sığorta haqqında” və “İcbari sığortalar üzrə haqqında” qanunlara edilmiş dəyişiklikləri şərh edərkən bildirib.

 

Komitə sədri öncə bildirib ki, ölkə prezidenti İlham Əliyev icbari tibbi sığortanın 2020-ci ildə bütün ölkə ərazisində tam tətbiq olunmasına hazırlıq işlərini sürətləndirmək, səhiyyənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi münasibətlər əsasında təkmilləşdirilməsi yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi xidmətin keyfiyyətini yüksəltmək, əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədi ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin yaradılması ilə bağlı Fərman imzalayıb.

Onun sözlərinə görə, eyni zamanda,  icbari tibbi sığortanın bütün ölkə ərazisində tam tətbiq edilməsi üçün mükəmməl hüquqi bazanın yaradılmasına ehtiyac var.

“Bildiyiniz kimi, “Tibbi sığorta haqqında” mövcud qanun 1999-cü ildə qəbul edilib və bir çox aspektlərdə bu günkü tələblərə cavab vermir.

Ölkə  prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisin müzakirəsinə təqdim etdiyi və son plenar iclasda da qəbul edilən “Tibbi sığorta haqqında” qanuna əlavə və dəyişikliklər də məhz bu zərurətdən irəli gəlirdi”-deyən Ə.Əmiraslanov vurğulayıb ki, bütövlükdə əlavə və dəyişikliklərin sayı 100-dən artıqdır.

Komitə sədri qeyd edib ki, icbari tibbi sığortanın əlavə hissəsinə münasibətdə uşaqlar, tələbələr, əlillər, pensiyaçılar, dövlət ünvanlı sosial yardımı alan ailələrin üzvləri, hamilə qadınlar, qismən ödənişli məzuniyyətdə olan qadınlar dövlət büdcəsi hesabına, muzdlu əməklə məşğul olan şəxslər işə götürənin və özünün vəsaiti hesabına, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi müqavilə əsasında işləyənlər, qeyri-məşğul şəxslər öz vəsaitləri hesabına sığorta ediləcəklər.

“Layihənin IV-III fəsli “İcbari tibbi sığortanın maliyyətəminatı” adlanır.

Bu fəsildə İcbari tibbi sığortanın maliyyəmənbələri, sığorta haqlarının məbləği, hesablanma və ödənilmə qaydası öz əksini tapıb. IV-III fəsildə çoxdan müzakirə edilən bir çox suallara cavab verilib.

Belə ki, layihənin 15-10.1.1 maddəsində xidmətlər zərfinin baza hissəsinin sığorta məbləği təqvim ili üçün adambaşına 29 manat müəyyən edilib ki, bu vəsait dövlət büdcəsi hesabına ödəniləcək.

Xidmətlər zərfinin əlavə hissəsi üçün muzdlu əməklə məşğul olan şəxslər üzrə əmək haqqından 4 faiz sığorta məbləği nəzərdə tutulur ki, bu məbləğ işəgötürən və işçi tərəfindən hərəyə 2 faiz olmaqla ödəniləcək.

Digər kateqoriyadan olan şəxslər isə təqvim ili ərzində 120 manat sığorta haqqı ödəməklə il ərzində tam həcmdə tibbi yardım almaq hüququ əldə edəcəklər”-deyən akademik sonda əlavə edib ki,  bu baxımdan, qarşıdan gələn 2019-cu il bütün ölkə ərazisində icbari tibbi sığortaya keçidin yekun, həlledici ili olacaq.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …