Ana səhifə / Sosial / Bakıxanov qəsəbəsində Prezident Aparatının sözünə məhəl qoymayan kimdir?

Bakıxanov qəsəbəsində Prezident Aparatının sözünə məhəl qoymayan kimdir?

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1, 4, 5 və 6 ünvanlarında yerləşən binaların həyətində olan geniş yaşıllıq sahə artıq illərdir ki, hasara alınıb. Əhalinin istirahəti üçün nəzərdə tutulmuş ərazi zəbt olunduğundan, uşaqlar avtomobil yolunda oynamaq məcburiyyətində qalıb, sakinlərin dincəlməyə yer tapa bilmir.

Bu şikayətlə virtualaz.org-un redaksiyasına həmin ünvanda yaşayan sakinlər müraciət edib. Onların sözlərinə görə, yaşıllıq hasarlanan zaman özlərinin əkdikləri çoxillik meyvə ağaclarının da bir hissəsinı qırıblar.

“Bura əvvəllər boş ərazi idi, biz sakinlər öz zəhmətimizlə burada meyvə bağı salmışıq. Baxmayaraq ki, həyətdə su yoxdur, özümüz vedrə ilə su daşıyıb ağacları suvarmışıq, böyütmüşük. Bir neçə il olar ki, bura hasarlanıb, ərazini icra hakimiyyəti kimə satıb, bilmirik. Hasarlayanda da, 5-6 iri çinar ağacını, 15-ə yaxın meyvə ağacını kəsib aparıblar. Hamısı da 20-30 ilin ağacları idi”, – deyə yerli sakin Balabəy Soltanov bildirir.

Şikayətçilər deyirlər ki, daha əvvəl qonşu həyətdə də eyni üsulla şadlıq sarayı tikdilər. Əvvəlcə uşaqlar üçün oyun meydançası tikmək adı ilə 1 saylı binanın həyətini hasarladılar, sonra isə orada şadlıq sarayı tikdilər. Çox güman ki, eyni aqibət bu həyətdəki zəbt olunmuş ərazini də gözləyir.

“Bura evimizdən su çəkmişik ki, yaşıllıq məhv olmasın. Bir halda ki, ağaclarımızı kəsirlər, ərazini hasarlayırlar, heç olmasa, uşaqlarımız üçün oyun yeri düzəltsinlər. Həyətə axşam gəlsəniz, görərsiniz ki, maşınların əlindən tərpənmək mümkün deyil. Uşaqlarımız oynamağa yer tapa bilmir. Neçə binanın arasında nə tikmək olar axı? Hər yerə şikayət eləmişik, hətta Prezident Aparantına da yazmışıq. Oradan bizə cavab gəlib ki, həyətdə heç bir tikinti aparıla bilməz. Amma bununla belə hasarlanmanın qarşısını alan olmayıb”, – deyə şikayətçilər bildirirlər.

Sakinlər həmçinin qəsəbənin mərkəzi parkının da 10 ildən artıqdır ki, hasara alındığını deyirlər. İstirahət etmək üçün başqa yer olmadığından, əhali avtomobil yolunun ortasında yerləşən “Aleyka” deyilən ərazidə dincəlmək məcburiyyətində qalıb. Hazırda park mişar daşı ilə ucu-bucağı görünməyən hasarla dövrələnib və ölü sahəyə çevrilib.

Yaşıllığın nə məqsədlə hasarlanmasını və sakinləri narahat edən problemləri  araşdırmaq istəsək də, Sabunçu Rayon İcra Hakimiyyətindən zənglərimizə cavab verən olmadı.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …