Sosial şəbəkədə biz:
18 yaşlı yataq xəstəsinin pensiyası verilmir: “5 aydır bank kartını ala bilmirik”
Xəbər Şəkli

18 yaşlı yataq xəstəsinin pensiyası verilmir: “5 aydır bank kartını ala bilmirik”

02 June 2026, 12:44
Sosial

Cəlilabad rayon sakini birinci qrup əlilliyi olan oğlunun əlillik pensiyasını ala bilmədiyini deyir.

Bu barədə Musavat.com-a müraciət edən rayon sakini Dünyamalı Abdullayev bildirib ki, serebral iflic xəstəsi olan oğlu Afiq Abdullayev 18 yaşı tamam olduqdan sonra yaranan hüquqi prosedurlar səbəbindən 5 aydır pensiya kartını əldə edə bilmir.

Valideynin sözlərinə görə, övladı anadangəlmə serebral iflicdən əziyyət çəkir və sağlamlığının 90 faizini itirib:

“Övladım ömürlük serebral iflic xəstəsidir. Oğlumun 18 yaşı tamam olub. İmza ata bilmədiyi üçün bankdan əlillik pensiyası üçün nəzərdə tutulan kartı ala bilmirik. O, nə yeriyə, nə otura, nə də danışa bilir. Demək olar ki, yataq xəstəsidir”.

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı məhkəməyə müraciət etsə də, problemin həlli mümkün olmayıb. Bank tərəfindən onlardan qəyyumluqla bağlı məhkəmə qərarının təqdim olunması tələb edilir.

“Bank bildirir ki, oğlumun qəyyumluğu ilə bağlı məhkəmə qətnaməsi təqdim edilməlidir. Məhkəmədə isə bizə deyirlər ki, icra hakimiyyətinə müraciət edin. İcra hakimiyyətindən isə yenidən məhkəməyə yönləndirirlər. Arada qalmışıq. 18 yaşına qədər anası pensiyanı ala bilirdi”, - deyə D.Abdullayev qeyd edib.

Onun sözlərinə görə, qəyyumluqla bağlı məhkəmə qərarının alınması üçün Afiq Abdullayev məhkəmə-tibbi ekspertizasından keçirilməlidir. Bunun üçün isə onun Maştağada yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına aparılması tələb olunur.

“Məhkəmədən mayın 17-də bildirildi ki, övladımla bağlı xəstəxanaya sorğu göndərilib və yaxın günlərdə məhkəmə komissiyasından keçmək üçün bizə bildiriş gələcək. Bir sözlə, uşağı ekspertizaya aparmaq üçün Bakıya gətirməliyik. Amma o, yataq xəstəsidir. Nə ayaq üstə dura, nə də otura bilir. Onu necə maşına mindirib aparaq? Vəziyyəti pisdir. Halbuki belə ağır vəziyyətdə olan xəstələrin yanına komissiya üzvləri özləri gələrək baxış keçirə bilərlər”, - deyə valideyn bildirib.

Məsələ ilə bağlı Musavat.com-un sorğusuna cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Afiq Abdullayevə 2023-cü ildə müddətsiz əlillik təyin olunub və həmin təyinat hazırda qüvvədədir.

Bununla belə, valideyn övladının qanunla nəzərdə tutulan sosial təminatından yararlana bilmədiyini bildirərək aidiyyəti qurumlardan problemin həllinə kömək göstərilməsini xahiş edir. Onun sözlərinə görə, aylardır davam edən prosedurlar səbəbindən ailə ciddi çətinliklərlə üzləşib.

“Övladımın dərmanlarını, sosial xərclərini bu pensiya vasitəsi ilə qarşılayırdıq. İndi isə çox çətin duruma düşmüşük”, - deyə ata dilə gətirib.