Nazirlikdən verilən məlumata görə, bu ilin 6 ayı ərzində 185 007 baş iribuynuzlu heyvanda vərəm xəstəliyinə görə tuperkulinizasiya müayinəsi aparılıb. Aparılan müayinələrin nəticəsinə əsasən heyvanlar arasında vərəm xəstəliyinə görə yoluxma aşkar edilməyib.

Qeyd edək ki, vərəm xroniki gedişli yoluxucu xəstəlik olub, müxtəlif orqanlarda, daha çox ağciyərlərdə, bağırsaqlarda, limfa düyünlərində və spesifik düyünlərin-tuberkulaların (şorvari maddə) əmələ gəlməsi ilə səciyyələnən xəstəlikdir. Ev heyvanları, vəhşi heyvanlar və quşların bir çox növləri, habelə insanlar bu xəstəliyə yoluxurlar.

Vərəm xəstəliyi xroniki və ya latent gedişli olduğuna görə onun kliniki nişanələri bir neçə ay görünməyə bilər. Kliniki nişanələr iltihabi və patoloji prosesin yerinə görə fərqlənə bilər, ağciyər və bağırsaqda xəstəlik ocaqları yarana bilər. Daha çox xarakterik olan əlamət arıqlama və tənəffüs orqanlarının pozğunluqlarıdır. Yelinin və limfa düyünlərinin tipik pozğunluqları da müşahidə edilə bilər.

İribuynuzlu heyvanlarda əksər hallarda vərəmin ağciyər forması baş verir və xroniki formada davam edir, cavan heyvanlarda xəstəlik iti və yarımiti gedişli olur. Bu halda heyvanda quru öskürək xarakterik olur. Hərarət 39,5-40 dərəcə C-yə qədər yüksələ bilər. Xəstəliyin ilkin etaplarında iştaha və məhsuldarlıq azalmır, xəstəlik şiddətlənən zaman ağciyərlərin və plevranın iltihablaşması nişanələri büruzə verir. Döş qəfəsində xırıltılar eşidilir, tənəffüs çətinləşir və ağrılı öskürəklə davam edir. Süd vəzilərinin patoloji prosesə tutulması yelinüstü limfa vəzilərin böyüməsi və bərkiməsi ilə səciyyələnir.

Qoyunlarda keçilərə nisbətən vərəmə az təsadüf edilir. Hər iki növ heyvanda xəstəlik asimptomatik keçir, xəstəlik ağırlaşan zaman keçilərdə kliniki nişanələr qaramalın əlamətlərinə bənzəyir.

Quşlarda vərəm aydın olmayan kliniki nişanələrlə xroniki gedişli olur. Xəstə toyuqlar az hərəkətli olmaqla yanaşı, tez arıqlayırlar. Pipikləri və sırğaları solğunlaşır və döş əzələsinin atrofiyasına gətirib çıxarır.

Tuberkulin sınağının nəticələrinə bir sıra amillər təsir göstərir: heyvanın yaşı (cavanlarda reaksiya zəif olur), köklülük, rəng (açıq rənglərdə güclü), tuberkulyoz prosesinin lokalizasiyası və onun vəziyyəti, digər infeksiyaların mövcudluğu, avitaminoz, natamam yemlənmə, xüsusən də zülal aclığı, boğazlılıq və s.

Tuberkulin sınağı ilə bütün yoluxmuş heyvanları müəyyən etmək olmaz (hətta, dərisi və göziçi üsullarının hər ikisindən istifadə edilsə də).

Hazırda respublikada heyvanlar arasında vərəm xəstəliyinə görə epizootik durum sabitdir.