Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / 10 qəpiklə həll olunmayan PROBLEMLƏR

10 qəpiklə həll olunmayan PROBLEMLƏR

Bir müddət öncə ictimai nəqliyyatda gediş haqqı artırılıb. Bu addımın atılması gözlənilən olub. Çünki yanacaq və ehtiyat hissələrin qiymətləri artsa da, xeyli vaxt idi nəqliyyatda gediş haqqı sabit saxlanılıb. Bu da ictimai nəqliyyatda xidmət göstərən şirkətləri çətin duruma salıb. İctimai nəqliyyatda aydın görünə bilən problemlər yaranıb. Bu baxımdan gediş haqlarının artırılması bu problemlərin həlli üçün bir imkan olaraq qiymətləndirilib. Bəs 10 qəpiklik artım ictimai nəqliyyatdakı problemləri həll edə biləcəkmi?

“Kaspi” qəzeti mövzu ilə bağlı maraqlı təhlil dərc edib.
Sərnişindaşıma şirkətləri razıdırmı?

Bakıda marşrut xətləri olan “Azland Plaza” MMC-nin rəhbəri Bəhruz Tağıyev qeyd edib ki, gediş haqqının 10 qəpik artırılması problemləri həll etmir:

“Ehtiyat hissələrinin qiymətindəki artımla müqayisədə gediş haqqındakı artım çox azdır. Nəzərə almaq lazımdır ki, son vaxtlar avtobusların sərnişin sayında da kəskin azalma var. Çünki çox adam avtobuslardan deyil, taksilərdən istifadə edir”.

“Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev dedi ki, son illər dünyada davam edən qlobal iqtisadi proseslər sərnişindaşıma sektoruna ciddi zərbə vurub: “Qlobal bahalaşma səbəbindən nəqliyyat vasitələri üçün zəruri olan sürtgü yağları, şin və s. bütün növ ehtiyat hissələrinin qiyməti 80 faizə qədər artıb. Bu hallar şirkətimizin gəlirlərinin minimum həddə düşməsinə və ümumilikdə cəmiyyətdə ictimai nəqliyyata etimadın zəifləməsinə səbəb olub. Eyni zamanda, bu günün bazar reallığından dəfələrlə aşağı olan gediş haqqı tarifi şirkətləri ciddi maliyyə itkilərinə məruz qoyub. Biz avtobus parkımızı 80 faizdən çox yeniləmişik, müasir istehsalat bazası qurmuşuq. Bu işlərə böyük miqdarda investisiya cəlb etmişik. Amma qiymət rentabelli olmadığından çətin durumda qalmışıq”.

Qiymət artımının sektora necə təsir edəcəyinə gəlincə, N.Rzayev bildirdi ki, hazırda bununla bağlı konkret nəsə demək çətindir. Qiymət artımının problemlərin həllinə necə təsir edəcəyini zaman göstərəcək: “Hələ bilinmir insanlar taksilərə axın edəcəkmi, bu zaman tıxaclar daha da artacaqmı. Tıxacların daha da artması əlbəttə ki, ictimai nəqliyyata zərbədir, çünki Bakıda işlək avtobus zolaqları yoxdur. Avtobus zolaqlarının çəkilməsi və nəzarət mexanizminin olması ictimai nəqliyyatın təşviqi baxımından çox faydalı olardı. Ümid edirik bu istiqamətdə vacib addımlar atılacaq”.

Keyfiyyət cəhətdən ciddi çətinliyimiz yoxdur

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev dedi ki, ictimai nəqliyyatın ən böyük problemi gecikmələrdir: “Avtobus gec gəldiyi zaman yüklənmə çox olur. Məsələn, 10 dəqiqədə 2 avtobus gəlməlidirsə, 1-i gəlir. Belə olduqda sərnişin sayı da 2 dəfə çoxalır. Bu da sıxlığın yaranmasına və narazılığa səbəb olur. Etiraf etməliyik ki, avtobusların hazırkı texniki vəziyyəti normaldır. Çoxu yeni alınıb, təchizatı yaxşıdır, rahatdır. Daşıyıcı şirkətlər arasında rəqabət olduğu üçün müasir avtobuslar almaq, daha yaxşı xidmət göstərmək səylərini görürük”.

Qiymət artımı texnoloji tərəflərə dəstək ola bilər

Y.Mustafayev bildirdi ki, qiymət artımı fonunda keyfiyyətin yüksələcəyini zənn etmir: “Tıxacda qalmaq, bundan dolayı avtobusların gecikməsi, daha çox sərnişinin avtobusa minməsi, sıxlığın yaranması kimi problemlərin qiymət artımı ilə əlaqəsi yoxdur. İnfrastrukturun təkmilləşdirilməsi, yenilənməsi, avtobus zolaqlarının artırılması, ona mane olacaq hər şeyin ləğv edilməsi və s. uzun prosesdir. Qiymət artımı texnoloji tərəflərə dəstək ola bilər. Məsələn, yayda avtobuslarda kondisionerlərdən daha rahat istifadə edə bilərik. Çünki kondisioner artıq yanacaq sərf edir, əlavə xərcə səbəb olur. Daşınma qiyməti də aşağı olduğu üçün onları işlətmək şirkətlərə sərf etmirdi. Artıq qiymət artımından sonra sərnişinlərin rahatçılığı cəhətdən müəyyən qədər müsbət irəliləyişlər görə bilərik. Amma qiymət artdı, ictimai nəqliyyatda problemlər həll olacaq deyə bir gözlənti real deyil”.

3 ay vaxt lazımdır

Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, qiymət artımından sonra ictimai nəqliyyatın hansısa probleminin həll olunacağından danışmaq hələ ki, çox tezdir: “İctimai nəqliyyatda qiymətlərin dəyişdirilməsinin keyfiyyəti dərhal yüksəldəcəyini düşünmürəm. Bunun üçün 3 ay vaxt lazımdır. İctimai nəqliyyatda çalışan daşıyıcı şirkətlər keyfiyyətin yüksəlməsi ilə bağlı hər hansı bir öhdəlik də götürməyiblər. Onların qarşısına keyfiyyət yüksəlməlidir deyə tələblər qoyulub. Amma məhz qiymət artımı ilə bağlı bu öhdəlik qoyulmayıb. Belə olan halda düşünmürəm ki, daşıyıcılar ictimai nəqliyyatda xidmət səviyyəsinin yüksəldilməsinə həvəs göstərsinlər”.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …