Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Sosial / 1-ci siniflərə qəbul qaydalarının müsbət və mənfi tərəfləri… – ŞƏRH

1-ci siniflərə qəbul qaydalarının müsbət və mənfi tərəfləri… – ŞƏRH

Fevralın 22-dən etibarən Bakıda 2018/2019-cu dərs ili üçün 1-ci sinfə qəbul başlayıb. Martın 12-də bu prosesə Abşeron, Gəncə və Sumqayıtda da start veriləcək. Qəbul həm elektron, həm də alternativ qeydiyyat mərkəzləri yolu ilə aparılır. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək. 

Sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Qaydalara əsasən ümumi təhsil müəssisələrinin I sinfinə 15 sentyabr 2018-ci il tarixinədək 6 yaşı tamam olan, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş 16 sentyabr 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinədək olan dövrdə anadan olmuş və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2018-2019-cu dərs ili üçün birinci sinfə, ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Digər ərazilərdə yaşayan valideynlərin (qanuni nümayəndələrin) uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.Vətəndaşları maraqlandıran məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi facebook səhifəsində 22 fevral-2 mart 2018-ci il tarixlərində I sinfə qəbulla bağlı suallara cavab veriləcək.

Maraqlıdır, bu qaydalar əhalinin xeyrinədirmi? Təyin edilmiş qəbul qaydalarının mənfi və müsbət tərəfləri nələrdir?

Təhsil eksperti Kamran Əsədov hər il elektron xidmətlərin göstərilməsi zamanı ortaya ciddi problemlər çıxdığını dedi:“İlk növbədə qeyd etmək istəyirəm ki, Təhsil Nazirliyi 22 fevraldan etibarən elan etdi ki, Bakı ilə yanaşı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.

2015-ci ildən etibarən Bakı şəhəri üzrə orta məktəblərə sənəd qəbulu online xidmət vasitəsilə həyata keçirilir ki, bu kifayət qədər böyük uğurdur. Belə ki, əvvəllər birinci sinifə qəbul zamanı neqativ hallar baş verirdi. Məktəb direktoru, müəllimlər valideynlərdən əsassız olaraq nələrsə tələb edirdi. Amma indi bu mümkün deyil. Lakin ilk gündən valideynlərin mektebeqebul.edu.az portalına kütləvi şəkildə müraciət etməsi nəticəsində sistem fəaliyyətini davam etdirə bilmədi. Təhsil Nazirliyi məcbur olub, dəyişikliklər etdi. Belə ki, Gəncə və Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən ümumi təhsil müəssisələrinə qeydiyyat 12 mart tarixində başlayacağını bildirdi.

Qeyd etdiyim kimi, elektron xidmətlərin təşkili ilə qəbulun həyata keçirilməsi kifayət qədər müsbət addımdır. Bu zaman valideynlər məktəbi və hətta müəllimi belə seçə bilərlər. Amma hər il elektron xidmətlərin göstərilməsi zamanı ortaya ciddi şəkildə problemlər çıxır. Bu kimi məsələlər yaranmasın deyə aidiyyəti dövlət orqanları qabaqcadan əlbir olaraq problemi həll etməlidir. Bu ildən etibarən tətbiq edilən texniki yeniliklər valideynlərə müəyyən qədər narahatlıq yaradır. Belə ki, qeydiyyatdan keçən zaman valideynlərdən işıq pulu qəbzinin kodu tələb olunur. Bundan başqa elektron xidmətlərdən istifadə edən valideynlər tez qeydiyyatdan keçir, amma bu kimi məsələləri zəif bilənlərin internet imkanları məhduddur və onlar gec qeydiyyatdan keçirlər.

Hesab edirəm ki, son 5 il ərzində Azərbaycan təhsilin ən böyük uğuru məktəbəqədər təhsil və ibtidai siniflərə qəbulun elektron xidmətlər göstərməsi ilə həyata keçirilməsidir. İnanmaq istəyirəm ki, bu proses yaxın zamanlarda bütün ölkə ərazisində tətbiq ediləcək”.

Ekspert 1-ci sinifə şagirdlərin qəbulu zamanı rus bölməsini seçənləri yoxlayıb ondan sonra qeydiyyatdan keçməyə buraxılmasını təklif etdi: “Özü, valideynləri rus dilində bilməyənlər “moda” və ya guya “yüksək səviyyə” xatirinə rus bölməsini seçirlər. İbtidai sinifdə rus bölməsində təhsil alan şagirdlər yuxarı siniflərdə Azərbaycan bölməsinə keçirlər. Çünki proqram çətinləşir və valideyn ev tapşırığı və digər məsələlərdə kömək edə bilmir. Əsas da bilik və bacarıqları fərqli olan şagirdlər eyni sinifdə oxuyanda ortaya bərbad bir mənzərə çıxır. Kimisə rus dilində səlist, sərbəst bilir, kimisi isə rus dili ilə ilk dəfə tanış olur. Məktəb xarici dil öyrədir, daha xarici dili ana dili kimi öyrətmir. İnanıram ki, aidiyyəti qurumlar bunu nəzərə alacaqlar”. (Musavat.com)

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …