Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Əli Kərimli partiyanın adını dəyişib, “Yurd” qoysun…” – Razi Nurullayev

“Əli Kərimli partiyanın adını dəyişib, “Yurd” qoysun…” – Razi Nurullayev

Əli Kərimli partiyasının adını dəyişir? Razi Nurullayev qeydiyyat yubandığına görə məhkəməyə müraciət edib

Razi Nurullayev: “Onu “Yurd”un sədri kimi qəbul edə bilərik”
Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki narazı tərəflər arasında aylardır ki, davam edən söz savaşı səngimək bilmir. Yeni AXCP-nin sədri Razi Nurullayevin əks düşərgənin Ali Məclisinin sədri Həsən Kərimovun vəfatı ilə bağlı yazdığı başsağlığı yeni narazılıq dalğasının başlamasına səbəb olub. 
Yeni AXCP-nin sədrinin başsağlığını partiya rəhbəri kimi yazması əks qanad tərəfindən hiddətlə qarşılanıb. Əli Kərimlinin tərəfdarları R.Nurullayevin özünü AXCP sədri kimi təqdim etməsinə sərt təpki veriblər. Tərəflərin bir-birilərinə olan aqressiyalarının şiddətlənməsinə səbəb Ədliyyə Nazirliyinin AXCP kimi Əli Kərimli qanadını tanımaqdan imtina etməsi, qurultay sənədlərini geri qaytarması və hazırda R.Nurullayevin sənədlərini araşdırmasıdır.
AXCP-nin Kərimli qanadının partiyanın adında dəyişiklik edəcəyi barədə xəbərlər yayılıb. Bu barədə partiya daxilində müzakirələrin getdiyi, yeni ad üzərində məsləhətləşmələrin aparıldığı deyilir. Ədliyyə Nazirliyinin AXCP kimi Əli Kərimli qanadını tanımaqdan imtina etməsindən sonra bu fikrə gəlindiyi bildirilir.
R.Nurullayev bildirdi ki, H.Kərimovun ölümü ilə bağlı nekroloqu insanlıq naminə verib: “İnsanların kədərini, problemini siyasətlə qarşılaşdırmaq etikadan uzaqdır. Bunları siyasiləşdirənlərə səslənirəm ki, insanların kədəri üzərində siyasət qurmaq lazım deyil. Bundan divident qazanmaq olmaz. AXCP sədri kimi başsağlığı verməyimə gəlincə, mən partiya sədriyəm. AXCP qurultayı məni sədr seçib. Hüquqi adımdan nə üçün imtina etməliyəm? Yazdığım nekroloq səmimi sözlərim idi. Uzun illər rəhmətlik Həsən bəyi tanımışam. Nə olub-olmamasından asılı olmayaraq, o ailənin kədərini bölüşmək istədim. Allahdan rəhmət dilədim, bu gün də diləyirəm”.
R.Nurullayev AXCP kimi tanınıb-tanınmaması ilə bağlı bu istiqamətdə gördükləri işlərə də toxundu: “Bu məsələ artıq məhkəmə predmetidir. Qeydiyyatın sürətləndirilməsi ilə bağlı məhkəməyə müraciət etmişik. Yaxın günlərdə bu barədə məlumat alacağıq. Məhkəmənin günü məlum olacaq. Anlaşılmazlıqlar aradan qaldırılmalıdır. Biz bu işlərə inanaraq başlamışıq. Azərbaycan siyasətində yenilik etmək üçün proseslərə qatıldıq. Ədliyyə Nazirliyinin Əli Kərimlinin sənədlərini geri qaytarması, bizdə inam yaratdı ki, haqq yolundayıq. Məhkəmə mərhələsində sənədlərin yoxlanılması gedəcək. Haqq tərəfimizdə olduğuna görə məhkəmə xeyrimizə qərar çıxara bilər. Amma hələlik məhkəmənin yerinə danışa bilmərəm”.
R.Nurullayev Əli Kərimlinin öz partiyasının adını dəyişməyə hazırlaşması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirdi: “Bu gün köhnə siyasətçilər cəmiyyət üçün maraqlı şəxslər deyillər. Bunun üçün onlar hər cür yollardan istifadə edərək, gündəmdə qalmağa cəhd edirlər. Məndə məlumat var ki, Əli Kərimlinin partiyanın adını dəyişməsi müzakirə mövzusudur. Ə.Kərimlinin doğru qərarı o olardı ki, partiyanın adını dəyişib, “Yurd” qoysun. Bu, daha ədalətli olardı. İnsanlar da bunu coşqu ilə qarşılaya bilərlər. Bəlkə bu yolla Əli Kərimli neçə illərdir ki, atmadığı addımı atar. Bununla uzun illərdir ki, göstərdiyi qeyri-səmimiliyi səmimiyyətə çevirə bilər. Onu hər kəs “Yurd” təşkilatının sədri kimi tanıyır. O, AXCP-nin içərisində “Yurd”u yaradaraq, Əbülfəz Elçibəyə qarşı çıxıb. Hər zaman ətrafında olan insanlar “Yurd”dan olan şəxslərdən ibarət olub. Bu baxımdan, partiyasının adını “Yurd” qoyarsa, cəmiyyət tərəfindən qəbul oluna bilər. Biz də onu “Yurd”un sədri kimi qəbul edə bilərik”.
R.Nurullayev Əli Kərimlinin öz partiyasının adını dəyişərsə, hazırda cəmiyyətdə iki adda AXCP-nin olması barədə düşüncələrin davam etməsi ehtimallarından da söz açdı: “Əgər o, partiyasının adına yalnız bir hərf əlavə etsə, təbii ki, bu dartışma davam edə bilər. Amma tamamilə yeni bir ad seçərsə, “Yurd” və ya başqa ad götürərsə, zaman-zaman bu çəkişmələr aradan qalxa bilər. Azərbaycan siyasətində də müəyyən durulma baş verə bilər. Cəmiyyət də bunu düzgün qarşılayar. İki AXCP-nin olması fikri də beyinlərdən tezliklə silinər. Bu gün artıq Ə.Kərimli və onun tipli siyasətçilər beyinlərdən siliniblər. Onlar öz şəxsiyyətlərinə pərəstiş etdirdikləri insanlar tərəfindən qəbul edilir və gündəmə gəlirlər. Amma Azərbaycanda belə siyasətçilər yoxdur. Bundan sonra da olmayacaqlar. Cəmiyyətin hər bir üzvü onların uğursuzluğundan yorulub. Yeni simaların cəmiyyətə gəlməsini hər kəs gözləyir. Millət üçün Ə.Kərimliyə yeni bir şansın verilməsinin önəmi yoxdur. Onun siyasətdə olması 20 ilin üzərindədir. 15 ildir ki, partiya sədridir, ondan qabaq da Əbülfəz Elçibəyin müavini olub, onun arxasınca iş çevirib. Bu illər ərzində onun fəaliyyətinin nəticəsi yoxdur. İnsanlarla son təmaslarımdan sonra anladım ki, xalq Əli Kərimli və bu kimi siyasətçiləri 10 il öncədən silib. Bu günə qədər onları bağışlamayıblar, bundan sonra da bağışlamayacaqlar. Buna görə də, xalq onların təşkil etdikləri mitinqlərə qoşulmurlar. Onlar özləri deyib, özləri eşidirlər. Deyəcəkləri yeni sözlərin faydası da yoxdur”.
musavat.com

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın