Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Əli Abbasov və həbs olunan rabitəçi məmurlar YAP-dan çıxarılır

Əli Abbasov və həbs olunan rabitəçi məmurlar YAP-dan çıxarılır

Hüseyn Paşayev: “Həmin şəxslərin YAP-ın üzvü adını daşımağa mənəvi haqları yoxdur, təcili surətdə YAP-ın sıralarından azad olunacaqlar”

Prezident İlham Əliyev rabitə nazirini işdən qovduqdan sonra ilk dəfə olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verənlərdən danışdı. Nazirlər Kabinetinin 2015-ci ilin yekunları ilə bağlı müşavirəsində prezident bəyan etdi ki, bu nazirlikdə həyata keçirilmiş qanunsuzluqlar sıradan bir cinayət hadisəsi yox, ağır cinayətdir, dövlətə xəyanətdir. 
Xatırladaq ki, ötən ilin oktyabr ayının 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra paralel olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) də həbslər həyata keçirildi. Nazirliyin yüksək rütbəli əməkdaşları, o cümlədən, aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov həbs olundular.
Hələ o zaman nazir vəzifəsində işləyən Əli Abbasovun israrla həbs edilənləri müdafiə etməsinə baxmayaraq, tezliklə saxlanılanların çevrəsi daha da genişləndi. İlkin araşdırmalar göstərdi ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi geniş vüsət alıbmış.
Noyabrın 12-də dövlət başçısının sərəncamına əsasən, YAP Siyasi Şurasının üzvü olan Əli Abbasov da nazir vəzifəsindən kənarlaşdırıldı. Bir neçə gün sonra YAP-ın daha bir “ağır top”u, partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri, “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədov barəsində də həbs-qətimkan tədbiri seçildi.
“Yeni Müsavat”ın 13 yanvar sayında prezidentin qəti mövqeyindən dərhal sonra Əli Abbasovun digər adıkeçən sabiq məmurların YAP Siyasi Şura üzvlüyündən uzaqlaşdırılmasının gündəmə gəldiyi xəbər verilib.
Xəbəri dəqiqləşdirmək üçün YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevlə əlaqə saxladıq.
H.Paşayev “Yeni Müsavat”a bildirdi ki, prezident İlham Əliyevin Naizrlər Kabinetinin son müşavirəsindəki çıxışı, orada səsləndirdiyi fikirlər hər bir Azərbaycan vətəndaşının mövqeyinin vahid mərkəzdən ifadə olunmasıdır və hər kəsin ürəyindən gələn fikirlər idi: “Vəzifədən çıxarılan və həbs olunanlarla bağlı da cənab prezidentin fikirləri son dövrlər cəmiyyətdə, KİV-də müzakirə olunan məsələdir. “Yeni Azərbaycan” Partiyası həmin hadisələrdən dərhal sonra mövqeyini bəyan etmişdi ki, həmin şəxslərin cinayəti təsdiq olunarsa, həmin adamlar partiyanın sıralarında qala bilməzlər. Biz hesab edirik ki, dövlət başçısı səviyyəsində bu məsələyə həm hüquqi, həm də mənəvi qiymət verildi. Həmin şəxslər dövləti cinayətdə ittiham olunurlar və biz də hesab edirik ki, belə şəxslər “Yeni Azərbaycan” Partiyasının sıralarında qala bilməzlər. Ən azından, onların “Yeni Azərbaycan” Partiyasının üzvü adını daşımağa mənəvi haqları yoxdur. Onlar təcili surətdə YAP-ın sıralarından azad olunacaqlar”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın